Respublikamızda ali təhsilli dənizçi kadrlar hazırlayan yeganə təhsil ocağının – Azərbaycan Dövlət Dəniz Akademiyasının 2026-cı ildə 30 yaşı tamam olur. Maraqlıdır ki, bu yubiley başqa bir əlamətdar tarix – Azərbaycanda dənizçilik təhsilinin (1881-ci ildə Bakıda ilk dənizçilik sinifləri açılmasının) 145 illiyi ilə üst-üstə düşür. Bəs bu gün, bir əsr yarımdan sonra ölkəmizdə dənizçilik təhsili hansı səviyyədədir? Bu və digər məsələlərlə bağlı Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsini icra edən Eldar Qocayev Bakupost.az-a müsahibə verib.
- Eldar müəllim, dənizçi peşəsi Azərbaycanda nə qədər populyardır və onun tariximizdə rolu nədən ibarətdir?
- Avropa ilə Asiyanın sərhədində yerləşməsi Azərbaycanı təbii olaraq mühüm tranzit ölkəsinə çevirmişdir ki, bu da gəmiçiliyin və gəmiçi peşəsinin əhəmiyyətini xüsusilə önə çıxarır. Coğrafi imkanlar, bu sahədə mövcud ənənə və dinamik böyüyən sənaye, nəqliyyat və ticarət dövriyyəsi ölkəmizdə dənizçiliyin inkişafı və dənizçi peşəsinə artan marağın əsas səbəbləridir.
Tarixən Qərblə Şərq, Şimalla Cənub arasında körpü rolunu oynayan, əhəmiyyətli təbii su hövzələri (Xəzər dənizi, Kür və Araz çayları, Urmiya və Göyçə gölləri, İran (Kəngər) körfəzi və Qara dəniz) ilə əhatələnən Azərbaycan ərazisində müxtəlif (ticarət, balıqçılıq, nəqliyyat, hərbi və s.) məqsədli gəmiçilik ənənələri olmuşdur. Bununla əlaqədar həm dəniz, həm də çay gəmiçiliyi üçün istifadə məqsədlərinə və şərtlərinə müvafiq müxtəlif ölçülü sal, qayıq, bərə və gəmilər istehsal edilmişdir.
Xəzərdə gəmiçiliyin qədimliyini Qobustandakı qayaüstü təsvirlərin (petroqliflərin) arasında qayıq şəkillərinin olması da sübut edir. Tanınmış yerli və xarici alimlər tərəfindən öyrənilmiş petroqliflərin ən qədiminin 10 min ilə qədər yaşı olduğu haqda məlumatlar var.
Hələ eramızdan əvvəl V əsrdə məşhur tarixçi Herodot, daha sonralar isə Strabon, Ptolemey və digər tarixçi və coğrafiyaçılar Xəzər dənizinin, Kür və Araz çaylarının təsviri, coğrafi yerləşməsi, ticarət və sair məqsədlərlə gəmiçilik üçün istifadə edilməsi haqda məlumat verirlər.
Bundan başqa Böyük İpək Yolunun mühüm bir hissəsi olan Azərbaycan ərazisində ilkin orta əsrlərdə Qafqaz Albaniyasında və orta əsrlərin sonrakı dövrlərində də müxtəlif məqsədli gəmiçiliyin inkişafı haqqında tarixi mənbələrdə xeyli məlumatlar var.
Xəzər dənizində ticarət gəmiçiliyinin gur inkişafı Abşeronda neft sənayesinin çiçəklənməsi dövrünə təsadüf edir. Qədim dövrlərdə nefti qoyun dərisinə dolduraraq, arabalarda Azərbaycanın şəhər və kəndlərinə, Qafqazın digər bölgələri, Rusiya, Orta Asiya, Yaxın və Orta Şərq ölkələrinə göndərirdilər. Yalnız XVI əsrdən etibarən nefti çəlləklərə töküb taxta gəmilərdə Bakıdan Həştərxana, sonra isə İrana daşımağa başladılar. Neftin çəlləklərdə daşınması gəmi sahibkarları üçün sərfəli deyildi, çünki onların doldurulması və gəmiyə yüklənməsi xeyli vəsait və vaxt tələb edirdi. Ona görə də çəlləkləri düzbucaqlı formada böyük dəmir çənlərlə - tanklarla əvəzləmək qərara alındı. Tanklar bilavasitə gəmi anbarına qoyulurdu. Maye yük daşıyan gəmilərin - tankerlərin adı da məhz buradan götürülüb.
Göründüyü kimi, Azərbaycanda son 150 ilə qədər müddətdə dənizçiliyin inkişafında digər sahələrlə yanaşı neft sənayesinin rolu xüsusi nəzərə çarpır.
- Bəs Azərbaycanda dənizçilik təhsili tarixən hansı mərhələləri keçib və indi hansı səviyyədədir?
- Əvvəllər gəmilər sadə konstruksiyaya malik olduqlarından dənizçilərdən mürəkkəb biliklər tələb olunmurdu. XIX əsrin ortalarında baş vermiş ümumi texniki inkişaf nəticəsində dənizçilikdə tələblər dəyişməyə başladı. Donanmanı bu tələblərə cavab verən kadrlarla təmin etmək üçün 1881-ci ildə Bakıda dənizçilik sinifləri, sonra isə gəmi mexaniki kursları yaradıldı. 1883-cü ildə bu dənizçilik siniflərinin ilk buraxılışı oldu.
XX əsrdə elmi-texniki tərəqqinin inkişafı ilə dənizçilik təhsili də yetkinləşdi, bu məktəb müxtəlif adlar altında formalaşdı və nəhayət, hamının yaxşı xatırladığı Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbinə çevrildi. 1981-ci ildə Bakı Dəniz Yolları Məktəbinin 100 illiyi münasibətilə məktəbə "Xalqlar dostluğu” ordenini təqdim edərkən, Ümummilli lider Heydər Əliyev məktəbin perspektiv inkişafını nəzərdə tutaraq, demişdi ki, "Yüksək ixtisaslı dənizçi kadrların hazırlanması respublikamız üçün böyük əhəmiyyət kəsb edir”.
Təəssüf ki, sovet dövründə Bakı Dəniz Yolları Məktəbinə ali məktəb statusu verilmədi. Azərbaycanlılar ali dənizçilik təhsili almaq üçün əsasən, Rusiyaya və Ukraynaya üz tuturdular. Yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra Ulu Öndər Heydər Əliyevin tövsiyəsi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin təsisçiliyi ilə 1996-cı ildə ölkəmizdə ali təhsilli mütəxəssis hazırlayan təhsil ocağı - Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) yaradıldı. Bu, Heydər Əliyevin bir çox digər sahələrdə olduğu kimi, dənizçilik təhsilinin inkişafında da strateji əhəmiyyətli qərarı oldu. 2022-ci ildə isə ADDA-ya "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tabeliyində Publik Hüquqi Şəxs statusu verildi.
İndi Azərbaycan Dövlət Dəniz Akademiyasında tədrisin səviyyəsi Beynəlxalq Dəniz Təşkilatının (BDT) ekspertləri tərəfindən yüksək qiymətləndirilir, ADDA dünya dənizçilik alı məktəblərinin ağ siyahısında 012 nömrəsi altında yer alır və bizim verdiyimiz diplomlar BDT-nin üzvü olan 170-dən çox ölkədə tanınır. Bu, çox mühüm haldır və respublikamızda dənizçiliyin inkişafı üçün geniş perspektivlər açır.
- Mümkünsə, Akademiyada təhsilin təşkili və ixtisaslar haqqında məlumat verərdiniz.
- Azərbaycan Dövlət Dəniz Akademiyasında ali təhsilin bütün səviyyələri – bakalavriat, magistratura və doktorantura üzrə tədris aparılır. Akademiyanın nəzdində həmçinin subbakalavrlar yetişdirən Azərbaycan Dənizçilik Kolleci, habelə dənizdə işləyən mütəxəssislərin hazırlanması və sertifikatlandırılması ilə məşğul olan Təlim-Tədris Mərkəzi fəaliyyət göstərir.
Biz bu gün 4 ixtisas üzrə 3 dildə - Azərbaycan, ingilis və rus bölmələrində gələcəyin kapitanlarını, mexaniklərini, elektrik mexaniklərini və gəmi inşaatçılarını hazırlayırıq. 2 fakültənin nəzdindəki 7 kafedramız "Dəniz naviqasiyası mühəndisliyi”, "Gəmi energetik qurğuları və onların istismarı mühəndisliyi”, "Elektrik və elektronika mühəndisliyi” və "Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasları üzrə tədris aparır. Ilk üçlük konvension ixtisaslar sayılır, yəni tədris Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Dəniz Təşkilatının "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” 1978-ci il tarixli Beynəlxalq Konvensiyanın (STCW-78) tələblərinə uyğun həyata keçirilir. Tədris prosesi ixtisaslaşdırılmış auditoriyalarda, laboratoriyalarda, trenajorlarda və tədris gəmisində təşkil olunur.
"Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr yükdaşıma texnologiyası və donanmanın idarə olunması, gəmi sürücülüyünün naviqasiya təminatı, səfərin naviqasiya planlaşdırılması, elektron xəritə sistemində trenajor hazırlığı, dənizçilik astronomiyası, dəniz yolları coqrafiyası, dəniz meteorologiyası, gəminin idarə və manevr edilməsi, RADAR-la müşahidə və təsvir-trenajor hazırlığına dair biliklərə yiyələnirlər. Bu ixtisası uğurla bitirən məzunlar Beynəlxalq Dəniz Təşkilatının üzvü olan dövlətlərin bayrağı altında üzən bütün gəmiçilik şirkətlərinin gəmilərində kapitanın növbə köməkçisi, baş köməkçi və kapitan kimi məsul vəzifələrdə çalışa bilərlər.
"Gəmi energetik qurğuları və onların istismarı mühəndisliyi” ixtisasında tələbələrə gəmi dizelləri, buxar qazanları, köməkçi mexanizmlər, sistemlərin konstruktiv xüsusiyyətləri, onların iş prinsipləri, yanacaq və yağlayıcı materialların fiziki-kimyəvi xassələri, nasos və boru sistemlərinin istismar qaydaları və onlara edilən texniki xidmət, eləcə də gəmi energetik qurğularının istismarına aid olan digər sahələr üzrə biliklər aşılanır. Məzunlar gəmiqayırma və gəmi təmiri müəssisələrində mühəndis, texnoloq, bütün növ gəmilərdə mexanik və böyük mexanik vəzifələrində işləyə bilərlər.
"Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə təhsil alan gənclər gəmidə növbəçəkmə və gəmi elektriki hazırlığı, gəmi avtomatlaşdırılmış elektroenergetika sistemləri, gəmi avtomatlaşdırılmış elektrik intiqalı, gəmi energetik və elektrik qurğularının avtomatik idarə sistemləri, elektrik avadanlığının diaqnostikası və gəmi elektrik avadanlığının texniki istismarını öyrənirlər. Bu ixtisasa yiyələnən məzunlar gəmiqayırma və gəmi təmiri müəssisələrində mühəndis və gəmilərdə elektrik mexaniki vəzifələrində çalışa bilərlər.
"Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” klassik mühəndislik ixtisası sayılır və tələbələrə gəmilərin quruluşu, üzmə keyfiyyətləri, gəmi gövdə konstruksiyaları, gövdə konstruksiyalarının qaynaq texnologiyası, gövdənin korroziyadan mühafizə tədbirləri, gəmi inşaat mexanikası, gəmiqayırma və gəmi təmiri texnologiyası, gəmilərin layihələndirilməsi, avtomatik layihələndirmə sistemləri və bu sahədə tətbiq edilən xüsusi müasir proqram təminatları (CADMATIC, Autodesk Inventor, AutoCad) öyrədilir. Məzunlar dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatlarda mühəndis, texnoloq, konstruktor və s. vəzifələrdə işləyə bilərlər.
- Məzunlarınızı real olaraq hansı perspektivlər gözləyir?
- Əlbəttə, bizim planlarımız ilk növbədə respublikamızda iqtisadiyyata və təhsilə öz töhfəmizi verməklə bağlıdır. Azərbaycan Dövlət Dəniz Akademiyası AZCON Holdinq şirkətlərindən olan ASCO-nun tabeliyində fəaliyyət göstərdiyindən, donanmalarımız və zavodlarımız üçün yükskixtisaslı kadrlar yetişdirmək Akademiyanın prioritet vəzifəsidir. Bu gün istər ASCO-nun, istərsə də gəmiqayırma və gəmi təmiri müəssisələrinin, özəl şirkətlərin həm strukturunda, həm də rəhbərliyində kifayət qədər məzunumuz var.
Bir məsələni də qeyd edim ki, Akademiyada qiyabi formada 2-ci ali təhsil də almaq mümkündür. Bu isə dəniz iqtisadiyyatında çalışan digər peşə sahiblərinə də Akademiyanı bitirdikdən sonra daha uğurlu karyera yüksəlişi etməyə şərait yaradır.
Ümumiyyətlə isə məzunlarımızın sorağı beynəlxalq sulardan - Aralıq dənizindən, Hind okeanından, Avropa, Afrika, Yaxın və Orta Şərq ölkələrinin, Xəzəryanı dövlətlərin donanma, şirkət, liman və zavodlarından gəlir.
Bir çox məzunlarımız gəmilərin müvafiq ixtisaslar üzrə rəhbər heyətində, gəmiqayirma və gəmi təmiri zavodlarında, xətti təşkilat və strukturlarda aparıcı vəzifələr tuturlar. Əlbəttə, dənizdə çalışanların maaşları yüksək olduğundan, əksər məzunlarımız dərhal dənizçi həyatına üstünlük verirlər. Amma öz perspektivlərini digər sahil müəssisə və təşkilatlarında görən məzunlar da çoxdur. Eyni zamanda, elm və təhsil sahələrində karyera qurmaq arzusunda olan gənclərimiz magistratura və doktoranturada təhsili seçməklə, bir növ Akademiyanın özünün elmi potensialına töhfə verirlər. Bu gün ADDA-da çalışanlar sırasında öz məzunlarımız, o cümlədən xanım məzunlarımız da az deyil. Onların arasında hətta dekan və kafedra müdirləri də var.
Son illərdə xarici vətəndaşların da bizim Akademiyaya marağı artmaqdadır. Hazırda ADDA-da Türkiyə, Hindistan, Misir, Qazaxıstan, Rusiya, Sudan və s. ölkələrdən 50-yə yaxın tələbə təhsil alır. Yəqin ki, yaxın gələcəkdə onların sayı xeyli artacaq.
- Akademiyanın gələcək inkişaf istiqamətlərini nədə görürsünüz?
- Azərbaycan Dövlət Dəniz Akademiyası Xəzər hövzəsində özünəməxsus yeri olan ali təhsil müəssisəsidir. Onun nüfuzunu daha da artırmaq, tədrisin keyfiyyətini yüksəltmək üçün görüləsi işlərimiz çoxdur. Təbii ki, planlarımız genişdir, amma ilkin mərhələdə konkret istiqamətləri qeyd etmək istərdim. Fikrimcə, ADDA-nın regionda aparıcı dənizçilik ali təhsil müəssisəsinə çevrilməsi üçün ilk olaraq aşağıdakı müvafiq tədbirlərin görülməsi vacibdir. Bura akademiyanın maddi-texniki bazasının, akademik potensialının, maliyyə imkanlarının gücləndirilməsi və tam reallaşdırılması, dənizçilik sahəsində qabaqcıl beynəlxalq və xarici ali təhsil müəssisələri ilə müəllim və tələbə mübadiləsi, birgə proqramların tətbiqi və sair üzrə sıx əməkdaşlığın qurulması, əmək bazarının tələblərinə uyğun, beynəlxalq standartlar əsasında yeni ixtisasların açılması imkanlarının nəzərdən keçirilməsi, inzibati və akademik heyətin uyğun istiqamətlər üzrə peşəkarlığının davamlı inkişafı üçün müvafiq tədbirlərin görülməsi, gənclərin ADDA-da akademik fəaliyyətə cəlb olunması üçün təşviqedici tədbirlərin görülməsi, əlavə təhsil üzrə qayda və proqramların yenilənərək əhatə dairəsinin genişləndirilməsi, tədrisin təşkilində və Akademiyanın idarə olunmasında süni intellektin tətbiqi və rəqəmsallaşdırılmanın genişləndirilməsi, xarici ölkələrdə Akademiyaya marağın artırılması üçün konkret tədbirlərin görülməsi və əcnəbi tələbələrin ADDA-ya daha çox cəlb olunması. Bu planların gerçəkləşməsi üçün bütün heyətimizlə və var qüvvəmizlə çalışacağımıza şübhə etmirəm.
Şərhlər