Böyük Britaniya hökuməti müdafiə naziri Con Hilinin istefasından sonra bu vəzifəyə Den Cervisi təyin edib. Yeni təyinat barədə Baş nazir Kir Starmer məlumat verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazıb.
Starmer bildirib ki, ölkənin təhlükəsizliyinin təmin olunması hökumətin əsas prioritetidir:
"Britaniya xalqının təhlükəsizliyini təmin etmək mənim əsas vəzifəmdir və milli təhlükəsizliyimizi qorumaq üçün lazım olan hər şeyi etməyə davam edəcəyəm. Silahlı qüvvələrimizi gücləndirdiyimiz və ölkəmizin üzləşdiyi artan təhdidlərə qarşı mübarizə apardığımız bir dövrdə Den Cervisi müdafiə naziri təyin etməkdən məmnunam".
Den Cervis kimdir?
Den Cervis 2011-ci ildən Böyük Britaniya parlamentinin üzvüdür. O, 2018–2022-ci illərdə Cənubi Yorkşir bölgəsinin meri vəzifəsində çalışıb.
2024-cü ildə Leyboristlər Partiyası hakimiyyətə gəldikdən sonra Cervis təhlükəsizlik naziri vəzifəsinə təyin olunmuşdu.
Siyasi fəaliyyətə başlamazdan əvvəl isə o, 1997–2011-ci illərdə Böyük Britaniya ordusunun paraşüt alayında zabit kimi xidmət edib. Cervis İraq, Əfqanıstan və Kosovo daxil olmaqla bir sıra hərbi əməliyyatlarda iştirak edib.
Vəzifədə nə qədər qalacağı məlum deyil
Nəşr qeyd edir ki, Den Cervisin müdafiə naziri vəzifəsində nə qədər müddət çalışacağı hələ aydın deyil. Bunun səbəbi Baş nazir Kir Starmerin siyasi gələcəyi ətrafında yaranan qeyri-müəyyənlikdir.
Gələn həftə keçiriləcək əlavə seçkilərin Böyük Mançester meri Endi Börnhemin Leyboristlər Partiyasının liderliyi uğrunda mübarizəyə qoşulmasına şərait yarada biləcəyi ehtimal olunur.
Con Hilinin istefası
Böyük Britaniyanın keçmiş müdafiə naziri Con Hili cümə axşamı vəzifəsindən istefa verib. Məlumata görə, istefanın səbəbi müdafiə xərcləri ilə bağlı Xəzinədarlıq Nazirliyi ilə aylarla davam edən fikir ayrılığı olub.
Hili müdafiə büdcəsində yaranmış 28 milyard funt-sterlinqlik (təxminən 37 milyard ABŞ dolları) maliyyə çatışmazlığının dövlət xəzinəsi hesabına qarşılanmasını tələb edib. Lakin bu tələb Xəzinədarlıq Naziri Reyçel Rivz tərəfindən rədd edilib.
Ekspertlər hesab edirlər ki, Hilinin istefası həm Kir Starmerin siyasi mövqeyinə, həm də Böyük Britaniyanın müdafiə sektorunda sabitliyə mənfi təsir göstərə bilər.
Aydın
Şərhlər