Xəbər lenti

Bir ölkənin ümidsiz mübarizəsi: Sular yüksəlir, ada yox olur
Dünya 21:14 03.09.2025

Bir ölkənin ümidsiz mübarizəsi: Sular yüksəlir, ada yox olur

Sakit okeanın ortasında, xəritədə yerini tapmağın belə çətin olduğu kiçik bir ada dövləti səssizcə böyük bir yox oluşa hazırlaşır. 

Qaynarinfo xəbər verir ki, təxminən 11 min nəfərin yaşadığı Tuvalu dünyanın ən alçaq səviyyəli ölkələrindən biridir. Ancaq bu xüsusiyyət indi onun ən böyük zəifliyi hesab olunur.

Dəniz səviyyəsinin qalxması Tuvaluya birbaşa təhdid yaradır. Mütəxəssislərin sözlərinə görə, qarşıdakı 25 il ərzində yüksək qabarma zamanı ölkənin demək olar ki, tamamı su altında qala bilər. Bu ssenari sadəcə fəlakət deyil, həm də Tuvalunun fiziki varlığının sonu deməkdir. Bir vaxtlar mavi suları və mərcan rifləri ilə turizm cənnəti kimi təsəvvür edilən ada indi yaşanmaz hala gəlir.

Tuvalunun problemi yalnız dəniz səviyyəsinin qalxması ilə məhdudlaşmır. Okean suları adanın yeraltı şirin su ehtiyatlarını duzlandırır. Bu isə əhalini demək olar ki, tamamilə yağış suyundan asılı vəziyyətə salır. Amma iqlim böhranının başqa bir üzü olan quraqlıq yağışların miqdarını hər il azaldır.

Adanın torpaqları əkinçilik üçün əlverişli deyil. Duzlu və məsaməli torpaq əsas qida istehsalını mümkünsüz hala gətirir. Əhalinin ənənəvi qida mənbəyi olan balıqlar isə ya sayca azalır, ya da mərcanların ağarması nəticəsində yayılan mikroalg səbəbilə zəhərli olur. "Siguatera" adlı toksinlərlə bulaşmış balıqlar sağlamlıq problemlərinə yol aça bilir. Bir vaxtlar özünə yetən cəmiyyət olan Tuvalu indi idxaldan asılı vəziyyətdədir.

Dəniz səviyyəsinin qalxması təkcə ekoloji deyil, həm də ədalət məsələsidir. Tuvalunun qlobal istixana qazı emissiyalarına töhfəsi demək olar ki, yoxdur. Amma iqlim böhranından ən çox zərər çəkən ölkələrdən biridir. Buna görə də Tuvalu illərdir beynəlxalq səviyyədə iqlim ədaləti mübarizəsi aparır.

2002-ci ildə Tuvalu, Avstraliya və ABŞ kimi yüksək emissiyalı ölkələrə qarşı hüquqi addımlar atmaqla hədələyib, həmçinin Kyoto protokolunun davamı sayılan Doha dəyişikliyi üçün mübarizə aparıb. 2021-ci ildə isə Antigua və Barbuda ilə birlikdə BMT-yə müraciət edərək, iqlim dəyişikliyinin beynəlxalq hüquq çərçivəsində qiymətləndirilməsini təmin edəcək COSIS adlı komissiyanın yaradılmasına öncülük edib. Bu təşəbbüs iki il sonra Beynəlxalq Dəniz Hüququ Məhkəməsində açılan işlə reallığa çevrildi.

Ölkə bir tərəfdən beynəlxalq arenada mübarizə apararkən, digər tərəfdən daxildə də həll yolları axtarır. Paytaxt Funafutidə sahil xətləri möhkəmləndirilib, torpaq bərpa işləri ilə ərazi bir metr qaldırılıb. Amma bu tədbirlərin məhdud təsirli olduğu da aydındır. Köç artıq real mövzuya çevrilib. Avstraliyanın təqdim etdiyi "iqlim vizası" proqramına böyük maraq göstərilir, əhalinin yarısından çoxu buna üz tutub. Buna baxmayaraq, hakimiyyət orqanları köçün yalnız "son çarə" olduğunu bildirir.

Bütün bu təhdidlərə qarşı Tuvalu təslim olmaq əvəzinə fərqli yol seçib. 2022-ci ildə o vaxtkı xarici işlər naziri Saymon Kofe ölkənin rəqəmsal olaraq yenidən qurulacağını açıqlayıb. Məqsəd, fiziki olaraq yox olsa da, Tuvalunun suverenliyini, mədəniyyətini və kimliyini rəqəmsal mühitdə yaşatmaqdır. Ölkənin bütün adalarının üçölçülü modelləri hazırlanıb, konstitusiyası yenilənib və sərhədlərinin rəqəmsal olaraq daimi olduğu elan olunub. Mahnılar, nağıllar və rəqslər belə rəqəmsal arxivlərdə qorunur.

Bu rəqəmsal dönüşüm bir çox texniki çətinliklərlə üzləşir. Ölkənin əsas gəlir mənbələrindən biri olan ".tv" domen adı icarəsi sayəsində ildə təxminən 10 milyon dollar əldə olunsa da, hələ də fiber internet infrastrukturu yoxdur. Mobil cihazlarla video izləmək çətindir, peyk interneti isə çox bahalıdır.

Tuvalu yalnız sahillərini deyil, həm də gələcəyini müdafiə etməyə çalışır. Onun fiziki varlığı təhlükə altında ola bilər, amma səsini duyurmaqda israrlıdır. Sular Tuvalunu udsa belə, rəqəmsal yaddaşı ilə dünyaya "biz var idik və buradayıq" deməyə davam edəcək.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->