İnsanlar qədim dövrlərdən bəri Fərat və Dəclə çaylarının qurumasından narahat olublar. Müasir dövrdə isə bu narahatlıq artıq reallığa çevrilmək üzrədir. Bibliyada "Apokalipsis"lə əlaqələndirilən bu təbii prosesin arxasında fövqəltəbii deyil, olduqca real ekoloji səbəblər dayanır - əsasən iqlim dəyişikliyi və uzunmüddətli quraqlıqlar.
Qaynarinfo xəbər verir ki, "IFLScience" nəşrinin yazdığına görə, Fərat çayı Dəclə ilə birlikdə Türkiyə, Suriya və İraq ərazilərindən keçərək Fars körfəzinə tökülən və Qərbi Asiyanın ən böyük çay sistemini təşkil edən bir təbii arteriyadır. Onun hövzəsi həmçinin İranın bir hissəsini də əhatə edir.
Sürətlə gedən quruma prosesi
İraqın Su Resursları Nazirliyinin 2021-ci il tarixli rəsmi hesabatında bildirilirdi ki, davam edən quraqlıq və suyun səviyyəsinin azalması nəticəsində bu çayların 2040-cı ilədək tamamilə quruma ehtimalı var. Cəmi bir neçə onillik ərzində Fərat-Dəclə sistemindəki su axını illik orta göstəricilər ilə müqayisədə demək olar ki, yarıyadək azalıb.
NASA-nın peyk təsvirləri göstərir ki, 2003–2013-cü illər arasında bu iki çay hövzəsində 144 kub kilometr həcmində şirin su ehtiyatı itirilib. Bu isə tarixi ərzində qeydə alınmış ən aşağı su səviyyələrindən biridir.
Qlobal iqlim böhranı ilə bağlılıq
Quruma prosesi əsasən qlobal iqlim dəyişikliyinin nəticəsidir. Yaxın Şərq bölgəsi iqlim dəyişikliyinə qarşı ən həssas regionlardan biri hesab olunur. Çünki burada su resurslarının çatışmazlığı problemi illərdir davam edir və daha da dərinləşir. Hazırda təxminən 60 milyon insan, əsasən Türkiyə və İraqda, məhz Fərat-Dəclə su sistemindən asılı vəziyyətdədir.
2000-ci illərdən etibarən bu çay hövzəsinin beynəlxalq idarəçiliyi üzrə əməkdaşlıq dayanıb. Bu isə həm yerli, həm də regional səviyyədə rəqabəti və geosiyasi gərginliyi artırır.
"Gələcək əsr ərzində biz çoxsaylı "su müharibələri"nin şahidi ola bilərik. Dövlətlər və silahlı qruplaşmalar suya nəzarət uğrunda mübarizə aparacaq", deyə araşdırmada qeyd edilir.
Sağlamlıq böhranı və xəstəliklər
Su çatışmazlığı yalnız geosiyasi deyil, həm də ictimai səhiyyə baxımından ciddi risklər yaradır. Xüsusilə İraqda insanlar təmiz suya çıxışda çətinlik çəkirlər. Bu da vəba, su çiçəyi, qızılca və tif kimi yoluxucu xəstəliklərin yayılmasına səbəb olur.
Bibliyada xəbərdarlıq edilmişdi
İnsanların bu çayların qurumasına dair narahatlıqları qədim mətnlərdə də yer alıb. Müqəddəs Kitabın "Vəhy" kitabında deyilir:
"Altıncı mələk qabını böyük Fərat çayına tökdü. Su qurudu ki, Şərqdən gələcək hökmdarların yolu açılsın".
Bu mətn minilliklər öncə yazılsa da, bu günkü ekoloji böhranla bəzi paralellər yaradılır.
Aydın
Şərhlər