Xəbər lenti

Buzqıranla beyin əməliyyatı: Nobel mükafatlı
Dünya 09:20 11.07.2025

Buzqıranla beyin əməliyyatı: Nobel mükafatlı "müalicə" 500 insanın ölümünə səbəb olub

1895-ci ildə ABŞ-ın Filadelfiya şəhərində anadan olan Volter Friman adlı nevroloq məşhur cərrah nəsilindən gəlirdi. O, Yel Universitetini bitirdikdən sonra nevrologiya üzrə ixtisaslaşaraq Vaşinqton şəhərindəki Müqəddəs Elizabet ruhi xəstəxanasında çalışmağa başlayıb. Burada ağır psixi pozuntulardan əziyyət çəkən pasiyentlərlə üzləşməsi, onu simptomları yox, səbəbləri aradan qaldırmağa yönəlmiş radikal bir müalicə üsulu axtarmağa vadar edib.

Qaynarinfo xəbər verir ki, 1935-ci ildə portuqaliyalı nevroloq Antonio Eqas Monisin tətbiq etdiyi və leukotomiya adlandırılan yeni beyin əməliyyatı ilə tanış olan Friman bu üsulu inkişaf etdirərək ABŞ-da tətbiq etməyə başlayıb. Onun məqsədi beynin ön paylarındakı sinir əlaqələrini kəsərək davranış pozuntularını düzəltmək olub. 1936-cı ildə cərrah Ceyms Vatts ilə birlikdə ilk leukotomiya əməliyyatını həyata keçirən Friman bu cəhdlə ruhi xəstəlikləri sağaltmaq istəsə də, nəticədə yüzlərlə insanın ölümünə və ya geri dönməz beyin zədələrinə səbəb olub.



Leukotomiyadan lobotomiyaya: Nobel mükafatlı dəhşət

İlk dəfə 1935-ci ildə Eqas Monis tərəfindən tətbiq edilən bu cərrahi müdaxilə zamanı xəstənin kəlləsində deşiklər açılıb, beyin ön korteksindəki sinirləri kəsmək üçün alkoqol tökülüb və içi boş iynələrlə beyin toxuması deşilib. 

Depressiya və şizofreniya kimi sağalmaz hesab edilən xəstəliklərin "müalicəsi" üçün nəzərdə tutulmuş bu prosedura görə Monis Nobel Tibb Mükafatına layiq görülüb. Lakin zamanla bu üsulun insanlığa qarşı bir qəddarlıq nümunəsi olduğu ortaya çıxıb.

İlk "leukotomiya": 63 yaşlı qadın üzərində

Friman ABŞ-da ilk "leukotomiya"nı Kanzas ştatından olan, depressiya və narahatlıqdan əziyyət çəkdiyi düşünülən 63 yaşlı Alis Hud Hammat adlı qadının üzərində həyata keçirib. Əməliyyat zamanı Friman onun kəlləsində deşik açaraq beyinə xüsusi alət yerləşdirib. Qadın əməliyyatdan sonra ruhi müəssisələrdən uzaqda yaşamağa nail olsa da, beş il sonra vəfat edib.



Buzqıranla beyin əməliyyatı: Transorbital leukotomiya

Friman əməliyyatı daha tez və sadə şəkildə icra etmək məqsədilə yeni üsul düşünüb. Bunun üçün öz mətbəxindəki buzqıranı alətə çevirib. Bu texnika, "transorbital leukotomiya” kimi tanınmağa başlasa da, geniş şəkildə "buzqıran leukotomiyası” adı ilə yadda qalıb. 

Prosedura zamanı xəstəyə elektroşok və ya lokal anesteziya tətbiq edilir, buzqıran göz yuvasının üst hissəsinə yerləşdirilir və çəkiclə göz üstündəki incə sümüyə vurularaq beyin ön paylarındakı əlaqələr kəsilib. Bu əməliyyat təxminən 10 dəqiqə çəkib və bir çox pasiyentdə uşaqsayağı davranışlar, lal və itaətkar hallar müşahidə olunub.

"Səyyar şou" ilə yayılmış cəlladlıq

Frimanın bu üsulu o qədər maraq görüb ki, buzqıran və çəkiclə birlikdə ölkəni dolaşaraq nümayiş etdirdiyi leukotomiyalar tanınıb. Media onun əməliyyatlarını böyük maraqla işıqlandırıb, yüzlərlə xəstəxana və ruhi müalicə müəssisəsində bu əməliyyatı tətbiq edib.



Kennedilərin ailəsinə qədər uzanan faciə

Frimanın ən məşhur pasiyentlərindən biri ABŞ prezidenti Con Kennedinin bacısı Rozmari Kennedi olub. O, 23 yaşında "aqressivlik” səbəbi ilə əməliyyat olunub və leukotomiyadan sonra ömürlük ruhi xəstəxanada yaşamağa məcbur qalıb. 

Digər bir pasiyent - 12 yaşlı Hovard Dalli isə "sevgi və cəzaya reaksiya vermədiyi” üçün leukotomiya edilib.

Friman bir dəfə foto çəkimi zamanı aləti beyinə həddindən artıq sıxaraq pasiyentin ölümünə səbəb olmub. 1967-ci ildə sonuncu pasiyenti olan Helen Mortensen də leukotomiyadan sonra beyin qanaması keçirərək vəfat edib. Frimanın tətbiq etdiyi lobotomiyalardan təxminən 500-ü ölümcül nəticələnib.

Leukotomiyanın sonu və Frimanın tənəzzülü

1970-ci illərdə leukotomiya qeyri-insani hesab edilərək bütün dünyada qadağan olunub. Friman isə 2 il sonra səssiz şəkildə həyatını itirib. 

Antipsixotik dərmanların inkişafı ilə bu cərrahi üsula ehtiyac aradan qalxıb. Lakin bu "müalicə” əslində tibbin ən qaranlıq səhifələrindən biri kimi tarixə keçib. 1936–1951-ci illər arasında dünyada 50 minə yaxın lobotomiya əməliyyatı aparıldığı təxmin edilir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->