Xəbər lenti

Az şans qazandığı “Zirə”dən razı qalan Alxasov: “Peşman deyiləm”
İdman 11:56 11.08.2023

Az şans qazandığı “Zirə”dən razı qalan Alxasov: “Peşman deyiləm”

Ötən gün "Zirə” Slavik Alxasovla yolları ayırdı. 30 yaşlı cinah müdafiəçisinin karyerasının hansı klubda davam etdirəcəyi hələ konkretləşməsə də, "Turan Tovuz”la ilkin razılıq əldə olunub. Yaxın günlərdə bu müqavilənin rəsmiləşəcəyi gözlənilir. Düzdür, qəsəbə təmsilçisi Alxasovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini elan edib. Bəs həqiqi səbəblər nədir? 

Futbolçu ötən ilin yayında transfer olunduğu "Zirə”ni hansı səbəbdən tərk etdiyini Qaynarinfo-ya açıqlamasında bildirdi:

"Zirə” ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozdum. Oynamaq istəyirdim, konkret təklif gəldi, rəhbərliklə danışdım. Sağ olsunlar, mehriban şəkildə ayrıldıq. Həm rəhbərliklə, həm məşqçilərlə münasibətlərim çox yaxşı idi. Baş məşqçi ilə danışıqlar zamanı, təklif olarsa, gedəcəyimi bildirmişdim. Təlim-məşq toplanışı başlamazdan əvvəl bir neçə təklifim vardı. Gözlədim, qismət elə oldu ki, indi ayrıldıq. Daha çox oynamaq şansı qazanmaq istədiyim üçün klubdan getdim. Bu başadüşüləndir, futbol həyatı belədir ki, oynamadınsa, darıxırsan. Ona görə də heç bir problem yaşamadan ayrıldıq”.

Alxasov "Turan Tovuz”la anlaşdığını və onların məvacib təklifinin qaneedici olduğunu bildirdi. O, başqa klubdan da təklif aldığını açıqladı: 

"Turan Tovuz” və "Araz-Naxçıvan”dan təkliflər vardı. Bəzi başqa klublarla da danışmışdım, amma alınmadı. 99 faiz "Turan Tovuz”la anlaşmışam. Yəqin ki, müqavilə bağlayacağıq. Tovuz klubunun maaş təklifi məni qane edir. Hər halda qane etməsəydi, razılaşmazdım”.

Karyerası ərzində bir sıra iddialı klubların formasını geyinmiş Slavik fiziki durumunun qaydasında olduğunu da bildirdi:
 


"Bəli, "Sabah”, "Xəzər Lənkəran”, "Sumqayıt” kimi klublarda oynamışam. Getdiyim yerlərdə əsas heyət üzvü olaraq meydana çıxmışam. Fiziki durumumda eniş hiss etmirəm, əksinə, həvəsliyəm. "Zirə”də dörd ay müddətində oynamadım. Amma yoldaşlıq görüşlərində, həmçinin Türkiyədə keçirilən təlim-məşq toplanışında şans verildi. Sadəcə, daim şans qazanmadığım üçün komandanı dəyişmək qərarına gəldim. Oynamayanda özümü yaxşı hiss etmirdim. "Zirə”yə getdiyimə görə peşman deyiləm. Hərənin öz komandası var. Bir qədər mənə uyğun gəlmədi. Heç kimdən narazı deyiləm, sağ olsunlar. Hər yerdə hörmət ediblər. İndən belə daha bir neçə il də oynamaq istəyirəm. Gücüm var, "Zirə”nin məşqlərində çalışqanlığımı görürdülər. 90 dəqiqə necə oynamışam, hamısı göz qabağındadır. Sağ olsun Ayxan müəllim, dəvət etdi. Məni tanıyır, bundan sonra da əlimdən gələn köməyi əsirgəməyəcəyəm. "Turan Tovuz” köhnə komandalardandır. Kiçik yaşlarımdan onların oyunlarını izləyirdim. Heç bir rəqib "Turan Tovuz”a qarşı asan oynamayıb. İddialıdır, legionerlər cəlb olunub. Hər yerdə nəticə verən məşqçiləri var. Onun etimadını doğrultmağa çalışacağam”.

Müdafiəçi sabiq klubunun ötən mövsümkü çıxışı, son anda "Qəbələ”yə uduzaraq avrokuboklara vəsiqə qazanmaq şansından məhrum olmasının səbəbləri haqda bunları söylədi:

"Zirə” həmişə iddialı, avrokuboklara vəsiqə, medallar uğrunda oynayan komanda olub. Keçən il uğursuluq yaşadılar, avrokuboklara vəsiqə qazana bilmədik. Udmalı olduğumuz bəzi oyunlarda məğlubiyyətlə üzləşdik. Boş yerə xallar itirdik. Bu il onlara yalnız uğurlar arzulaya bilərəm. Artıq "Zirə”nin oyunçusu olmadığım üçün başqa sözlər deyə bilmərəm. Medallar uğrunda oynayacaqlar. Köhnə komanda yoldaşlarıma, məşqçilər korpusuna yalnız uğurlar arzulayıram. Mövsümü zədəsiz başa vursunlar”.

O, müqavilə bağlamaq istədiyi, "Turan Tovuz”un perspektivi ilə bağlı bunları söylədi:

"Yaxşı komanda kimi görürəm. Baş məşqçini çoxdan tanıyıram və nəyə qadir olduğunu bilirəm. Ona görə də razılıq verdim. Yerli transferlərdən Sərtan Taşkın, Fərid Nəbiyev yaxşı oyunçulardır. Fərid keçən il "Kəpəz”dəki performansı ilə yadda qaldı. Xoşuma gələn futbolçulardandır. Sərtanla həm "İnter”, həm "Keşlə”, həm də "Zirə”də birlikdə oynamışam. Onu da bəyənirəm. Legionerləri tanımıram. Digər yerlilər Şəhriyar Əliyev, Tərlan Quliyev, Kamal Bayramov və bir çoxları ilə tanışam. Öz uşaqlarımızdır, inşallah mənim üçün çətinlik olmayacaq. Bilirəm ki, yaxşı komanda qurmaq istəyirlər”.

Səbuhi Həsənov 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->