Xəbər lenti

İdman 16:55 29.11.2023

Cavid Hüseynov: “Cəbrayıl”a görə “Qarabağ”ın U-19 komandasından imtina etmişəm”

Millimizin sabiq futbolçusu Cavid Hüseynovun rəhbərlik etdiyi "Cəbrayıl” ötən gün Azərbaycan Kubokunda MOİK-ə 0:4 hesabı ilə məğlub oldu. Bəs komandanın builki hədəfləri və qarşıdakı planları necədir?

Bu barədə Hüseynov Qaynarinfo-ya danışıb. O açıqlamasında komandasının gələcəyi haqda düşüncələrindən, sponsor axtarışında olduqlarından və hazırkı durumundan söz açıb:

"Cəbrayıl” İkinci Liqa komandası olduğuna görə o qədər də böyük şans görünmürdü. Ən çox da qorxduğum futbolçularımın zədələnərək hansısa çempionat oyununda iştirak etməməsidir. Püşkatmadan sonra müzakirələr apardıq. Sözün düzü, kubok oyunlarına o qədər də müsbət yanaşmırdım. Ümidim az deyildi, sadəcə, ciddi yanaşmadıq. Onsuz da MOİK-i keçsək belə, qarşılaşacağımız növbəti rəqib "Qarabağ” idi. Uşaqların "Qarabağ”la Xankəndidə oynamaq istəyi var idi. Gördüm ki, çox istəyirlər bunu. Amma dünənki oyunda əllərindən gələni etsələr də, alınmadı”.

Hüseynov qarşıdakı planlardan da danışıb:

"Qışda minimum üç təcrübəli futbolçu transfer etmək istəyirik. Görək biz istədiyimiz nə dərəcədə alınacaq. Güclənmək istəyirik, buna doğru addımlar atırıq”.

Cavid Hüseyov Birinci Liqa ilə bağlı fikirlərini və "Cəbrayıl”ı mövsümün sonunda harda gördüyü haqda sualı belə cavablandırıb:

"Yaxşı çempionat gedir, nə qədər maraqlı olduğunu görürsünüz. Bu xal fərqindən də hiss edilir. Kifayət qədər yaxşı rəqiblərimiz var. Birinci yer uğrunda mübarizə aparırlar. Görək necə olacaq. İndidən nəsə demək tezdir, amma maraqlı keçir. "Cəbrayıl”ı harda görürəm? Bu suala cavab vermək bir qədər tezdir. Harda olmağımıza baxmayaraq, əlimizdən gələni etməyə çalışırıq. Ciddi işləməklə, doğru yanaşmaqla hər bir nəticə əldə etmək mümkündür. Yaxşı komanda formalaşdırmışıq, daha da inkişaf etdirmək istəyirik”.

O, "Cəbrayıl”ın stadion və sponsor probleminin davam etdiyini deyib:

"Azərbaycanda bir nömrəli problemimiz stadionla bağlıdır. "ASK Arena”nın dördüncü meydançasında hər gün məşqlərimizi keçirik. Peşəkar şəkildə yanaşırıq və bunun nəticəsini görmək istəyirik. Elə futbolçu olub ki, komandamda görmək istəmişəm. Amma həm çimərlik yığmasında, həm minifutbolda oynadığı üçün anlaşma baş tutmayıb. Əvvəlcədən də demişdim ki, futbolçular məşq proseslərinə diqqətlə yanaşmalıdır, onlardan hansınınsa çimərlik futbolunda, yaxud minifutbolda da oynamasını istəmirik. Çünki zədə ilə qarşılaşa bilərlər. Bu komandaya mane olacaq”.

Hüseynov "Cəbrayıl” üçün sponsor axtarışlarını davam etdirir:

"Axtarışdayıq, baxmayaraq ki, bizi qane edəcək dərəcədə cəbrayıllı iş adamı tərəfindən maliyyə yardımı olunub. Daha da yaxşılaşmağımız üçün ehtiyac var. Nəticə qazanmaq, təlim-məşq prosesləri keçmək baxımından futbolda maddi durum çox önəmlidir. Yenə də maliyyəyə ehtiyacımız var”.

Maraqlıdır, millimizin sabiq üzvü başqa klublardan təklif alıbmı?

"Açığı, ilk dəfə yaradanda düşüncələrim sırf "Cəbrayıl”la bağlı idi. Hansı ki, stadionumuzun tikilməsi, akademiyanın qurulması xəyallarım idi. Bu müəyyən illər ala bilər. Buna qədər hansısa Premyer Liqa klubunda çalışmaq mümkündür. Bir məsələ də var, bu il A kateqoriyası üzrə kurslarda oxuyuram. İmtahan vermək üçün hansısa klubun U-19 komandasını çalışdırmalı idim. "Qarabağ”ın U-19 komandasında çalışmağı təklif etmişdilər. Amma son anda cəbrayıllı iş adamı komandanın baş məşqçisi mövqeyində yalnız məni görmək istədi. Mən də "Cəbrayıl”a görə "Qarabağ”ın U-19 komandasından imtina etdim. Hansı ki, mənim üçün böyük şans idi. "Qarabağ”la hər şey danışılmış, razılığa gəlinmişdi. Əsas düşüncələrimiz "Cəbrayıl”la bağlıdır. Qayıtdıqdan sonra hansı işlər görülməlidir, stadion bizə nə vaxt təhvil verilməlidir və sair bu kimi məsələlər var. Bu gün xəyallarımı gerçəkləşdirməyə mane olan əsas problem stadiondur. Hazırda A kateqoriyası üzrə təhsilimi davam etdirirəm. Bu yaxınlarda analizlər üçün Gürcüstana da getmişdim. Daha sonra PRO-nu axuyacağam. Dayanmaq olmaz”, deyə mütəxəssis bildirib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->