Ukraynanın Aqrar Siyasət və Ərzaq naziri Nikolay Solski və onun polşalı həmkarı Robert Telus taxıl embarqosu ətrafında yaranmış vəziyyəti, habelə Ukraynanın onun həlli təklifini müzakirə edərək, hər iki ölkənin maraqlarını nəzərə alan həll yolunun tapılması barədə razılığa gəliblər.
Qaynarinfo
xəbər verir ki, müvafiq nazirlikdən verilən məlumata görə, tərəflər dəfələrlə nümayiş etdirdikləri sıx və konstruktiv münasibətləri təsdiqləyib və bunu nəzərə alaraq, yaxın gələcəkdə ixrac məsələləri üzrə qarşılıqlı fəaliyyət variantının hazırlanması barədə razılığa gəliblər.
Növbəti danışıqların yaxın günlərdə aparılacağı, həmin vaxta qədər hər iki tərəfdən hazırlanmış məsələlərin müzakirə olunacağı qeyd olunur. Polşa tərəfi həmçinin Ukraynanın ixrac planını öyrənəcək və ona öz təkliflərini hazırlayacaq.
Slovakiya isə Ukrayna taxılına qoyulan qadağanı ləğv etməyə razılaşıb. Ukrayna isə ÜTT-də Slovakiyaya qarşı qaldırdığı şikayəti dayandırmağa razı olub.
Reuters-in Slovakiyanın müvafiq nazirliyinə istinadən yazdığına görə, Slovakiya və Ukraynanın kənd təsərrüfatı nazirləri taxıl ticarətinin lisenziyalaşdırılması sisteminin yaradılması barədə razılığa gəliblər ki, bu da Ukraynanın dörd kənd təsərrüfatı məhsulunun Slovakiyaya idxalına qoyulan qadağanı aradan qaldırmağa imkan verəcək.
"Bu sistem işə düşənə və tam sınaqdan keçirilənə qədər Ukraynadan dörd malın idxalına qoyulan qadağa qüvvədə qalır”, - deyə məlumatda bildirilir.
Bununla belə, Slovakiya Nazirliyi lisenziyalaşdırma sisteminin necə işləyəcəyi barədə ətraflı məlumat verməyib.
Alpər
Şərhlər