ABŞ-Kosovo-Serbiyadan ibarət "Balkan üçbucağı"nda ciddi siyasi qalmaqal yaranıb. Bu qalmaqala səbəb Kosovo prezidenti Vosa Osmaninin bəyanatıdır.
Qaynarinfo-nun məlumatına görə, o iddia edir ki, ABŞ prezidenti Donald Tramp yaxın keçmişdə Belqradın Priştinaya qarşı həyata keçirmək istədiyi aqressiv planın qarşısını alıb. Həm Serbiya rəsmiləri, həm də ABŞ prezidenti nümayəndəsi Riçard Qrenell bu iddianı təkzib ediblər. Lakin Vosa Osmani mövqeyində israrlıdır və sübutlar təqdim edəcəyini bildirir. Balkan mediası isə Donald Trampın serblər barədə dediyi sözləri üzə çıxarıb: "Onlar ciddi müharibəyə hazırlaşırdılar, biz isə bunu dayandırdıq".
ABŞ prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Riçard Qrenell həftənin əvvəlində Vosa Osmanini "Donald Trampın sözlərini manipulyasiya etməkdə" ittiham edib. Qrenellin sözlərinə görə, Osmani tərəfindən səsləndirilən "Serbiyanın Kosovo əleyhinə yeni eskalasiyasının qarşısını Tramp aldı" fikri həqiqəti əks etdirmir. O, məsələnin 2020-ci ilin sentyabrında – Trampın birinci prezidentliyi dövründə Vaşinqtonda imzalanmış Serbiya və Kosovo arasında iqtisadi münasibətlərin normallaşdırılmasına dair sazişə aid olduğunu qeyd edib.
Qrenell əlavə edib ki, o vaxt Priştinanı sazişdə keçmiş baş nazir Avdullah Hoti təmsil edib və Vosa Osmani bu prosesdə iştirak etməyib. "Yeni heç nə yoxdur və belə bir təəssürat yaratmaq absurddur”, deyə o bildirib.
Kosovo prezidentinin bəyanatını Qrenelldən bir gün əvvəl Belqrad da qəti şəkildə təkzib edib. Prezident Aleksandar Vuçiç bəyan edib ki, Serbiya Kosovoya qarşı nə bir əsgər yeridib, nə də hərbi texnika göndərib. Xarici işlər naziri Marko Curic isə sosial şəbəkədə yazıb ki, Vosa Osmani ABŞ prezidentinin sözlərini manipulyasiya edir və Serbiyaya qarşı uydurma ittihamlar səsləndirir, bununla da Vaşinqtonun diqqətini cəlb etməyə çalışır.
Kosovoda yerləşən NATO-nun KFOR qüvvələri bu qalmaqala münasibət bildirməyib. Onlar nə Osmaninin dediklərini təsdiqləyir, nə də təkzib edirlər. NATO yalnız bu cavabla kifayətlənib: "Balkanlar alyans üçün strateji əhəmiyyətli bölgə olaraq qalır və regional sabitliyə NATO-nun sadiqliyi dönməzdir".
Bu arada Vosa Osmani mövqeyində israrlıdır. O, Trampın yaxın dövrlə bağlı danışdığını iddia edir və ABŞ-dan Priştinaya qayıtdıqdan sonra yaxın günlərdə sübutlar təqdim edəcəyini vəd edir.
Tramp nə demişdi?
Balkan mətbuatı son günlərdə Donald Trampın Serbiya və Kosovo ilə bağlı bütün son bəyanatlarını araşdırıb. İyun ayının ortalarında Tramp sosial şəbəkədə yazmışdı ki, onun prezidentliyinin birinci dönəmində Kosovo və Serbiya ağır münaqişəyə doğru irəliləyirdi və müharibənin astanasında idilər, lakin o, bunu dayandıra bilib. Ayın sonunda jurnalistlərlə söhbətində isə Tramp demişdi ki, ABŞ son aylarda bir neçə münaqişənin, o cümlədən Serbiya ilə Kosovo arasındakı qarşıdurmanın qarşısını alıb.
"Serbiya hansısa bir qrupla müharibəyə hazırlaşırdı - adını çəkməyəcəyəm, çünki bu baş vermədi. Biz bunu önləyə bildik. Amma Serbiyadakı dostum dedi ki, onlar yenidən müharibəyə başlayacaqlar. Deməyəcəyəm ki, bu, Kosovo ilə bağlıdır, amma bu, məhz Kosovodur. Ciddi müharibəyə hazırlaşırdılar, biz bunu dayandırdıq", deyə Trampın sözlərini Balkan mediası sitat gətirir.
Görünür, Vosa Osmani məhz bu bəyanatlara əsaslanaraq, ABŞ prezidentinin son dövrdə Serbiyanın yeni eskalasiyasının qarşısını aldığı qənaətinə gəlib. Bu isə o deməkdir ki, ABŞ–Kosovo–Serbiya üçbucağında yaranmış siyasi qalmaqal Tramp şəxsən bu məsələyə aydınlıq gətirməyincə, davam edə bilər.
Aydın
Şərhlər