UNEC Azərbaycan və Türkiyə ali təhsil müəssisələri
arasında "Keyfiyyət təminatında təcrübə mübadiləsi” adlı beynəlxalq hibrid
formada keçirilən vebinara ev sahibliyi edib.
UNEC-dən APA-ya verilən məlumata görə, tədbirdə Türkiyənin
Hacəttəpə, Boğaziçi, Ankara, İstanbul və Yıldız Teknik universitetləri ilə
yanaşı, Azərbaycanın 22 ali təhsil müəssisəsinin keyfiyyət təminatı mərkəzlərinin
rəhbərləri iştirak ediblər.
Vebinarın
açılışında UNEC-in Rəqəmsallaşma üzrə prorektoru dosent Raqif Qasımov tədbirin əhəmiyyətindən
danışıb. Bildirib ki, məqsəd keyfiyyət təminatı istiqamətində beynəlxalq və
yerli təcrübənin paylaşılmasıdır. UNEC-də keyfiyyət təminatı modelinin 2015-ci
ildən tətbiq olunduğunu diqqətə çatdıran prorektor, vebinarda paylaşılacaq təcrübənin
ali təhsil müəssisələrində keyfiyyət təminatı modelinin qurulması və təkmilləşdirilməsi
istiqamətində faydalı olacağını diqqətə çatdırıb.
Sonra
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin şöbə müdiri Asiman İlyasov
"Qanunvericilikdə ESG” mövzusunda təqdimatla çıxış edib. A.İlyasov təhsil müəssisələrinin
akkreditasiya qaydaları, bu istiqamətdə tətbiq olunan normativ-hüquqi aktları –
ali təhsil pilləsi üzrə dövlət standartları, dövlət təhsil strategiyası, təhsil
proqramları barədə ətraflı məlumat verərək, standartları təhlil edib.
Vebinara
onlayn olaraq qatılan Hacəttəpə Universitetinin professoru Maviş Emel Kulak
Kayıkcı "Ali təhsildə tələbə mərkəzli keyfiyyət təminat sistemi” mövzusunda
danışıb və bu istiqamətdə Hacəttəpə Universitetinin təcrübəsini paylaşıb.
Yıldız
Teknik Universitetinin keyfiyyət müdiri Recep Başak keyfiyyət təminatı sistemi
çərçivəsində təmsil etdiyi universitetin nümunəsində "İnstitusional Daxili Qiymətləndirmə
Hesabatının hazırlanması prosesi” barədə geniş təqdimatla çıxış edib.
Vebinar
Ankara Universitetinin Akademik dəyərləndirmə, akkreditasiya və keyfiyyət
kondinatoru Prof.Dr.Alı Sınağın "Türkiyədə ali təhsilin dəyişən strukturu və
Ankara Universitetinin Keyfiyyət təminatı modeli” mövzusunda çıxışı ilə davam
edib. O, təqdimatında keyfiyyətin təminatı modelinin yaradılması, yaranan
problemlər və onların aradan qaldırılması yollarını açıqlayıb.
Vebinarın
ikinci hissəsində Boğaziçi Universitetindən Dr. Gözde Erhan Ünal "Ali Təhsildə
Keyfiyyət Təminatı və Boğaziçi Universiteti nümunəsi”ni iştirakçılarla
paylaşıb.
Sonra
tədbirin təşkilatçısı, UNEC-in Tədrisin keyfiyyətə nəzarət şöbəsinin müdiri
dosent Sevda Sərdarova "UNEC-in keyfiyyət təminatı modeli” barədə məruzə edib.
O, UNEC-in daxili keyfiyyət təminatı, tərtibi, tətbiq olunan standartlar, tələbəyönümlü
təlim-tədris, davamlı inkişaf barədə geniş məlumat verib.
Türkiyənin
İstanbul Universitetindən Prof.Dr. Eray Yurtseven "Ali təhsildə keyfiyyət təminatı
və İstanbul Universiteti nümunəsi” və təmsil etdiyi universitetin keyfiyyət təminatı
sistemi ilə bağlı fəaliyyət planı barədə danışıb.
Vebinarda
mövzu ilə bağlı suallar cavablandırılıb, qarşılıqlı müzakirələr aparılıb.
Şərhlər