İdman 09:25 22.05.2022

Avropa çempionatı: Azərbaycanın olimpiya çempionu mübarizəyə başlayır

Azərbaycanın daha üç taekvondoçusu bu gün Böyük Britaniyanın Mançester şəhərindəki Avropa çempionatında mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, yarışın sonuncu günündə 74 kq çəki dərəcəsində çıxış edən Eltac Qafarov 1/16 final mərhələsində estoniyalı Kunter Stroom Karlla üz-üzə gələcək.

Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi olan 87 kq-dakı Radik İsayev 1/4 finalda Cem Ünlüsoy (Almaniya) - Erik Farmakas (İsveç) cütünün qalibi ilə görüşəcək.

Qadın taekvondoçulardan 57 kq-da yer alan Fatimə Məcidova 1/16 finalda italiyalı Giada Al Halvani ilə qarşılaşacaq.

Bu gün həmçinin Azərbaycanın bir parataekvondoçusu da qüvvəsini sınayacaq. 63 kq-dakı Sadiq Həmidovun ilk rəqibi özbəkistanlı Zukhriddin Tokhirov olacaq. Parataekvondo üzrə Avropa çempionatı digər qitələr üçün də açıqdır.

Qeyd edək ki, Azərbaycan yarışda 13 taekvondoçu və 5 parataekvondoçu ilə təmsil olunur. Daha əvvəl parataekvondoçulardan 70 kq-dakı İmaməddin Xəlilov gümüş, 58 kq-dakı Sabir Zeynalov bürünc medal əldə edib. Digərləri qitə çempionatını medalsız başa vurub.