Azərbaycanda avtomobillərin sayı sürətlə artır, lakin artımın təxminən yarısını 20 ildən çox yaşı olan köhnə nəqliyyat vasitələri təşkil edir. Rəsmi məlumatlara görə, ölkədəki 1 milyon 950 mindən çox avtomobilin 885 683-ü artıq 20 ildən çoxdur istehsal olunub.
Bəs avtomobil parkında hələ də köhnə maşınların üstünlük təşkil etməsi nəyi göstərir və onların mərhələli şəkildə dövriyyədən çıxarılması üçün hansı tədbirlər görülə bilər?
Qaynarinfo-nun suallarını cavablandıran nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu vəziyyətin bir neçə səbəbi var:
"Ölkəmizin avtomobil parkı 2015–2016-cı illərdə manatın devalvasiyasından sonra sürətlə köhnəlməyə başladı. O dövrdə dollara nisbətən manatın kursu düşdüyü üçün yeni avtomobillərin qiymətləri əhəmiyyətli dərəcədə artdı. Məsələn, 19 000 manata satılan avtomobilin qiyməti 30 000 manata qədər bahalaşdı. Nəticədə insanlar yeni avtomobil almaq əvəzinə köhnə avtomobil almağa üstünlük verdilər. Bundan əlavə, yeni avtomobil almaq istəyən vətəndaşlar üçün kredit şərtləri hələ də əlverişli deyil. Hətta yüksək maaş alan şəxslər belə kreditlə yeni avtomobil ala bilmir".
Həmsöhbətimiz qeyd edib ki, dövlət bu problemləri də nəzərə alaraq, avtomobil parkının yenilənməsi üçün stimullaşdırıcı tədbirlər gördü:
"Ölkəyə idxal olunan ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri gömrük və vergidən müəyyən rüsumlarla azad edildi, yaşı 10 ildən artıq olan avtomobillərin ölkəyə idxalına isə məhdudiyyət qoyuldu. Bu addımlar nəticəsində avtomobil parkının köhnəlməsinin müəyyən dərəcədə qarşısı alındı. Köhnə avtomobillərin mərhələli şəkildə dövriyyədən çıxarılması üçün dövlət tərəfindən utilizasiya proqramı qəbul olundu və Utilizasiya Fondu yaradıldı. Artıq vətəndaşlar könüllü şəkildə avtomobillərini utilizasiyaya verə bilirlər".
Eldəniz Cəfərov əlavə edib ki, 2026-cı il yanvarın 1-dən idxal olunan yeni ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinə tətbiq olunan güzəştlərin ləğv olunması gözlənilir:
"Əgər bu baş verərsə, hibrid və elektromobillərin qiyməti ən azı 20 faiz bahalaşacaq və bu, ölkə daxilindəki avtomobil qiymətlərinə də təsir edəcək. Nəticədə insanlar yenidən köhnə avtomobillərə üstünlük verməyə başlaya bilər. Düşünürəm ki, güzəştlər ləğv edilməsin və avtomobil parkının köhnəlməsinin qarşısını almaq üçün tədbirlər ən azı 3 il daha davam etsin, bu, ölkədə avtomobil parkının müasirləşdirilməsi üçün daha effektiv olar".
Günay İlqarqızı
Şərhlər