Xəbər lenti

Azərbaycan neftinin ən iri idxalçıları məlum oldu
Ekonomiks 21:42 15.07.2026

Azərbaycan neftinin ən iri idxalçıları məlum oldu

Cari ilin yanvar–iyun aylarında Azərbaycan neftinin ən böyük idxalçıları açıqlanıb.

Trend-in Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycan neftinin ən böyük üç idxalçısı sırasında birinci yeri İtaliya (3,495 milyard ABŞ dolları dəyərində 5,915 milyon ton) tutur. Sonrakı yerlərdə Çexiya (497,4 milyon ABŞ dolları dəyərində 705,8 min ton) və Bolqarıstan (253,1 milyon ABŞ dollarından çox dəyərində 358,8 min ton) qərarlaşıb.

Cədvəldə 2026-cı ilin yanvar–iyun aylarında Azərbaycandan ixrac edilən xam neft və neft məhsullarının 10 ən böyük idxalçısı göstərilib.


Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycandan dünya ölkələrinə 6,231 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 10,125 milyon ton xam neft və neft məhsulları ixrac olunub.

Qurumun məlumatına əsasən, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 178 milyon ABŞ dolları və ya 2,8 faiz, həcm ifadəsində isə 1,921 milyon ton və ya 15,9 faiz azalıb.

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Naziri Edmondo Çirielli Trend-ə verdiyi özəl müsahibədə bildirib ki, yüksək səviyyəli məhsuldar siyasi dialoq çərçivəsində ikitərəfli əməkdaşlığın dərinləşməsi fonunda İtaliya ilə Azərbaycan arasında tərəfdaşlığın daha da genişləndirilməsi, eləcə də strateji neft-qaz sektorundan kənarda iqtisadi qarşılıqlı fəaliyyətin şaxələndirilməsi üçün əlverişli zəmin mövcuddur.

O bildirib ki, Dövlət Neft Fondunun (SOFAZ) İtaliyada investisiya imkanlarından istifadə etməyə göstərdiyi marağı alqışlayır və Azərbaycan şirkətləri və investisiya fondları tərəfindən ölkəsinə yönələcək gələcək investisiyalara müsbət yanaşırlar.

Çirielli həmçinin qeyd edib ki, Cənub Qaz Dəhlizi həm İtaliya, həm də Avropa İttifaqı üçün strateji əhəmiyyətli infrastrukturdur.

"Xüsusilə Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra Azərbaycan qazının tədarükü Avropanın enerji təhlükəsizliyi və Rusiya qazından imtina prosesinin dəstəklənməsi baxımından kritik əhəmiyyət kəsb edib. 2020-ci ildə istismara verildiyi vaxtdan Transadriatik Qaz Kəməri (TAP) artıq İtaliyaya 40 milyard kubmetrdən çox Azərbaycan qazı nəql edib ki, bu da Bakını ölkəmizin ikinci ən böyük qaz tədarükçüsünə çevirib”, – deyə o vurğulayıb.

Qeyd edək ki, mayın 4-də İtaliyanın Baş naziri Corcia Meloninin Azərbaycana səfərinin yekunları ilə bağlı "X" sosial şəbəkəsində paylaşdığı açıqlamada İtaliyanın Azərbaycanla uzunmüddətli strateji tərəfdaşlığı daha da möhkəmləndirmək niyyətində olduğunu bildirib.

"Məqsəd enerji, təhlükəsizlik, əlaqəlilik, investisiyalar və siyasi dialoq sahələrində Azərbaycanla artıq mövcud olan əməkdaşlığı daha da gücləndirmək və onu mərhələli şəkildə xalqlarımız üçün konkret imkanlara çevirməkdir. Dünyada mürəkkəb proseslərin yaşandığı bir dövrdə etibarlı tərəfdaşlıqlar xüsusi əhəmiyyət kəsb edir. İtaliya ilə Azərbaycan arasındakı münasibətlər məhz belə tərəfdaşlıqlardan biridir", – deyə o yazıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->