Nazlı Ağayeva
Ölkə 17:38 12.05.2020

Bizi birləşdirən körpü: Koronavirus...

Nazlı Ağayeva 

Karantinin ilk günlərində hərə bir cür "panikaya” girmişdi. Əzizlərindən ayrı düşənlər, əlindəki yanan işi yarımçıq qalanlar, qapısında xeyir-şər məclisi quranlar və çörəyi gündəlikdən gələnlər... Mənim mövzum sonunculardır.

– Sevda ağlamsınıb yavaşdan dedi ki, özümüz cəhənnəm, heyvanlar acından öləcəklər. Mən günaşırı gedirdim kafeyə, dünən yorğun gəlib ertədən yatmışdım. Çaşıb üzünə baxa-baxa qalanda özünü toxtadıb bütün obyektlərin bağlandığını söylədi. Daha evdən çıxa bilməyəcəkdik. Çıxmağın nə mənası vardı ki? Heç birimizin saxlancda bir manatımız yox idi. Qazandığımız gündəlik beş-üç manatla özümüzü dolandırırdıq. Bir də hər kəsin qapımıza azdırdığı və ondan sonra zor-xoş bizimkiləşən pişiklərin yeməyini alırdıq. 

*

Heyvanlar onların əvvəl qəlbinə, sonra evlərinə girirlər. Zibil atarkən xurma qutusunda "ckoçlanmış” yavrunun hənirtisini onlardan yaxşı duyan olmaz. O qutu açılana qədər özünü o qədər yeyib-bitirən də. Lüks avtomobilli harının vurub sərdiyi heyvanın üstünə onlar kimi kimsələr qaçmaz. O heyvanı nəyin bahasına olur-olsun sağaltsalar bayramları olar, sağalda bilməsələr günlərlə gözlərinin nəmi qurumaz. 

Hazır heyvan yemi almağa imkanları çatmaz qızların. Hər gün pişiklərə ət qatılmış yemək bişirərlər. Xəstələnəndə baytar çağırıb iynə-dərmanını edərlər. Adla çağırarlar pişikləri. Səslərini alan kimi qaçıb üstlərinə gələn heyvanlara hər zaman eyni şəfqətlə qollarını açarlar. Otuz ilin qonşusuyuq. O ekiz bacılardan indiyə qədər kimsəyə iynə ucu boyda ziyan dəydiyini nə görmüşəm, nə də eşitmişəm. Əksinə, xeyirdə-şərdə işin ağırından yapışıb bir tərəfdə qab-qacaq yuyar, düşəni qaldırarlar.

*

Ayrı düşdüyüm əzizlərimdəndi qızlar. O aralarda əl yetirə bilmirdim onlara. Onlar da mənə. 190 manatlıq söhbət çıxıb gündəmə hakim olanda çox sevindim. O 190 manat dərhal gündəlik işindən ayrı düşmüş yüz minlərlə vətəndaşın ümid yerinə çevrildi. Çünki o 190 manat çörəkdi, istilikdi, dava-dərmandı, qapını kəsdirmiş məchul bəlaya az-çox müqavimətdi. 

Qızların şəxsiyyət vəsiqələrini qeydiyyatdan keçirtmək lazım idi. Kənddə texniki imkanım yox idi. Ölüm-zülüm internetə girəndə İnara Camal adlı gəncin müraciətini gördüm. Qeydiyyat məsələsinə ehtiyacı olanlara yardım etmək istəyirdi. Qızlarla əlaqə yaradıb bir yolla kimliklərini isti bir xahişlə İnaraya göndərdim. Sayt yüklü olduğundan bir neçə saat sonra qeydiyyatdan keçirdib mənə xəbər verdi. Adlarına heç nə yox idi, evlərinin yerinə tələsik quraşdırılan alayarımçıq tikilidə sənədsiz-sübutsuz yaşayırdılar. Rəsmi işləri də o cümlədən. Yəni, 190 manat labirintindən qeydsiz-şərtsiz keçəsi namizəd ola bilərdilər.

Günlər ötdü, qızlara SMS gəlmədi. Yağmurlu soyuq havada üstü daman, hər yandan üfürən evi qızdırmaq yemək xərclərini ötürdü. Niyyətdə birinin puluna evin dəlmə-deşiyini düzəldəcəkdilər. O biri hissə borclara-nisyələrə gedəcəkdi. O da ki, daşa dönüb dibsiz quyuya düşmüşdü. İnaraya dəxilsiz mesaj yazdım. Sanki sənədlərə İnara uşaq rəy verəcəkmiş kimi qızların durumunu əvvəldən izah etmişdim. Bir-iki saatdan sonra üzr istəyərək yazdı ki, əməliyyatda imiş. Evə qayıdan kimi ətraflı yazacaqdı mənə. Can, demək ki, uşaq xəstəxanadadır. Çox utandım. Nigarançılıq da bir yandan üzürdü ürəyimi. Birdən səhifəsinə baxmaq gəldi ağlıma. 

Allahım... Bu çəlimsiz gənc qız bəlkə ona yazdığım həmin anlarda ana olubmuş. Amma bıçaq altından çıxan kimi cavab göndərməyi unutmayıb. Təbrik yazdım ona, amma həyatının ən özəl günlərində belə ona  ehtiyacı ola biləcək insanları unutmadığına görə dil-ağız edə bilmədim. Tapdığım bütün güclü sözlər onun adi insani hərəkətinin yanında zəif göründü. Bilirəm, İnaranın bu sözlərə ehtiyacı yoxdur. Özümə yaddaş olsun deyə yazıram: Belə işıqlı və həssas gəncliklə gələcək gecikməyəcək.

Uzun intizardan sonra Sevdaya müavinət xəbəri gəldi. Sevincə "yox” dedilər. Adına vergidə müqavilə varmış. Türkə-saya Sevinc hara, vergi müqaviləsi hara? Dörd il əvvəl işlədiyi kafenin sahibinə vergidən ilişiblər. O da söz kəsmək üçün işçilərinin bir-ikisini  qeydiyyatdan keçirib. Bir aydan sonra kafe bağlanıb. Müqavilə isə açıq qalıb. Ölkədə istənilən vaxt vətəndaşın ayağına çidar olan yüzlərlə saxta qanunlar kimi bu da belə...

O 190 manatla Sevincin həyatı dəyişməyəcəkdi. Çiynində illərlə gəzdirdiyi zəhmət yükü azalmayacaqdı. Sadəcə qəza vəziyyətindəki ilkin yardım kimi bir şey olacaqdı. Olmadı. Olmaması üçün min hoqqa icad edən yuxarılar, gözünüz aydın! Daha bir təmiz, fədakar insanın ümidlərini udub 190 manat qazandınız. Amma bütün uduşlarınıza rəğmən miskin zavallılarsımız. Sevinc isə:

– Haqqı olan hər şeydən məhrum edildiyinə baxmayaraq ölkənin ən zəngin adamlarından daha zəngindir. Çünki yığıb-yığışdırdığı təmtaraqlı mülklərin bircə qarışına həsəd aparmadan hansısa ac heyvan üçün qazandığı ruzuya sevinir. Təkbaşına bacardığı işin haqqına şərik etmək üçün özünə bəhanə ilə yoldaş götürür ki, hansısa evdə uşaqların üzü gülüb qarnı doysun. Hələ bu harasıdır, isti-soyuqdan dərisi nazilmiş balaca əlləri ilə qapısını istənilən DTX-çıya aça bilər. Hətta maskasını götüzdürüb ona çay da verər. 

Xeyirxahlıq, mərdlik sevinclərin həyat tərzidir. Bu tərzi daşıyanlar nə allahdan savab umarlar, nə bəndədən mükafat. Eləcə vicdanla, şərəflə yaşayarlar. Vicdan, şərəf demişkən son olaylardan məlum oldu ki, ölkənin on-on beş başçısına əl qoyulsa toplum rəqəm 190 manatın kütləvi şəkildə verilməsini təmin edər. Kimi və nəyi gözləyirlər görəsən? Növbəti dalğanımı? Bilmirik. Bildiyimiz yeganə və çox kədərli bir həqiqət var: 

– Koronavirus adlanan mərət ölkəni bizə, bizi özümüzə tanıtdı. Hayıf, nə gündə olduğumuzu görməsəydik, heç deyilsə ümidlərimiz ölməzdi...

P.S. Dürüstlüyünə daim güvəndiyim rəfiqəmin faktlara istinadən yazdığı statusdan:

"Ömrünün beş ili ön cəbhədə keçən pulemyotçu və qumbaraatan Sabir adlı veteran 80 (!!!) manat miqdarında pensiya alır. Arvadı və iki yeniyetmə uşağı ilə Bakıda kirayədə qalan döyüşçü Azərbaycan vətəndaşına "təqaüdçü olduğunuz üçün sizə 190 manat birdəfəlik ödəmə düşmür" bildirişi gəldi. Həyat yoldaşı da əri təqaüdçü olduğu üçün eyni imtina cavabını aldı. 

...Təxminən üç min manatlıq "kosmik” nömrədən "mırta” 190 manata sms göndərən və qeydiyyatı milyonçular məhəlləsində olan gənc qadının sorğusuna dövlətin aidiyyətli nazirliyi müsbət cavab verib”. 

O taleyüklü cavab gəlincə xanımın nələr çəkdiyini təsəvvür edirik. Çox şükür, sonda haqq yerini tutub...