Ölkə 14:27 28.01.2023

Azərbaycan gəncinin İranda səfirliyimizə hücum zamanı göstərdiyi qəhrəmanlıq...

(Yazı "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusu üzrə hazırlanıb)

Dünən Azərbaycan gəncinin İranda Azərbaycan səfirliyinə hücum zamanı əliyalın şəkildə terrorçunun qarşısına çıxıb, özünü sipər edərək, bir çox insanı faciədən qurtarması bir daha Azərbaycan vətəndaşının, gəncinin milli mənlik şüurunun, vətənpərvərliyinin ən gözəl nümunələrindən biri oldu.

Məhz bu igidlik həm azərbaycan xalqının, həm də gəncinin xarakterstik xüsusiyyəti, onun qorxmazlığının, gücünün bariz nümunəsi idi.
Lakin Azərbaycan gənci həm də öz elmi, savadı ilə dünyaya meydan oxumağa davam edir…

Bu gün qloballaşan dünyada gənc nəsil fərqlənərək öz sözünü deyir.

21-ci əsrin Azərbaycan gənci də bu tendesiyadan geri qalmır. 

Lakin Azərbaycan xalqı milli adət-ənənələrə, dəyərlərə sadiq qalmağı sevir. Yəni həyat tərzi də, vətənpərvərlik hissləri də, milli mənlik şüurunun inkişaf etdirilməsi də ənənəvilik çərçivəsində həyata keçirilir. Daha doğrusu, yaşlılar bunu təlqin edir.

Lakin gəncliyimiz bununla kifayətlənmir. Yüksək təhsili, intelektual biliyi və təsir dairəsi ilə səsi dünyanın dörd bir tərəfindən gələn gəncliyimiz Azərbaycanın adını zirvələrə daşıyır, bayrağını ucaldır.

Azərbaycan gəncliyinin inkişafını son dövrlərlə məhdudlaşdırmaq doğru olmaz. 

Hələ 1990-cı illərdə Azərbaycanın dövlət müstəqilliyi qazanmasında gənclərimizin rolunun böyük olduğu danılmazdır. Milli Azadlıq Hərkatında minlərlə gənc Azərbaycan Respublikasının SSRİ-nin tərkibindən çıxarılmasına çalışıb və bunun üçün meydanlara axışıb. Günlərlə, aylarla mitnq və piketlər keçirib. 

Daha sonra Birinci Qarabağ müharibəsi zamanı gənclərimizin göstərdiyi şücaət böyük bir fakt kimi tarixə düşdü. 

Azərbaycan müstəqillik əldə edəndən sonra isə hər sahədə olduğu kimi gənclərlə siyasətdə də böyük yeniliklər oldu. Onlara istər ölkə, istər xaricdə yüksək səviyyəli təhsili üçün şərait yaradıldı. 

Lakin təhsilli, müasir Azərbaycan gənci öz aldığı tərbiyədən, soy-kökünə bağlılıqdan dönmədi.

Bunun böyük nümunəsi isə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı onların göstərdiyi şücaət idi. 30 il düşmən tapdağından qalan vətənimizin bir hissəsi əksəriyyətini gənc nəslin nümayəndəsi təşkil edən müzəffər ordumuz tərəfindən azad edildi. 3000-dən çox şəhid verən Azərbaycan xalqı, bu mübarizədən üzü ağ, alnıaçıq çıxdı.  

Vətənpərvərlik hissi yalnız döyüş meydanında deyil, gündəlik həyatımızda da özünü büruzə verməlidir.

Elə məhz buna görə də həm 44 günlük savaş zamanı, həm də ondan əvvəl və indiki dövrdə gənclik həm də informasiya meydanında düşmənə qan uddurdu desək, yanılmarıq. Müharibə dövründə sosial media hesablarında yaradılan müxtəlif həştəqlər vasitəsi ilə Azərbaycan həqiqətləri dünyaya çatdırıldı, gənclərimiz, yaşadığı, təhsil aldığı müxtəlif ölkələrdə dinc aksiyalar keçirərək erməni yalanlarına qarşı mübarizə apardı. Onlar öz işlərini məsuliyyətlə görməklə həm də vətənpərvərliklərini sübut etmiş oldu.

Ümumiyyətlə, gəncliyi xarakterizə etsək, birinci onu qeyd etməliyik ki, onlara aşılanan hər şey ilk növbədə ailədən, onun həmin gəncə verəcəyi tərbiyədən yönəltdiyi istiqamətdən asılıdır.

Ailədə övlada verilən tərbiyənin təməli düzgün qoyularsa, insanın kənar təsir altına düşməsi ehtimalı lap az olur. Gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi həm də Azərbaycanın gələcəyi anlamındadır.

Xüsusilə XXI əsr reallığından, informasiyasından  gedir, bu reallıqda gənclər ilk növbədə vətənpər, peşəkar, böyük dünya görüşünə malik, milli mənəvi dəyərlər ruhunda tərbiyə almış, xarici dilləri bilən, müasir informasiya texnologiyalarından başı çıxan olmalıdır və ilk növbədə dövlətinə və dövlətçiliyinə xidmət etməlidir. Lakin tərbiyə təkcə ailədən gəlmir, məktəblər, ali təhsil ocaqları onlara təhsil ilə bərabər təlim-tərbiyə aşılamalıdır. Cəmiyyət hər bir gəncin fərd olaraq yetişməsində birgə fəaliyyət göstərməlidir.

Universiteti bitirən gənclərin işsiz qalmaması, yararlığının artması üün yeni iş yerləri yaradılmalı, onlar işlə təmin edilməlidir. 

Milli mənlik şüuru inkişaf edən, vətənpərvərlik hissləri yüksək səviyyədə tərbiyə olunan gənc nəslin formalaşması gələcəkdə onların dövlətimizin və xalqımızın etimadını layiqincə doğruldacağı inamını da yaradır. Bu cür gənclər dövlətimizin gücünü də artırırlar.

Günay İlqarqızı

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.