Siyasət 21:43 26.08.2022

Bölgədə yeni savaş anonsu - Tayvan silahlanır, Çin təyyarələrini havaya qaldırıb (ŞƏRH)

Xarici mətbuatın yazdığına görə, Tayvan Çinlə artan gərginlik fonunda 2023-cü il üçün hərbi büdcəsini təxminən 13 faiz artıracağını açıqlayıb. Taypey elan edib ki, gələn il üçün hərbi büdcəsi görünməmiş bir məbləğə 415,1 milyard dollara çatacaq. 

Büdcəyə cavabdeh olan qurum mətbuata açıqlamasında qırıcı təyyarələrin alınması üçün də büdcə ayrılacağını açıqlayıb. Hərbi büdcə parlament tərəfindən təsdiqlənməlidir və gözlənilir ki, qanunverici orqan məhz bu istiqamətdə də addım atacaq. Hər halda ABŞ Nümayəndələr Palatasının sədri Pelosinin Tayvana səfəri bölgədə vəziyyətin xeyli dərəcədə gərginləşməsinə səbəb olub. Buna cavab olaraq Çin Tayvan ətrafında hava uçuşları təşkil edib. Ardınca hələ də davam edən hərbi təlimlər keçirir. Amma buna baxmayaraq, görünən odur ki, ABŞ-dan dəstək alan Tayvan da geri çəkilmir. Əksinə, təhlükənin real olduğunu görərək, hərbi büdcəsinin artırılması yolunu tutur. Belə vəziyyət isə istər-istəməz Çinlə Tayvan arasında müharibə ehtimalının böyük olduğunu düşünməyə əsas verir.
 
Politoloq Əlimusa İbrahimov Qaynarinfo-ya açıqlamasında mövcud vəziyyəti şərh edərək bildirir ki, Tayvanla Çin arasında müharibə istisna deyil:



"Tayvanın hərbi büdcəsini artırması heç də təsadüfi deyil, gözlənilən hadisədir. Nümayəndələr Palatasının Pelosinin adaya səfəri Vaşinqtonla Pekin arasında münasibətləri yetərində gərginləşdirdi. Nəticədə Çin Tayvana qarşı bu vaxta qədər görünməyən blokada tətbiq edib. Həmçinin ada ətrafında hərbi təlimlər də keçirir. ABŞ-da Tayvanı öz silahlı qüvvələrini gücləndirməyə təhrik edir. Düzdür, Tayvanın Çinə qalib gəlməsi qeyri-mümkündür. Buna baxmayaraq, ABŞ-ın köməyilə silahlanmaqda davam edir”. 

Ekspert qeyd edir ki, Tayvanın hərbi büdcəsini artırması iki məqsəd daşıyır: 

"Bununla ada rəhbərliyi müəyyən qədər Çini çəkindirmək məqsədi güdür. Digər tərəfdən də bu addımla Tayvan öz müvazinətini qorumaq və müdafiə qüvvəsini artırmağı düşünür”. 

Rüfət Sultan