Xəbər lenti

Ölkə 11:18 15.07.2026

"Bill Qeyts də uşaqlarına 16 yaşına qədər smartfon verməyib" - Etibar Əliyev

Azərbaycanda sosial şəbəkələrdə uşaqların təhlükəsizliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilən son dəyişikliklər bu mövzunu yenidən gündəmə gətirib. Mütəxəssislər hesab edirlər ki, hüquqi tənzimləmələrlə yanaşı, ailə və məktəbin də üzərinə mühüm məsuliyyət düşür.

Keçmiş deputat, təhsil eksperti Etibar Əliyev mövzu ilə bağlı Qaynarinfo-ya bildirib ki, dünyanın aparıcı psixoloqları və həkimləri artıq uzun illərdir uşaqların və yeniyetmələrin sosial şəbəkələrdən həddindən artıq istifadəsinin yaratdığı təhlükələr barədə xəbərdarlıq edir. Onun sözlərinə görə, bu səbəbdən "həyəcanlı nəsil" anlayışı da formalaşıb.

Ekspert qeyd edib ki, Cənubi Koreya həkimləri hətta "rəqəmsal kəmağıllıq" adlandırdıqları yeni bir problemin yarandığını bildirirlər. Onların araşdırmalarına görə, informasiya texnologiyalarından qeyri-rasional istifadə yeniyetmələrin idrak qabiliyyətinin zəifləməsinə səbəb olur.

"Bu istiqamətdə ilk müşahidələr təxminən 20 il əvvəl aparılıb. Araşdırmalar göstərib ki, müxtəlif qadcet və kompüterlərdən həddindən artıq istifadə nəticəsində beynin sol yarımkürəsi daha aktiv inkişaf edir, sağ yarımkürənin inkişafı isə ləngiyir. Nəticədə uşaqların zehni inkişafında problemlər yarana bilir. Məhz bu səbəbdən Cənubi Koreyada internet və kompüter asılılığı olan şəxslər üçün xüsusi reabilitasiya proqramları yaradılıb", deyə Etibar Əliyev vurğulayıb.
 


O əlavə edib ki, texnologiya sahəsinin tanınmış simaları da uşaqların rəqəmsal mühitdən qorunmasına diqqət yetirirlər.

"Bu yaxınlarda Bill Qeytsin keçmiş həyat yoldaşı Melinda Qeytsin müsahibəsini oxudum. O qeyd edirdi ki, ailə olaraq övladlarına 16 yaşına qədər smartfon verməyiblər. Bildirirdi ki, bu qərarda Bill Qeyts də onunla həmfikir olub və sonradan bu addımın doğru olduğu qənaətinə gəliblər. Dünyanın ən böyük texnologiya şirkətlərindən birinin qurucusu belə bu riski əvvəlcədən görərək öz ailəsində məhdudiyyət tətbiq edib", deyə ekspert bildirib.

Etibar Əliyev məşhur amerikalı psixoloq-professor Conatan Haydtın "Narahat nəsil" kitabında irəli sürdüyü təklifləri də xatırladıb. Onun sözlərinə görə, müəllif uşaqların sağlam inkişafı üçün dörd əsas addımın vacibliyini qeyd edir. Bunlar yuxarı siniflərə qədər smartfon istifadəsindən imtina, 16 yaşına qədər sosial şəbəkələrə girişin məhdudlaşdırılması, məktəblərdə telefonlardan istifadənin qadağan olunması və uşaqlara daha çox sərbəst oyun, canlı ünsiyyət və müstəqil fəaliyyət imkanlarının yaradılmasıdır.

Ekspertin fikrincə, rəqəmsal texnologiyalar həyatın ayrılmaz hissəsinə çevrilsə də, uşaqların psixoloji və intellektual inkişafının qorunması üçün onların istifadəsinə yaşa uyğun məhdudiyyətlərin tətbiqi zəruridir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->