Fransanın keçmiş ədliyyə və mədəniyyət naziri Rəşidə Dati barəsində korrupsiya iddiaları ilə bağlı məhkəmə prosesi başlayıb. Sentyabrın 16-da Paris Cinayət Məhkəməsi siyasətçiyə 2010-cu illərdə “Renault-Nissan” alyansından ödənilən 900 min avronun hansı xidmətlərə görə verildiyini araşdırmağa başlayıb.
Qaynarinfo xəbər verir ki, 60 yaşlı Rəşidə Dati vaxtilə hakim, vəkil, deputat, nazir və Parisin VII rayonunun meri kimi fəaliyyət göstərib. O, ittihamları qəbul etmir və avtomobil şirkətindən aldığı vəsaitin hüquqi və məsləhət xidmətlərinə görə qanuni qonorar olduğunu bildirir.
İşin əsas epizodu 2009-cu ilə aiddir. Həmin vaxt Dati Nikolas Sarkozinin hökumətində ədliyyə naziri vəzifəsindən ayrılaraq Avropa Parlamentinə deputat seçilib. Elə həmin dövrdə o, “Renault-Nissan”ın törəmə şirkətlərindən biri ilə müqavilə imzalayıb.
Müqaviləyə əsasən, Dati avtomobil qrupunun beynəlxalq bazarlarda, xüsusilə Yaxın Şərq və Şimali Afrika ölkələrində fəaliyyətinin genişləndirilməsinə dəstək verməli idi. İllik ödəniş 300 min avro müəyyənləşdirilib. Müqavilə iki dəfə uzadılıb və nəticədə siyasətçi ümumilikdə 900 min avro alıb.
İstintaq: “Bu, gizli lobbiçilik ola bilər”
Dati öz fəaliyyətini “biznes diplomatiyası” kimi xarakterizə edir. Onun sözlərinə görə, şirkətə beynəlxalq bazarlarda əlaqələrin qurulmasında kömək edib və gördüyü işlərə görə qonorar alıb.
İstintaq isə müqavilənin mahiyyətinə başqa cür yanaşır. Çünki həmin vaxt Dati Avropa Parlamentinin deputatı idi və Avropa qanunvericiliyinə əsasən deputatların Aİ-də qərarların qəbuluna birbaşa təsir göstərən ödənişli lobbiçilik fəaliyyəti ilə məşğul olması qadağandır.
İstintaq orqanları Dati ilə “Renault-Nissan” arasındakı müqavilənin əsl fəaliyyətin gizlədilməsi üçün istifadə edilmiş ola biləcəyini araşdırır.

Müqavilə 2019-cu ildə “Renault”un baş qərargahında aparılan axtarış zamanı aşkarlanıb. Həmin vaxt şirkətin keçmiş rəhbəri Karlos Qonun Yaponiyada həbsindən sonra Fransa hüquq-mühafizə orqanları onun Dati ilə əlaqələrini də araşdırmağa başlayıb.
İstintaq materiallarında Dati tərəfindən görülmüş işləri təsdiqləyən elektron məktubların, hesabatların və digər yazılı sənədlərin kifayət qədər olmadığı qeyd edilir. Həmçinin onun Avropa Parlamentində avtomobil sənayesi ilə bağlı çıxışları da diqqətə alınıb.
Dati avtomobillərin yaratdığı səs-küy səviyyəsi ilə bağlı məsələlərdən birini parlamentdə gündəmə gətirib. İstintaqa görə, bu mövzu hələ Avropa Parlamentinin saytında yayımlanmamışdan əvvəl Karlos Qona elektron poçtla göndərilib. Prokurorluq bunu siyasətçinin kommersiya müştərisinin maraqları naminə fəaliyyət göstərməsinin mümkün göstəricilərindən biri hesab edir.
Dati isə bütün fəaliyyətinin rəsmən bəyan edildiyini və gördüyü işlərlə bağlı sübutları məhkəməyə təqdim etdiyini bildirir. Onun müdafiəsi həmçinin şirkətin bu iş üzrə zərərçəkmiş tərəf olmadığını və söhbətin dövlət vəsaitindən getmədiyini vurğulayır.
Siyasətçinin sözlərinə görə, o, “Renault”un Mərakeşin Tanjer şəhərində zavod layihəsinə dəstək verib. Müdafiə tərəfi bu işlə bağlı keçmiş şirkət rəhbərlərinin və Mərakeşin yüksək vəzifəli şəxslərinin ifadələrini məhkəməyə təqdim etməyi planlaşdırır.
Datiyə 10 ilədək həbs təhlükəsi var
Rəşidə Dati təqsirli bilinərsə, onu 10 ilədək həbs, 450 min avroyadək cərimə və seçkili vəzifə tutmaq hüququndan məhrumetmə gözləyə bilər.
Dati hazırda Parisin VII rayonunun meridir. O, 15 mart 2026-cı ildə keçirilən seçkilərdə yenidən bu vəzifəyə seçilib. Sentyabrın əvvəlində ona Ədliyyə Nazirliyində prokuror vəzifəsi təklif edilsə də, təyinat proseduru tamamlanmayıb.
İş üzrə digər təqsirləndirilən şəxs isə “Renault-Nissan” alyansının keçmiş rəhbəri Karlos Qondur. Lakin o, Parisdə keçirilən məhkəmədə iştirak etməyib.
2018-ci ildə Yaponiyada həbs edilən Qon 2019-cu ilin sonunda ölkədən qaçaraq Livana gedib və hazırda Beyrutda yaşayır. Fransa məhkəməsinə göndərdiyi məktubda prosesə videobağlantı vasitəsilə qoşulmağa hazır olduğunu bildirib. Qon məhkəməyə çağırışın ona gec çatdırıldığını və hazırlıq üçün kifayət qədər vaxtının olmadığını əsas gətirib.
Məhkəmə prosesinin sentyabrın sonunadək davam etməsi gözlənilir. Əsas sual isə Datiyə ödənilən 900 min avronun hüquqi xidmətlərin qarşılığı olub-olmaması və ya onun Avropa institutlarında şirkətin maraqlarını irəli sürməsi ilə bağlı ödəniş kimi qiymətləndirilib-qiymətləndirilməyəcəyidir.
Aydın
Şərhlər