Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib. Proqram çərçivəsində qarşıdakı dörd il ərzində sektora 5,3 milyard manat investisiyanın cəlb edilməsi, bu sahənin ÜDM-ə və ixrac potensialına töhfəsinin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur.
Qaynarinfo-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirli proqramın əsas məqsədinin təkcə mineral ehtiyatların hasilatı və ixracı deyil, daha böyük iqtisadi dəyərin yaradılması olduğunu bildirib:
“Cənab Prezidentin keçirdiyi son müşavirədə bu məsələyə əslində kifayət qədər detallı məsələlərə toxunuldu. Əsas məqamları mən xüsusi vurğulamaq istərdim ki, bu proqramın əsas məqsədi sadəcə olaraq, bu sənayeyə aid olan mineral ehtiyatları hasil etmək və ixrac etmək deyildir, daha böyük dəyər yaratmaq, yəni, hasil edilmiş məhsullardan emal və istehsal proseslərini təşkil edərək, onlardan, daha böyük iqtisadi dəyər yaratmaqdır və bununla da ixrac potensialını genişləndirməkdir”.

İqtisadçının sözlərinə görə, əsas məsələ filizi çıxarıb satmaq yox, emal proseslərindən keçirməkdir:
“Hazırda qarşıdakı dörd il ərzində bu sektora 5,3 milyard manat investisiyanın cəlb olunması nəzərdə tutulur ki, bunun da 80 faizi qeyri-büdcə mənbələri hesabına formalaşmalıdır. 2030-cu ilə qədər isə ÜDM-ə töhfəsi 700 milyon manatdan 1,8 milyard manata çatmalıdır. Və təbii ki, belə olan halda ixrac potensialı da artacaq.
Rəsmi məlumatlara görə, ixrac potensialı 1,3 milyard manatdan 3,4 milyard manata qədər artacaq. Düşünürəm ki, burada əsas dəyişiklik sadəcə rəqəmlər üzərində deyil, qeyd etdiyim kimi, filizi çıxarıb satmaq yox, emal proseslərindən keçirməkdir”.
Eldəniz Əmirov hesab edir ki, proqramın qiymətləndirilməsində əsas göstəricilərdən biri ölkə daxilində yaradılan əlavə dəyər olmalıdır:
“Proqramın özündən kənara çıxaraq mən bir neçə məsələni qeyd etmək istəyirdim. Birinci məsələ odur ki, gələcəkdə hədəf olaraq filizin çıxarılıb nə qədər ixrac edilməsi deyil, ölkə daxilində yaradılan əlavə dəyərdir. İkincisi, bu investisiyanın yerli iqtisadiyyatda qalma məsələsidir. Çünki bu investisiya yerli iqtisadiyyatda qaldığı zaman multiplikativ effektlə iqtisadiyyatın ayrı-ayrı sahələrinə töhfə verə bilir. Üçüncüsü, bu layihənin effektivliyi eyni zamanda düşünürəm ki, konkret bir indikatorlar şəklində özünü büruzə verərsə, bu bir təcrübə ola bilər və digər sektorlarda da emal və istehsal proseslərinin stimullaşdırılması üçün önəmli ola bilər. Dördüncü faktor, mineral ehtiyatlar bilirsiniz ki, tükənən sərvətdir. Buna görə də bu sahədən əldə oluna biləcək gəlirin bir hissəsi insan kapitalına, texnologiya və gələcəkdə yaradılacaq digər istehsal sahələrinə düşünürəm ki, çevrilməsi çox önəmlidir”.
Günay İlqarqızı
Şərhlər