Xəbər lenti

MEDİA-nın fəaliyyətində keyfiyyətcə növbəti yeni mərhələ başlaya bilər
Ölkə 18:34 20.02.2026

MEDİA-nın fəaliyyətində keyfiyyətcə növbəti yeni mərhələ başlaya bilər

Xəbər veridyimiz kimi, bu gün Prezident İlham Əliyev Medianın İnkişafı Agentliyinin (MEDİA) yenidən təşkili haqqında Fərman imzalayıb. 

Qaynarinfo xəbər verir ki, sənədə əsasən, Sosial Tədqiqatlar Mərkəzi (STM) MEDİA-ya qoşulmaqla fəaliyyətini davam etdirəcək və ayrıca publik hüquqi şəxs statusunu itirəcək.

Qərara uyğun olaraq, STM-in bütün hüquq və öhdəlikləri, o cümlədən əmlakı Agentliyə keçir. Bu model hüquqi baxımdan "qoşulma yolu ilə yenidən təşkil” mexanizmi hesab olunur. Yəni qurum formal olaraq ləğv edilmir, lakin onun səlahiyyətləri və strukturu digər publik hüquqi şəxsin tərkibinə inteqrasiya olunur.

Sosial tədqiqat funksiyası media institutuna keçir

Bu dəyişiklik MEDİA-nın fəaliyyətində keyfiyyətcə növbəti yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. İndiyədək Agentliyin əsas missiyası media subyektlərinin inkişafının dəstəklənməsi, jurnalistlərin peşəkar hazırlığının təşkili və media mühitinin stimullaşdırılması idi. STM-in birləşdirilməsi ilə isə sosial proseslərin sistemli təhlili və ictimai rəyin öyrənilməsi funksiyası da eyni institutun səlahiyyətinə verilir.

Fərmanda nəzərdə tutulur ki, ictimai münasibətlərin inkişaf dinamikası izləniləcək, cəmiyyətdə formalaşan tendensiyalar müəyyən ediləcək və mümkün dəyişikliklərin sosial təsirləri araşdırılacaq. Bu istiqamətdə müasir informasiya texnologiyalarının və elmi metodologiyaların tətbiqi xüsusi vurğulanır. Aparılacaq sosial tədqiqatların və analitik hesabatların nəticələri dövlət orqanlarına təqdim ediləcək.

Beləliklə, ictimai rəy sorğuları və sosial analizlər artıq media siyasətini həyata keçirən qurumun institusional çərçivəsində formalaşacaq. Bu, informasiya siyasəti ilə sosial indikatorların bir platformada cəmlənməsi deməkdir.

İdarəetmə və struktur məsələləri

Fərmana əsasən, MEDİA-nın yenilənmiş nizamnaməsi təsdiqlənəcək. Qurumun strukturu, ştat vahidlərinin sayı və əməkhaqqı sistemi Prezidentlə razılaşdırılmaqla müəyyən ediləcək. Bu isə birləşmənin yalnız funksional deyil, həm də təşkilati və maliyyə aspektlərində yenidən qurulma demək olduğunu göstərir.

Sosial Tədqiqatlar Mərkəzinin ayrıca hüquqi statusunun ləğvi, eyni zamanda, idarəetmənin daha mərkəzləşdirilmiş modelə keçidi kimi də şərh oluna bilər. Paralel fəaliyyət göstərən iki institutun vahid strukturda birləşdirilməsi resursların optimallaşdırılması və qərar qəbuletmə prosesinin sürətləndirilməsinə dəı müsbət təsir edəcək.

Mümkün təsirlər və açıq qalan məqamlar

Yeni modelin praktik nəticələri isə yenilənmiş nizamnamə və struktur təsdiqləndikdən sonra daha aydın görünəcək. Əsas sual bundan ibarətdir ki, sosial tədqiqat istiqaməti Agentliyin daxilində ayrıca blok kimi saxlanılacaq, yoxsa mövcud departamentlərə inteqrasiya ediləcək.

Digər tərəfdən, sosial rəyin öyrənilməsi və media siyasətinin eyni institusional çərçivədə cəmlənməsi qərarların daha geniş analitik baza üzərində formalaşmasına şərait yarada bilər. Bununla yanaşı, səlahiyyətlərin konsolidasiyası idarəetmə modelində yeni balans mexanizmlərinin formalaşmasını da aktuallaşdırır.

STM-in MEDİA-ya birləşdirilməsi təkcə struktur dəyişikliyi deyil, həm də dövlətin informasiya və ictimai proseslərə yanaşmasında institusional yenilənmə mərhələsi kimi qiymətləndirilə bilər.

Qaynarinfo
--> -->