Ölkə 16:20 03.11.2023

Azərbaycanda kassir mağazadan yarım millyon oğurladı - 3 il sonra qaytardı (VİDEO)

Şəmkir rayonunda yerləşən "Zirvə” marketdə 2017-ci ildən 2020-ci ilin sentyabr ayınadək 539.222,97 manat mənimsəyən kassirlə bağlı məhkəmə qərar verib. 

Qaynarinfo-nun məlumatına görə, 1978-ci ildə Gədəbəy rayonunda anadan olmuş, birinci qrup əlili olan Laura Əliyeva sözügedən məbləğdə mağazadan qida və qeyri-qida məhsulları, həmçinin nağd pul mənimsədiyini etiraf edib. 

Laura Əliyeva Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək deyib ki, 2017-ci ilin avqust ayının ortalarından qohumu, sahibkar Ramin Əliyevə məxsus "Zirvə" marketdə kassir kimi işə başlayıb. Aylıq maaşı 300 manat olub. İşlədiyi müddət ərzində mağazadan qida və qeyri-qida məhsulları, həmçinin nağd pul mənimsəyib. Barəsində olan cinayət işi məhkəmədə baxılan dövrdə dəymiş ziyanı tamamilə ödəyib. Əməlindən peşiman olduğunu, özünün 1-ci qrup əlil olmasını nəzərə alaraq, azadlığa buraxılmasını xahiş edib.

Məhkəmədə sahibkar Ramin Əliyev mağazasında kassir işləmiş Laura Əliyevanın bibisi oğlu Azər Əliyevin həyat yoldaşı olmasını və dəymiş zərəri ödəməsini nəzərə alıb, onunla barışdığını, ondan şikayət və tələbi olmadığını, həbsini istəmədiyini bildirib. 

Məhkəmənin qərarı ilə Laura Əliyeva Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib və 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cəza Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, 2 il sınaq müddəti ilə cəzası şərti hesab olunub.

Əhməd