Böyrəklərin sağlamlığı üçün hansı içkilərin qəbul edildiyi böyük əhəmiyyət daşıyır. Diyetoloqların fikrincə, bu baxımdan ən faydalı içkilərdən biri yaşıl çaydır.
Qaynarinfo xəbər verir ki, bu barədə "EatingWell” nəşri yazır.
Məqalədə qeyd olunur ki, böyrəklər gün ərzində fasiləsiz işləyir və təxminən 150 litr qanı filtrasiya edir. Onlar toksinləri orqanizmdən çıxarır, elektrolit balansını tənzimləyir, qan təzyiqinə təsir göstərir, eritrositlərin yaranmasına kömək edir və sümüklərin sağlamlığını dəstəkləyir.
Mütəxəssislərin sözlərinə görə, kifayət qədər maye qəbul etmək böyrəklərin normal fəaliyyətini qorumağın ən vacib yollarından biridir. Su ən yaxşı seçim hesab olunur, lakin yaşıl çay tərkibindəki antioksidantlara görə əlavə faydalar verə bilər.
Yaşıl çayın böyrəklərə faydası
İctimai səhiyyə üzrə magistr və diyetoloq Bricit Zeytlin bildirir ki, yaşıl çay ümumi sağlam qidalanmanın bir hissəsi kimi böyrəklərin funksiyasını dəstəkləyə bilər.
Onun sözlərinə görə, bu içki:
* böyrək daşlarının yaranma riskini azalda bilər
* orqanizmdə maye balansını qorumağa kömək edir
* sidik yollarının sağlamlığını dəstəkləyir
2019-cu ildə "ScienceDirect” platformasında dərc olunan araşdırmaya görə, yaşıl çayın böyrəklər üçün faydası onun yüksək antioksidant tərkibi ilə əlaqədardır. Xüsusilə epigallokatexin-3-qallat (EGCG) adlı polifenol maddəsi böyrəklərin xroniki xəstəliklərindən və kəskin zədələnməsindən qorunmağa kömək edə bilər.
Araşdırmalar həmçinin göstərir ki, orqanizmin kifayət qədər maye ilə təmin olunması böyrəklərin sağlamlığında mühüm rol oynayır. "Cambridge Core” platformasında 2022-ci ildə yayımlanan tədqiqata görə, maye balansının qorunması:
* böyrək daşlarının yaranmasının qarşısını alır
* tullantı maddələrin sidik vasitəsilə çıxarılmasını asanlaşdırır
* elektrolit balansını tənzimləyir
* qan təzyiqinin normal qalmasına kömək edir
Bricit Zeytlin gündə 8–10 stəkan maye qəbul etməyi tövsiyə edir. Onun sözlərinə görə, bu mayenin 3–4 stəkanını çay əvəz edə bilər.
Böyrəklər üçün yaşıl çayı necə içmək lazımdır?
Mütəxəssislər bildirir ki, maksimum fayda əldə etmək üçün yaşıl çayı şəkərsiz içmək lazımdır.
2023-cü ildə "Journal of Global Health” jurnalında dərc olunan araşdırma göstərib ki, şəkərsiz çay içmək xroniki böyrək xəstəliyi riskini azalda bilər. Lakin şəkərlə içilən çayda bu təsir müşahidə olunmayıb.
Kimlər ehtiyatlı olmalıdır?
Böyrəklərin xroniki xəstəliklərindən əziyyət çəkən insanlar yaşıl çayı rasiona əlavə etməzdən əvvəl mütləq həkimlə məsləhətləşməlidir. Bu barədə böyrək sağlamlığı üzrə ixtisaslaşmış diyetoloq Cen Ernandes bildirib.
Eyni tövsiyə müxtəlif dərman preparatları qəbul edən şəxslərə də aiddir. Çünki bəzi hallarda çay tərkibli maddələr dərmanlarla qarşılıqlı təsir göstərə bilər.
Aydın
Şərhlər