Dubay hakimiyyəti britaniyalı bloger Bruk Corca qarşı qəsdən adam öldürmə ittihamı irəli sürüb. Yerli qanunvericiliyə əsasən, bu ittiham üzrə ona ölüm cəzası, o cümlədən güllələnmə ilə edam hökmü verilə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Times" da daxil olmaqla bir sıra Britaniya nəşrləri məlumat yayıb.
Hazırda 23 yaşlı qadın Dubayın Bur-Dubay həbsxanasında saxlanılır. Bruk Corcun "TikTok" platformasında təxminən 100 min izləyicisi var.
Məlumata görə, ittiham Britaniya vətəndaşının öldürülməsi ilə bağlıdır. "The Times"ın yazdığına görə, Corc həmin şəxslə internet vasitəsilə tanış olub. O, Dubaya iki dəfə səfər edib və qadının iddiasına əsasən, ikinci səfəri zamanı həmin şəxs ona qarşı fiziki zorakılıq göstərməyə başlayıb.
Bruk Corc bildirib ki, növbəti zorakılıq hadisələrindən biri zamanı mətbəx bıçağını götürərək kişiyə bir neçə zərbə endirib. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən ölüb.
Məlumata görə, qadın bir neçə gün əvvəl ölkəni tərk etməyə cəhd göstərərkən saxlanılıb. Lakin onun həbsi ilə bağlı məlumat ictimaiyyətə yalnız indi açıqlanıb.
Böyük Britaniyanın Xarici İşlər və Birlik İşləri Nazirliyi media orqanlarına bildirib ki, Bruk Corcun işi diqqətlə izlənilir.
Aydın
Şərhlər