“Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) yaradılmasının təşəbbüskar və ideya müəlliflərindən biri, eyni zamanda, təşkilatın qurucu üzvlərindən biridir. 2009-cu ildə Naxçıvanda əsası qoyulan proses bu gün yeni mərhələyə qədəm qoyub”.
Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu Qaynarinfo-ya Prezident İlham Əliyevin çıxışında Azərbaycanın TDT çərçivəsində həm platforma, həm təşəbbüskar, həm də etibarlı tərəfdaş kimi təqdim olunması ilə bağlı fikirlərini şərh edərkən deyib.
Deputatın sözlərinə görə, yeni mərhələ TDT-yə üzv ölkələr arasında təhlükəsizlik və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar yaradır:
“2009-cu ildən Naxçıvandan başlayan bu yol bu gün yeni bir tarixi mərhələyə qovuşub. Bu, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr üçün yeni imkanlar, yeni təhlükəsizlik və iqtisadi əməkdaşlıq perspektivləri yaradır. Azərbaycan platformadır, ona görə ki, əməkdaşlıq üçün geniş imkanlar var, həm coğrafi mövqe etibarilə qovşaqlar və bağlantılar coğrafiyasıdır, həm iqtisadi imkanlarına, əməkdaşlıq potensialına görə çox böyük investisiya qəbul edə və investisiya yatıra biləcək imkanlara sahib olan bir ölkədir”.

Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycanla TDT-yə üzv ölkələr arasında yaradılan dövlətlərarası və hökumətlərarası şuralar əməkdaşlığın konkret layihələrə çevrilməsinə imkan verir:
“Diqqət yetirsəz, görəcəksiniz ki, az qala Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin hər biri ilə Azərbaycan arasında xüsusi dövlətlərarası və ya hökumətlərarası şura fəaliyyət göstərir. Bu da imkanların realizə olunması baxımından əhəmiyyətlidir. Qardaş Türkiyə ilə, Özbəkistanla, Qazaxıstanla mövcud olan bu şuralar hər il qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün yeni təşəbbüs və layihələrlə çıxış edir. Eyni zamanda, Qırğızıstanla Azərbaycan arasında ortaq yatırım fondu yaradılıb və bu yatırım fondu hesabına iki ölkə arasında ortaq layihələr həyata keçirilir. Bütün bunlar, əlbəttə ki, tərəfdaşlıq platformasıdır, əməkdaşlıq platformasıdır, həm də hüquqi və mənəvi baxımdan Azərbaycanı etibarlı tərəfdaş edir. Düşünürəm ki, bu, əməkdaşlıq üçün lazım olan əsas keyfiyyətlərdən biridir”.
Deputat Azərbaycan Prezidenti İlham Əliyevin TDT-yə üzv dövlətlərin başçılarının ildə bir dəfədən çox görüşməsi ilə bağlı fikrinə də münasibət bildirib. O hesab edir ki, dünyada baş verən proseslərin sürətlənməsi belə görüşlərin daha tez-tez keçirilməsini zəruri edir:
“Buna görə də Azərbaycan Prezidenti fikrin davamı olaraq Türk Dövlətləri Təşkilatına üzv olan dövlət başçılarının ildə bir dəfədən çox görüşməsi zərurətindən danışdı. Çünki dövr sürət dövrüdür. İqtisadi əməkdaşlıq üçün və münasibətləri daha da strateji baxımdan dərinləşdirmək üçün həm aktual gündəm yaranır, həm də dinamika özü-özlüyündə bunu zəruri edir. Bu gün dünya siyasətində baş verən hadisələr hər gün yeni bir əməkdaşlıq istiqamətini zəruri edir və burada həm də təhlükəsizlik daxildir. İkincisi, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin ortaq, sinxron hərəkət etməsi və yeni dünya nizamında ortaq mövqe müəyyənləşdirməsi üçün dövlət başçılarının məsləhətləşmələrinə və görüşlərinə ehtiyac yaranır. Düşünürəm ki, bu da, əlbəttə ki, birdən çox görüşü zəruri edir”.

Hikmət Babaoğlu bildirib ki, siyasi əməkdaşlıqla yanaşı, iqtisadi gündəmdəki dinamika da TDT çərçivəsində daha intensiv təmaslara ehtiyac yaradır. Onun sözlərinə görə, nəqliyyat və logistika sahəsində yeni imkanların reallaşdırılması üçün təşəbbüslərin artırılması vacibdir:
“Eyni zamanda, iqtisadi gündəm də bu siyasi iradəni təqib etməklə dinamika ilə ayaqlaşmaq zərurətini yaradır. Məsələn, Azərbaycanın bayaq qeyd etdiyimiz o tərəfdaşlıq platforması kontekstində yeni bağlantıları, yeni tranzit imkanları, Transxəzər marşrutu, TRİP marşrutunu qeyd etdik. Amma həm də demək lazımdır ki, yük daşımaları və logistika baxımından da yeni perspektivlər var. Buna görə də, nə qədər çox görüş, nə qədər çox təşəbbüs, nə qədər çox ideya olarsa, bir o qədər də imkanlar xalqlarımıza daha çox dividendlər gətirə, Türk Dövlətləri Təşkilatını daha monolit, daha nüfuzlu bir təşkilata çevirə bilər”.
Günay İlqarqızı
Şərhlər