Xəbər lenti

Tikinti sahəsində özəl sektorun qiymətlərə təsiri - Ekspert nə məsləhət görür?
Ekonomiks 16:16 15.07.2026

Tikinti sahəsində özəl sektorun qiymətlərə təsiri - Ekspert nə məsləhət görür?

Bakı və ölkədəki tikinti sahəsində özəl sektorun payı daha çoxdur. Bakı şəhər Statistika İdarəsinin açıqladığı statistik göstəricilərdə də qeyd olunub ki, bu ilin yanvar-may aylarında Bakı şəhərində yerinə yetirilmiş inşaat işlərinin 86,2 %-i, ölkə üzrə isə 87,8 %-i özəl sektorun payına düşüb.

Bəs tikinti sahəsi dövlət və özəl sektor arasında necə bölüşdürülməlidir?

Qaynarinfo-ya açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, Bakıda inşaat işlərinin təxminən 86,2 faizinin özəl sektorun payına düşməsi tamamilə normal statistikadır:

"Dövlət yalnız sosial layihələrin icrasında və tikinti sektorunun ümumi fəaliyyətinin tənzimlənməsi istiqamətində aktiv rol oynaya bilər. Amma bütövlükdə, bütün dünyada olduğu kimi, tikinti işləri əsasən özəl sektor tərəfindən həyata keçirilir".
 


Tikinti sektorunda özəl şirkətlərin daha çox üstünlük təşkil etməsinin əmlak bazarındakı qiymətlərə təsirləri haqqında danışan həmsöhbətimiz vurğulayıb ki, qiymətləri bazar müəyyən edir:

"Əksinə, monopoliya və rəqabətin olmadığı mühit qiymətlərin bahalaşmasına səbəb olan əsas amillərdən biridir. Yəni özəl sektorun aktiv olması qiymətlərə təsir edən amil kimi qiymətləndirilməməlidir. Dövlət tikinti işlərini tamamilə özü həyata keçirsə belə – hərçənd dünyada belə bir təcrübə yoxdur – yenə də qiymətlər yüksək olacaq. Çünki tikinti qiymətlərinin bahalılığı tikinti xərcləri ilə bağlıdır.

Bu, tələb və təklif arasındakı elastiklikliklə bağlıdır. Tələbin yüksək, təklifin isə aşağı olması, torpaq qiymətlərinin bahalaşması, inflyasiya, makroiqtisadi göstəricilər, manatın alıcılıq qabiliyyəti, urbanizasiya prosesi, yəni Azərbaycanın müxtəlif bölgələrindən şəhərlərə miqrasiyanın artması, ipoteka imkanları, işçi qüvvəsinin əməkhaqlarının yüksəlməsi və digər amillər tikinti qiymətlərinin artmasına səbəb olur. Yəni tikinti qiymətlərini artıran əsas səbəblər bunlardır".



Vüqar Oruc vurğulayıb ki,  özəl sektorun bazarda böyük paya malik olması rəqabət mühitinin mövcudluğunun göstəricisidir. Əgər bu da olmasa, qiymətlər daha da yüksələr:

"Digər tərəfdən, dövlətin öz funksiyaları var. Təbii ki, bu funksiyalara tikinti sektorunu tamamilə öz üzərinə götürmək daxil deyil. Əksinə, şirkətlərə imkan verilməlidir ki, azad rəqabət şəraitində tikinti prosesində aktiv iştirak etsinlər. Mən düşünürəm ki, bu prosesə xarici şirkətlərin də cəlb olunması məqsədəuyğundur. Bu, rəqabət mühitini daha da genişləndirə bilər.

Eyni zamanda, dövlət tərəfindən müvafiq təşviq proqramları həyata keçirilməlidir. Amma bir şərtlə ki, həmin layihələr sosial xarakter daşısın. Məsələn, dövlət müəyyən bir ərazidə torpaq sahəsini qarşılıqsız olaraq tikinti şirkətinə ayıra bilər. Bu halda torpaq dövlətin layihədə payı hesab olunur, tikinti şirkəti isə inşaat işlərini həyata keçirərək mənzilləri bazar qiymətindən müəyyən qədər aşağı qiymətə vətəndaşlara təqdim edə bilər. Belə sosial layihələr istər İpoteka və Kredit Zəmanət Fondu, istərsə də Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) vasitəsilə həyata keçirilə və ya bu qurumlar tərəfindən icra oluna bilər".

Sədr deyir ki, dövlətin tikinti sahəsindəki əsas funksiyası bazarı tənzimləmək, eyni zamanda bazarda sosial layihələrin sayının və həcminin artırılmasını təmin etməkdən ibarət olmalıdır:

"Dövlət tikinti işinə birbaşa müdaxilə etməməlidir. Tikinti sahəsi azad rəqabət mühitində fəaliyyət göstərən və birbaşa özəl sektorun fəaliyyət istiqaməti olan sahədir”.
 
Günay İlqarqızı

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->