Sənət 12:14 13.05.2022

“Azərbaycanı qəlbən sevən bir nəfərin də xoşbəxt olduğunu görmədim” - Şərif Ağayarla söhbət

Qaynarinfo yazıçı Şərif Ağayarla söhbəti təqdim edir. 

- Ədəbiyyata şeirlə gəlmisən. Bu gün də bəzi şeirlərin aşıqlar tərəfindən oxunur. Bəs nəzmdən nəsrə keçid necə baş verdi?

- Hə. Əvvəllər şeir yazmışam. Aşıq şeirləri. Xüsusilə Laçın alınandan sonra insanların dərdini nəzmə çəkdiyim bu nümunələr indi də dillər əzbəridir. Bəzən toylarda tamadanın dilindən, bəzən efirdə xanəndələrin dilindən, çox zaman da aşıqlardan eşidirəm. Adi, sadə insanlar da, təhsilli adamlar da, şair-yazıçılar da onlarla şeirimi əzbər bilir. Bir dəfə bir qoşmamı həbsxanadan çəkilən verilişlərin birində bir dustaqdan eşitdim. Bəzən elə olur, məclisdə şeirimi oxuyurlar, müəllifi olduğumu demirəm. Maraqlı duyğudur. O işləri yaxşı bilən bir çoxu nəsrə keçməkdə səhv etdiyimi düşünür (gülüş). Yəni şeirlərim o qədər yaxşı alınırdı. Hamısı cavan yaşlarımda yazdığım şeirlərdir... On doqquz-iyirmi yaşacan... Az sonra ədəbi tənqidin də diqqətini çəkdi. Çoxlu yazılar yazıldı. Rəhmətlik Nəbi Xəzri bir silsiləmdən ötrü "Azərbaycan”  jurnalına zəng edib məni axtarmışdı. Sonra tanış olduq, dostlaşdıq. 2002-ci ildə şeir kitabım da çap olundu. Bu cür şeirlərlə karyera quran, ailə-uşaq saxlayan, hətta xalq şairi adını alan adamlar tanıyıram (gülüş). Mənə qalsa, bunlar ciddi ədəbiyyat deyil. Əhvaldır. Amma heç şübhəsiz istedad faktıdır. Mən deyərdim, daha çox istedad faktıdır. Kitabdan gələn bicliklərdən kənar, sırf ilham hadisəsi... Hər adamın işi deyil. Nəsrə isə məni proses özü gətirib çıxardı. Sərbəst şeirlər yazdım, sonra epik şeirlər. Nəsrə gəlməyimlə bağlı ağlıma yaxşı bir metafora gəlib. Laçında bizim evin qarşısından, yəni həyətimizdən çay axır. Dumduru. Göz yaşı kimi. O çay evimizdən yüz əlli-iki yüz metr yuxarıda dağın altından çıxır. Yəni əslində çay yox, nəhəng bulaqdır. Bax, o çayı duruluğuna, təmizliyinə və yığcamlığına görə bayatıya, qoşmaya, gəraylıya bənzətmək olar. O çay bir az aşağıda nisbətən böyük Ağdərə çayına qarışır və itir. Ağdərə çayı sərbəst şeirdir. Bulaqlardan xeyli qabağa gedib və özündə çoxlu çayların suyunu birləşdirib. Ağdərə çayı Həkəri çayına və Araz çayına qarışanda təbiət yaradıcılığının epik şeir mərhələsinə qədəm qoyur. Nəsr isə Xəzər dənizidir. Hüdud və imkanları çox genişdir. Həm də sırf şəhərlə bağlı hadisədir. Mən nəsrə həyətimizdən keçən o çayın təbii axarı ilə gəlib çıxdım. Başqa yolum olmadığı üçün gəldim. Yerimdə dayana bilmədiyim üçün gəldim. Geriyə yol olmadığı üçün də qaldım buralarda. Ölənəcən – Xəzərdən buxarlanıb Tanrının yanına gedənəcən bu taleyə məhkumam. Ən yaxşısı Xəzərdən axıb okeanlara qarışmaq olardı. Bu da tale məsələsidir. Adımız dəniz olsa da, Tanrı bizi göl yaratdı, okeana çıxışımız olmadı. Alnımıza dəniz kimi böyük olub göl taleyi yaşamaq yazıldı. 

- Sənə nəsrdə populyarlığı "Haramı"mı gətirdi? Yoxsa "Kərpickəsən kişinin dastanı" ilə artıq məşhurlaşmışdın?

- Ömrümdə yazdığım ilk nəsr nümunələri – iki hekayə, bir oçerk Azərbaycanda keçirilən ilk internet-müsabiqədə birinci yerə layiq görüldü. Seçim turunda Sabir Əhmədlinin, Elçinin, Kamal Abdullanın, Afaq Məsudun da təmsil olunduğu peşəkar münsiflər heyəti ilə yanaşı oxucular da interaktiv səslər verirdi. Ekspertlər isə Aydın Talıbzadə, Tehran Əlişanoğlu və Məqsəd Nur idi. Mən ağlıma gəlməyən yazıçıları udmuşdum. Sabir Əhmədli mənə o qədər yüksək bal vermişdi ki, birinci yox, ikinci, üçüncü yerlər də mənim idi (gülüş). Bu, nəsrə ilk gəlişim oldu. Həm də gözlənilməz uğurla. "Kərpickəsən kişinin dastanı” isə ədəbiyyatdakı şəxsiyyət vəsiqəmdir. Məni sevməyənləri də etirafa məcbur edən rəsmi sənəd (gülüş). "Haramı” da qəbul olundu, sevildi. Sorağı ölkənin hər yerindən gəldi. Hətta "Don Kixot” kimi bu romanı da öz qəhrəmanlarından biri oxumuş, mənə salamlarını göndərmişdi. Belə. Elə bu şirnikləndirmələr aldatı məni. Gül kimi oğlan idim (gülüş). Düşdüm ədəbiyyatın dalınca. O da məndən dürüstlük tələb etdi və quru yurdda qoydu. Quru yurdu maddi mənada deyirəm. Belə götürəndə yazıçı kimi taleyimdən narazı deyiləm. Azərbaycanda nəyəsə mənim qədər nail olmaq da asan məsələ deyil. Özü də kiminsə çantasını gəzdirməklə yox, döyüşə-döyüşə, savaşa-savaşa. Mən sənətdə yaxşı mənada kiməsə bac vermədim, kiməsə boyun əymədim, hələ də o cürəm. Məncə, yaxşı yazıçı bir az da igid olmalıdır. Xüsusən Azərbaycandakı kimi quldurlar mühitində. Belə baxanda, bir az dünyaya da çıxa bildim və bu proses davam etməkdədir. Tanrıdan bircə ləyaqətli və sağlam ömür arzu edirəm. Bunu məndən almasın, qalanı asandır.            

- İgidlik demişkən, "Haramı" haqqında danışanda həmişə sənə dediyim bir qənaətim var. Sanki baş qəhrəmana qəlbinin dərinliklərində gizli rəğbət var. Deyəsən, bunu Nərmin Kamal da yazmışdı. Nə düşünürsən bu barədə?

- Romanın baş qəhrəmanının prototipi yaxın qohumumdur. Bu simpatiya real həyatda da vardı. İgid adamları sevirəm. Onlarla bağlı əhvalatlar dinləmək və danışmaq xobbimdir. Lakin yazanda bu spesifik cəhətimi çox da qabartmıram. Müasir yazıçı polifoniyanı gözləməlidir. Mən də gözləmişəm. Ona görə də "Haramı”nın qəhrəmanını sırf müsbət obraz kimi xarakterizə etmək yanlışdır. O, fərqli və mürəkkəb insan tipidir. Haqqında konkret fikir söyləmək oxucunun öhdəsinə buraxılıb. Söyən də var, öyən də, baxıb sadəcə düşünən də. Mən öz obrazıma şəxsi simpatiyamı sadə bir fəndlə gizləmişəm: roman qəhrəmanın yanında işləyən ali təhsilli bir gəncin dilindən yazılıb və o, qəhrəmana rəğbətini etiraf edir. Belə deyək, baş qəhrəmanla mənim aramda başqa biri var, iradlarınızı ona bildirin (gülüş).
 


- Tənqidçi İradə Musayeva isə yazmışdı ki, bütün istedadlı cəhətləri ilə yanaşı siz orda reallıqla postmodern vəziyyəti qarışdırmısınız, nəticədə həftəbecər bir şey alınıb.

- Tam da məqsədim bundan ibarət idi. Elədirsə, istədiyimə çatmışam (gülüş). Məhz həftəbecər. Roman da üç ayrı-ayrı paralel mətndən ibarətdir.   

- Belə bir cümləsi də vardı deyəsən: qalstuklu birinin başına çoban papağı qoymaq...

- Magik realist və postmodernist mətnlərdə bir-birinə uyğun gəlməyən, hətta zidd olan komponentləri qəsdən yanaşı verib yeni düşüncə təklif edirsən. Mən də belə etmişəm. Necə etmişəm – bu başqa. Bunu oxucular deyə bilər. Onlar da bəyənir. Sağ olsunlar. Elə İradə xanımın özünün bir yaxşı cümləsi yadımdadır. Yazmışdı ki, romanı oxuyanda Haramı düzünü bütün duyğu üzvlərimlə hiss etdim. "Haramı” haqda "Ən yeni ədəbiyyat” seriyasının şah əsəri” ifadəsini işlədənlər də oldu.     

- Özünü postmodernist sayırısan?

- Yox. Mən sadəcə yeni dövrün texnika və fəndlərindən istifadə etməyə çalışıram. Mənə qalsa, dünyada, ümumiyyətlə, postmodernist yoxdur. Çünki postmodernizm istənilən bir yerdə dayanıqlı qalmağın inkarıdır. Mərkəzçilik yoxdur burda. Stabillik yoxdur. Hər şey, Tanrı belə şübhə altındadır. Bu mənada postmodernizmi digər izmlərdən fərqli olaraq sərhədləri bəlli olan dünyagörüşü kimi qəbul etmək çətindir. 

- Bəzən deyirlər, Şərif əsərlərində postmodern gedişlər etməklə əslində bilmədiyi sularda üzür... 

- Ətrafımızda yaza bilməyənlərin böyük çoxluğu var. Onlar yaza bilən azlığa təmkinlə baxa bilmirlər. Mane olmaq mexanizmi isə yoxdur. Ona görə, mütləq bir yarlıq tapıb yapışdırırlar. Bu, hər şeydən əvvəl özləri üçün təsəllidir. Qoy desinlər. Mənim postmodernist olmaq kimi bir arzum və iddiam yoxdur. Dediyim kimi, sadəcə, müasir nəsr texnikasından istifadə etmişəm və edəcəyəm. Bu, realizmə də uyğun gələ bilər, postmodrnizmə də, metamodernizmə də... Misal üçün, bayaq adını çəkdiyiniz "Kərpickəsən kişinin dastanı” hekayəsində belə bir fənd var. Söhbət Nizami Gəncəvinin məlum hekayəsini məcburi köçkünlük şəraitində yenidən dəyərləndirmədən gedir. Yəni torpağı olmayan kərpickəsəndən... Mən bilmədiyim sularda üzmüşəmsə, buyurun, bu iddia ilə çıxış edənlərin "Kərpickəsən...”dən daha yaxşı bir yazısını göstərin. Sizə və dostlara məsləhətim: mətnlərə inanın! Danışmaq həmişə asandır.       

- Sənin, demək olar ki, bütün yaradıcılığın qaçqınlıq, köçkünlük travması ilə bağlıdır. Məsələn, mən düşünürəm ki, sən yaşadıqlarını ustalıqla qələmə ala bilmisən. Ancaq bunu irad tutanlar da olur. 

- Eyni iradı Orxan Pamuka da tutmaq olar: İstanbuldan çox yazır. Peşəkar yanaşma deyil. Nizaminin bütün əsərləri ilahi ədalət mövzusu ətrafında fırlanır. Salman Rüşdi hərlənib-fırlanıb islama sataşır. Füzulinin imamət sevgisindən xali bircə misrası da yoxdur. Tolstoy ömrü boyu mənəvi kamilliyin ardınca düşdü. Markes ölənəcən insanın tənhalığından yazdı. Misalları artırmaq olar. Bütün yazıçıların yaradıcılığında qırmızı xətt kimi keçən nəsə var. Mən də insandan yazıram. Yaxşı tanıdığım, mənə təsir edən, ətrafa da təsir edəcəyini güman etdiyim insandan. Onların isə hamısı yox, çoxu müharibə insanıdır. Bayaq dedim... Tale məsələsi...    
- Hələ illər əvvəl müsahiblərinin birində demişdin, insanlar qaçqın düşdükləri torpaqlara qayıtmağa mənəvi cəhətdən hazır deyillər. Torpaqlar işğaldan azad olunandan sonra da belə düşünürsən?

- İndi torpaqların xeyli hissəsi alınıb. Mənəvi problem həll edilib. Qalıb yeni şəraitə psixoloji uyğunlaşma. Qələbə gözlənilmədən gəldi. Biz bu boyda sevincə hazır deyildik. Düzdür, rusların gecə ilə qəfil gəlişi işləri bir az korladı, amma yenə də! Qələbə qələbədir və sən buna alışmamısan. Mürəkkəb məsələlərdir bunlar. Zamana ehtiyac var. Bir onu bilirəm ki, insana statistika kimi yanaşmaq olmaz. Bir milyon qaçqın vardı, torpaqları aldıq, onun beş yüz mini qayıtdı... Bu rəqəmlər milyon döyünən ürək, milyon xasiyyət, milyon tale deməkdir. Biz özümüzü vətən anlayışı ilə həddindən artıq yükləyirik. Təbii, biz deyəndə sadə insanları nəzərdə tuturam. İmkanı olanlar vətən sözünə ironiya ilə baxırlar. Üç min şəhiddən bircəsinin villadan çıxdığını gördünüzmü? Vətən adlı bu amansız konyunkturaya qarşı mənim sarsılmaz bir kontr-arqumentim var: Vətən daha çox adamlardır! Şəxsən mən Şuşadan çox, şuşalının yanındayam. Onun hüquq və azadlıqlarının, ağrı və iztirablarının, kədər və sevinclərinin, istək və arzularının yanında... Vətən imkanı olduğu halda məni xoşbəxt etmirsə, edə bilmirsə, özümü vətəndaş kimi hiss etmirəm. Nə gopa basım? Kimi aldadım? Nə qədər ölmək olar? Nə qədər məhrumiyyətlərə dözmək olar? Bəlkə, bir az da adam balası kimi yaşayaq? Hə? Nə deyirsiniz? 

- Şəxsən sənə kəndinizdə balaca bir ev versələr, həyət-baca da öz yerində. Bülbülün gülü çağırdığı bir yerdə oturub rahat şəkildə yaradıcılıqla məşğul olmaq istəməzsənmi? Çox adam deyir, məhz belə olaydı, oturub yazılarımı yazardım.

- Sənin təsvir etdiyin bu cənnətə inanmıram. Qəbələdən, İsmayıllıdan, Daşkəsəndən olan yazıçıların belə bir lüksü varmı? Yoxsa Laçını, Şuşanı kosmosdan gələnlər idarə edəcək? Ədalətli cəmiyyət istəyirəm. İşğaldan azad olunan torpaqların sevinc və şadyanalıq parıltılarında digər vacib həqiqətləri itirməkdən qorxuram. Haqsızlığa, ədalətsizliyə uğradığım hər yer mənim üçün qürbətdir. Laçın olmur, lap cənnətin səkkizinci qatı olsun. Həqiqət təkcə Rusiyadan yox, Qarabağdan da yuxarıdadır və haqqın tapdandığı yer doğma anamın qoynu da olsa, məni xoşbəxt etməyəcək. 
 


- Laçındakı kəndinizdən, indi olmayan evinizdən video çəkiliş etmişdin. Babangilin evində İsa Məsihin fotosu vardı. Bilmirəm, niyə bu, mənə çox təsir etmişdi. O çəkilişi edən zaman maraqlı bir şey demişdin. Demişdin, o vaxtlar çay, dağ, dərə daha böyük idi. Necə düşünürsən, nə baş verib, sən böyümüsən, yoxsa kəndiniz kiçilib?

- Bir qohumum vardı, balacaboy idi, mən böyüdükcə, elə bilirdim, o balacalaşır (gülüş). Şübhəsiz bu amil də var. Yəni işin sırf fiziki tərəfi. Böyüyürsən, daha böyük kəndlər, daha böyük yollar, daha böyük dağlar görürsən... Bir də işin mənəvi tərəfi var. Otuz il xəyalında yaşatdığın yerlər öz-özünə böyüyür, orijinalından daha gözəl, daha əzəmətli olur. Bizim Pir dağı var, ona baxanda dəli oldum. Bu qədər balaca imiş? Mən onun zirvəsini illərlə buludların arasında xəyal eləmişəm.       
- Sevgi böyüdür...

- Bəli. Sevmək sevdiyin ünvanı Tanrıya oxşatmaqdır. Ona görə həm də qorxuludur. Sevgi səni həqiqətə də apara bilər, onu görməyinə mane də ola bilər. 

- "Kulis”dən niyə getdin? Doğrudur, bu barədə yazmışdın, amma əminəm ki, məsələ tam da yazdığın kimi deyil. Məsələn, belə bir iddia var. Guya görkəmli Azərbaycan ziyalılarını hədəfə almağın kimlərinsə xoşuna gəlməyib. Nə dərəcədə əsaslı iddiadır?

-  Mən kimlərisə 20 ildir tənqid edirəm və ən nüfuzlu yerlərdə də işləmişəm. Boş söhbətdir. "Kulis” özəl layihədir. Sahibi necə istəyirsə, elə də olacaq. Şərtlər uyğun gəlirdi - işləyirdim, gəlmədi - aralandım. 

- Yeni ədəbiyyat saytı yaratdın, uğur olsun. Necədi işlər, oxusu varmı saytının?

- Əgər bütün gücümü sayta versəm, yetərincə oxucu yığaram. İndi sadəcə günə bir neçə material vermək imkanım olur. Gələcəkdə fəaliyyətini genişləndirəcəyik. Sən özün bu sahədə işləmisən, indi oxucu yığmaq elə də çətin deyil. İllah da mənim kimi az-çox tanınan adam üçün. Keyfiyyətli yazıları oxutmaqdır çətini. "Kulis”də də problem bu idi. Məndən gündəlik tələb olunan oxu sayını ədəbiyyatla yığmaq mümkün deyildi.      

- Bəzən belə fikir səsləndirirsiniz ki, Azərbaycanda oxucu yoxdur və yaxud azdır. Sənin "Şəkil" hekayən isə kütləvi oxucu topladı. Demək ki, nəymiş? Ya insanlar kasıbdır, kitab almağa pulları yoxdur, ya da kitab oxucuya çatmır. Səncə?

- Oxucu var. Qanun Nəşriyyatının keçirdiyi sərgilər də bunu göstərir. Sadəcə lazımı qədər nəşriyyatlar, yayım şirkətləri və kitab mağazaları yoxdur. Kitabı xalqımızın həyat komponentlərindən birinə çevirməliyik. Lakin Azərbaycan dövləti kitabın tərəqqisində və yeni düşüncəli yazıçının formalaşmasında maraqlı deyil. Çünki yüksək vəzifələrdə çoxlu oğrular var. Oğru isə həmişə kitab-dəftərdən qorxur.    

- Bilirəm ki, kimisə tərifləməkdə çox xəsissən. Yenə də soruşum: kimləri oxuyur və qiymətləndirirsən.

- Mən hamını oxuyuram (gülüş). Bu günlərdə Aqşin Yeniseyin "Hərflərin vahiməsi” romanını oxudum. Çox zövq aldım. Haqqında videoçıxış da etdim. Həmid Herisçidən Təbriz xalçaları haqda bir roman, Fəxri Uğurludan sufiliklə bağlı bir roman oxumaq istərdim. İmkanım ola, qonorarlarını ödəyib yazmalarına şərait yaradardım. Yaxşı gənclərimiz gəlir, amma mühit yaxşı deyil. Azərbaycan Yazıçılar Birliyinin üzvlük vəsiqəsini sevinə-sevinə paylaşan gənclik məni xeyli mütəəssir etdi. İndi məqsədli şəkildə çirkaba batmış mühit yaradırlar və gənclər sürətlə korlanır. Mənəvi oksigeni zəhərləyirlər. Alternativlər olmadığı üçün irticanın qılıncı altından keçmək məcburiyyətində qalırlar. Azad Yazarlar Ocağından sonra ciddi proses yarada biləcək bir dalğa gəlmədi. İyirmi yaşlarında hər şeylə razılaşan gənclər görürəm. Bəs bunlar qocalanda nə edəcəklər? 

- "Komandir" kimi roman yazan adam kimi necə düşünürsən, 44 günlük zəfər haqqında yaxşı əsərlər nə vaxt yarabacaq?

- Zəfər haqqında yaxşı əsər yazılmayacaq. Çünki yaxşı əsər tərənnümlə məşğul olmur. Bunun adı konyunkturadır. Müharibə mövzusunda isə zamanla yazılacaq. İndi bizim ümdə vəzifəmiz ədəbiyyatı qələbə pafosundan qorumaqdır. Bu günlərdə gənc dostum Orxan Həsəninin "Qırmızı ayaqqabılar” adlı balaca bir hekayəsini oxudum, yaxşı idi. Çünki kameranı doğru yerdən qoymuşdu. Rakurs çox vacibdir. Zəfər nidaları atılan yerdə dayansan, ədəbi gerçəkləri görə bilməyəcəksən. Bu mövzu ədəbiyyat dəllalları üçündür. Yaxşı pul qazanacaqlar yenə. "Zəfər ədəbiyyatı” ifadəsini unutmaq lazımdır. Çünki belə ədəbiyyat növü yoxdur.  

- Şərif, az yaşımızda iki müharibə gördük, çoxlu məhrumiyyətlər yaşadıq. İndi ağır günlər arxada qalıb, ancaq deyəsən bizi daha ağır günlər gözləyir. Fikrət Adıgözəlli demiş, görəsən bu iztirabların sonu olacaqmı?

- Mən həmişə demişəm, yenə də deyəcəyəm, Azərbaycanın bircə problemi var: seçki qutusu! Bu, Napoleonun barıt məsələsinə bənzəyir. Yerdə qalanlar təfərrüatdır. Hətta Qarabağ məsələsi də. Seçkiləri qonşu toyu qədər ciddiyə almayan bir xalq heç vaxt nicat yolunu tapa bilməyəcək.   

- Sahilə Yaya bir "bomj”un şəkilini paylaşmışdı. Yaşadığı zibilxanadan Azərbaycan bayrağı asmışdı. Kəramət isə yazmışdı ki, həqiqətən Azərbaycanı sevən, həqiqi vətənpərvər olan adamların hamısı bu vəziyyətdə yaşayır. Razısanmı Kəramətlə?

- Son yüz ildə Azərbaycanı qəlbən sevən bir nəfərin də xoşbəxt olduğunu görmədim. Deyəsən elə, əvvəl də belə olub. Çünki müstəmləkə taleyi yaşamışıq. Seçki qutusu ilə bağlı ümidsizliyimin kökündə də müstəmləkə taleyi dayanır. Ölkələr də insanlar kimidir. Öz taleyini həll etmək iqtidarı olmayanda həyatı zindana çevrilir.        
 
Ağa Cəfərli

Qaynarinfo