XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Bahalı robot tozsoranları gömrükdə ucuz göstərdilər - Höküm oxundu
Ölkə19:19 03.10.2026

Bahalı robot tozsoranları gömrükdə ucuz göstərdilər - Höküm oxundu

Rusiyadan Azərbaycana 147 min manatdan çox dəyərində robot tozsoranları gətirərək gömrükdə ucuz mallarla əvəz etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 1981-ci il təvəllüdlü Goranboy rayonunun Tapqaraqoyunlu kənd sakini S.D. və 1976-cı il təvəllüdlü Bakı şəhər sakini Elşən Zeynalov Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə təqsirləndirilib.

İttihama görə, S.D. və Elşən Zeynalov digər şəxslərlə əvvəlcədən əlbir olaraq Rusiyadan gətirilən bahalı robot tozsoranların gömrükdə ucuz mallar kimi rəsmiləşdirilməsini təşkil ediblər.

Məhkəmə müəyyən edib ki, ümumilikdə 122 ədəd robot tozsoranın real dəyəri 147 766 manat olub. Lakin həmin mallar gömrükdə cəmi 5 336 manat dəyərində “Arsi” markalı tozsoranlar kimi bəyan edilib.

Daha sonra malların bir hissəsinin Qobustan qəsəbəsi ərazisində daha ucuz “Samsung”, “Bosch” və “Silver SL” markalı tozsoranlarla dəyişdirildiyi müəyyənləşib. Əvəzlənən malların ümumi dəyəri isə 26 149 manat təşkil edib.

Məhkəmə araşdırması zamanı şahid ifadələri, telefon danışıqları, “WhatsApp” yazışmaları və mobil anten məlumatları da sübut kimi qiymətləndirilib.

Məhkəmə hər iki şəxsi ittiham olunduqları maddə üzrə təqsirli bilib. S.D.-yə 6 il, Elşən Zeynalova isə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Lakin məhkəmə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək hər iki şəxsin cəzasını 1 il sınaq müddəti ilə şərti hesab edib.

Onların üzərinə yaşayış və iş yerini daimi nəzarət orqanına məlumat vermədən dəyişməmək, həmçinin çağırışlar üzrə həmin orqana gəlmək vəzifəsi qoyulub.

Aydın