Xəbər lenti

İdman 18:00 14.12.2022

Cavid Hüseynov: “Onu əsas komandaya bir hərəkətinə görə cəlb etmişəm”

Klubda baş verən dəyişikliklərdən sonra Premyer Liqanın cari mövsümünə o qədər də uğurlu başlamayan "Şamaxı” artıq toparlanmağa başlayıb. 17-ci turda "Zirə”dən də xal qoparmağaı bacaran, ümumilikdə son 5 turu məğlubiyyətsiz keçirən komanda qış fasiləsinə yaxşı notlar üzərində yollanmağa çalışır. Komanda ikinci dövrə başlayandan yalnız "Qarabağ”a məğlub olub. Bəs, qarşıdakı planlar necədir? "Şamaxı” uğurunu davam etdirə biləcəkmi?

Komandanın durumu ilə bağlı bir sıra suallarımız vardı ki, onlara məşqçi Cavid Hüseynovdan cavab aldıq. Veteran futbolçu Qaynarinfio-ya müsahibəsində bunları söylədi:

- Artıq 5 turdur ki, "Şamaxı” uğurlu çıxışını davam etdirir. Bu uğur nədən qaynaqlanır?

- Şükür, hər şey qaydasındadır. İkinci dövrə başlayandan yalnız "Qarabağ”a uduzmuşuq. Bütün rəqiblərdən xal almağı bacarmışıq. Qələbələrimiz, heç-heçə etdiyimiz oyunlar olub. Ümumilikdə dəyərləndirsək, inkişaf yolunu cızdığımız vaxt, yəni komandanı yeni formalaşdıranda köhnə heyətdən 3 futbolçu qalmışdı. Onlardan biri ilə yollarımızı ayırdıq. Qalanları yenidir, formalaşana qədər vaxt lazım idi. Şükürlər olsun, öhdəsindən gələ bildik. İnkişafımız göz qabağındadır, oyundan-oyuna daha yaxşı olur. Təkcə nəticələr önəmli deyil. Oyun planında hər şeyin qaydasında olduğu, maraqlı futbol oynadığımız, inkişaf hiss edilir. 

- "İştaha diş altındadır” deyirlər. Mövsümə başlayanda o qədər də uğurlu çıxış etmirdiniz, komanda nəticələrə görə lağ obyektinə çevrilmişdi, amma zaman keçdikcə inkişaf göründü. Bəs hazırda məqsəd nədir? 

- "Şamaxı”ya gələndə rəhbərliklə yerlilərdən təşkil olunmuş komanda yaratmaqla bağlı söhbətimiz oldu. Təbii məsələdir ki, bu il bir komandanın çıxacağı öncədən deyilmişdi. Məqsəd o idi ki, çempionatda sonuncu yeri tutmayaq və gələn il də Premyer Liqada oynayaq. Oyunlarımız, nəticələrimiz göstərir ki, daha artığını etmək iqtidarındayıq. Bu inamı şükürlər olsun ki, komandaya qazandıra bildik. Həqiqətən də yanaşmamız, düşüncəmiz tam fərqli oldu. İnkişaf etməyi bacardıq. Hər dəfə məşqdən əvvəl uşaqlarla söhbət edəndə daha yaxşı olmasını istədiyimizi və bunu bacara biləcəklərini deyirdim. Bütün rəqiblərlə oynamaq mümkündür. Onlara deyirdim ki, bunu etmək iqtidarındasınız, özünüzə inanın. Daha da irəli gedib, mövqeyimizi dəyişə bilərik. Hər şey öz əlimizdədir. Gecəmiz, gündüzümüz ancaq inkişaf etmək, irəliləmək haqda düşünməklə keçir. İnşallah istədiyimizə nail olarıq.

- "Zirə” ilə oyunla bağlı fikirləriniz necədir? Qələbə qazanmaq üçün nə çatmadı?

- "Zirə”ni analiz etmişdik. İlk oyunda pis təsir bağışlamadıq. Amma tam olaraq istədiyimizi ala bilmədik. İkinci oyunda analizləri futbolçulara göstərdik, hücumda, müdafiədə, yaxud keçidlərdə necə oynayacağımızı onlara başa saldıq. Oyundan-oyuna uşaqlar bir-birini başa düşür. Meydançada hansı vəziyyətdə necə qərar verməyi, "Zirə” ilə oyuna qədərki matçlarda daha dəqiq yerinə yetirirdilər. Bu da bizə kömək oldu. Oyunu iki hissəyə ayırardım. 70-75-ci dəqiqələrdən sonra "Zirə” bizi müdafiəyə çəkilməyə məcbur etdi. İlk hissədə rəqibdən tam olaraq üstün oynadıq, hücumlarımızın da kəsəri vardı. Sadəcə, son nöqtəni qoya bilmədik. Ümumilikdə həqiqətən yaxşı oyun sərgilədik. "Zirə”nin keyfiyyətli futbolçuları var. Baş məşqçiləri Rəşad Sadıqov hər zaman iddialı olub. Bir xal da bizim üçün çox önəmli idi. Təbii ki, üç xalı düşünürdük, qələbə qazanmaq üçün meydana çıxmışdıq. Təcrübə çatmadı. Bunu dəfələrlə qeyd etmişik, komandanın üzvlərinin 80-90 faizi Premyer Liqada ilk dəfədir çıxış edir. Müəyyən vaxt lazımdır. Təsəvvür edin, bu komanda 2-3 il birlikdə oynasa, hansı nəticələri qazanmaq olar. Hücumçumuz Rövşən Şahmuradoun 23 yaşı var. Amma bu yaşına qədər Premyer Liqada futbol oynamayıb. Düşünə bilirsiniz, bizim üçün nə qədər çətindir? Mən onu əvəzedici komandanın heyətində görmüşəm. Onu hücumdakı bir hərəkətinə görə əsas komandaya cəlb etmişəm. Düşünmüşəm ki, sistemimizə tam uyğun futbolçudur və yanılmamışam. O futbolçunun 18-19 yaşı olsaydı, daha ideal oynayardı. İlk ilidir, təbii ki, həyəcan, təcrübəsizlik, qərarları gec vermə, düşünmə sürəti aşağı olacaq. Buna vaxt lazımdır.

- Komandada kimləri fərqləndirərdiniz? Elə bir futbolçu var ki, əsas yığmaya qazandırmaq üçün ona xüsusi nəzarət edirsiniz?

- İnandırım sizi, komandanın oyunlara çıxan əsas üzvlərinin hamısını fərqləndirirəm. Bilmirəm, siz maraqlanmısınız ya yox, statistikaya görə, hazırda inkişaf edən üç komandadan biriyik. "Qarabağ”, "Sabah” bir də "Şamaxı”dır ki, futbolçuları sürətli inkişafdadır. Özümüzü tərifləmirəm, belə şeylə aram yoxdur. Bizi daha çətin 3 və 4-cü dövrələr gözləyir. Qış fasiləsindən sonra komandalar heyətini gücləndirəcək. Amma biz yerli futbolçu tapmaqda çox çətinlik çəkirik. Siyahımızda futbolçular var. Amma bəzilərinin klubla müqavilələləri davam edir, bəziləri gəlmək istəmir və ya icarəyə verilir. Çox çətin olacaq. Fərqləndirməkdən söhbət gedirsə, çətinlik çəkirəm. 10-11 futbolçunun hamısı inkişaf yolundadır. Mətbuatdan izləyirəm, ən çox adı çəkilən Fuaddır. Rəşada görə çox təəssüflənirəm ki, həqiqətən millidə çıxış etməyə qadirdir. Öz oyunu ilə sübut edir. Sonuncu dəfə çağırılmadı, ümid edək ki, növbəti təlim-məşq toplanışlarında millinin düşərgəsinə dəvət alacaq. İki futbolçumuz isə U-21-in üzvüdür, daim çıxış edir. Abdulla ilə Mirəlini nəzərdə tuturam. Sadəcə, onlar bu gün "Şamaxı”da heyətə düşməkdə çətinlik çəkir. Abdullaya zaman-zaman şans verilsə də, Mirəliyə çox imkan yarada bilmirik. Çünki onun çıxış etdiyi sol cinahda Fuad oynayır. Bu kimi fərqlər var. Hələ ki, istədiyimiz oyunu sərgiləyə bilmir.

- Qış fasiləsi ilə bağlı planlar necədir? Nəyi dəyişmək istəyirsiniz və ya dəyişəcəksiniz?

- Dəyişmək deyəndə, bizi ən çox narahat edən məsələ oyunu sonradan gücləndirə biləcək futbolçuların azlığıdır. Ehtiyatda oturanların əksəriyyəti təcrübəsizdir. Güclənmək mütləq lazımdır, ən azı 3-4 futbolçu cəlb etmək istəyərdik. İstər yarımmüdafiə, istərsə müdafiə xətti olsun. Nə yalan danışım, istədiklərimiz hazırkı duruma görə elə də sürətli inkişaf etmir ki, hansısa oyunçu ilə 100 faiz anlaşdığımızı deyim. Maraqlandığımız oyunçuların da öz klubları ilə müqaviləsi var. Çempionat başlamamışdan öncə ikinci komandanın olacağı ehtimalı sıfıra bərabər idi. Ona görə də 28 nəfər götürdük. Reqlamentə əsasən 30 futbolçu ola bilər. İki futbolçu üçün yer var. Əlavə icarəyə bir nəfər götürə bilərik. Buna da risk etmirik, istəyirik ki, birbaşa müqaviləyə gəlsinlər. Belə sıxıntılarımız var.

- "Şamaxı” bu templə hara qədər dözə bilər?

- Əsas odur ki, ilkin mərhələni keçmişik. Futbolçular başa düşüblər, özünəinam qazanıblar. Daim üzərlərində işləməlidirlər. Komanda yerli futbolçulardan komplektləşib deyə, bu haqda onlarla həddindən çox söhbətlərimiz olur. Özlərinə inansınlar, meydançamız var, rəhbərlik hər cür şərait yaradılıb. Özünü meydançada sübut etməlisən və bunun üçün yanaşmanı dəyişmək lazımdır. Bütün varlığınla bu sahəyə yönəlməlisən. Otaqda istirahət, yuxu, su rejimi, qidalanma, məşq prosesinə yanaşma, məşq proseslərində verilən tapşırıqları yerinə yetirmək, analizlərdə diqqətli olmaq və sair prosesləri biz onlara xırdalıqlarına qədər başa salırıq. Sağ olsun uşaqlar. başa düşürlər, diqqətlə qulaq asırlar, tapşırıqları yerinə yetirməyə çalışırlar. İnkişaf etmək istəyirlər. Əsas odur ki, cəhd edirlər. Düşünürük ki, davamı gələcək.

- Komandanın əksər üzvləri gəncdir. Adətən belə vəziyyətlərdə məğlubiyyət və ya hər hansı uğursuzluq olanda komanda ruhdan düşür, eniş başlayır. Bu məqam sizi narahat etmir ki? Komanda psixoloji baxımdan potensial uğursuzluqlara nə dərəcədə hazırdır?

- Belə hallar baş verməlidir. Futbol oynayırıq. Düzdür, hər kəs düşünür ki, üzərimizdə təzyiq yoxdur. Ancaq elə ən çox təzyiq bizim üzərimizdədir. Çünki mən prinsipial və tələbkar insanam. Qarşımıza məqsəd qoymuşuq. Klubun, futbolçuların öz məqsədi ola bilər. Məşqçinin də öz məqsədi olmalıdır. Hər zaman ona doğru addımlamaq lazımdır. Maksimum dərəcdə, məqsədini nə qədər tez özünə doğru çəksən, ona yetişə bilərsən. Şəraitimiz var, qalır futbol oynamaq. Belə hallar ilk dövrədə baş verdi. Şükürlər olsun ki, bunun altından yaxşı çıxdıq. Narahatlığımız olmadı. Əsas odur analiz zamanı məğlub olduğumuz oyunlardan nəticə çıxaraq. Nəyi düzgün edib-etmədiyimizi bilək. Bunun üzərində işləyirik. Əsas odur nə oynadığımızı, hansı yolda olduğumuzu dəqiq bilirik.

- "Şamaxı” üçün legioner transferi məsələsi qapalı qalır?

- Rəhbərlik tərəfindən də mətbuata açıqlandı ki, bu il legioner olmayacaq. Artıq qərar verilib. Bu haqda heç bir şey deyə bilmərəm. Biz də hörmətlə yanaşırıq. Yerlilərlə işləmək şəxsən mənim üçün daha maraqlıdır. Gələcəkdə ola bilsin, legioner də dəvət edək.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->