Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası (MTMŞ) Rusiyanın təbliğat xarakterli hesab edilən "Maşa və Ayı" cizgi filminin "Netflix" platformasında yayımlanmasının qadağan edilməsinə çalışır.
Qaynarinfo xəbər verir ki, bu barədə MTMŞ yanında fəaliyyət göstərən Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko Rusiyanın informasiya təhdidlərinə dair analitik hesabatın təqdimatı zamanı bildirib.
Onun sözlərinə görə, qurum "Netflix"i hədələməyib və bütün addımlar yalnız hüquqi çərçivədə atılır.
Kovalenko qeyd edib ki, hələ 2025-ci ilin payızında mərkəz cizgi filmini ətraflı təhlil edib və burada qadağan olunmuş simvolların, eləcə də Rusiya təbliğatının əsas narrativlərinin yer aldığını müəyyənləşdirib. Hazırda isə həmin analiz yenilənib.
"Bu material həm Milli Təhlükəsizlik və Müdafiə Şurasında, həm də Ukrayna Təhlükəsizlik Xidmətində (SBU) mövcuddur. Bildiyimə görə, müvafiq hüquqi qərarların qəbulu üçün bütün hazırlıq işləri başa çatdırılıb. Hüquqi prosedurlar tamamlandıqdan sonra qanunvericiliyə istinad etməklə "Netflix" və "YouTube"la danışıqlar aparmaq, ən azı Ukrayna ərazisində bu məhsulun yayımını məhdudlaşdırmaq mümkün olacaq", – deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl "Netflix"in "Maşa və Ayı" cizgi serialının yeni mövsümlərinin yayım hüquqlarını əldə etdiyi məlum olmuşdu. Məlumata görə, serial ABŞ, Kanada, Avropa ölkələri, Asiya regionu və Latın Amerikası bazarlarında nümayiş etdiriləcək.
Günay
Şərhlər