Xəbər lenti

CHP-də parçalanma: Siyasi
phrase_var_qaynar. 12:00 27.07.2026

CHP-də parçalanma: Siyasi "zəlzələ", yoxsa təşkilatlanma? (ŞƏRH)

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel daxil olmaqla, 91 deputatın partiyadan istefa verərək yeni siyasi təşkilat qurması ölkənin siyasi gündəmini kökündən dəyişib. 

Konfliktoloq Azər Hüseynov Qaynarinfo-ya müsahibəsində bildirib ki, Özgür Özelin CHP-dən ayrılaraq yeni partiya yaratması Türkiyə siyasətində "zəlzələ" deyil, müxalifətin yenidən təşkilatlanma və özünüqoruma cəhdidir. O, bu addımın Türkiyə solunun mövqelərini gücləndirmək məqsədi daşıdığını və hakim Ədalət və İnkişaf Partiyası (AKP) üçün yeni çağırışlar yaratdığını bildirib.

Ekspert hesab edir ki, baş verənləri Türkiyənin siyasi sistemi üçün "siyasi zəlzələ" kimi xarakterizə etmək düzgün deyil:

"Özgür Özelin rəhbərliyi ilə yeni partiyanın qurulması Türkiyə siyasətində ilk belə hadisə deyil. Cümhuriyyətçi düşərgə əvvəllər də bənzər parçalanma və yenidən formalaşma mərhələlərindən keçib. Ona görə də bu addımı sistem üçün sarsıdıcı dönüş nöqtəsi saymaq olmaz. Əksinə, proses daha çox cümhuriyyətçi qanadın özünüqoruma və yenidən toparlanma cəhdidir. Cümhuriyyətçi cinahda belə bir rəy var ki, Özgür Özelin CHP-dən ayrılması və Kamal Kılıçdaroğlunun yenidən rəhbərliyə qayıtması iqtidarın maraqlarına xidmət edən bir ssenari ola bilər. Məhz bu səbəbdən yeni partiyanın qurulması, Türkiyə solunun öz mövqelərini qorumaq və alternativ platforma formalaşdırmaq strategiyasıdır. Düşünürəm ki, bu proses yaxın perspektivdə Türkiyə siyasətinə ciddi təsir göstərəcək. Hətta növbəti mərhələdə cümhuriyyətçi düşərgənin hakimiyyət uğrunda mübarizədə mövqelərini gücləndirməsi də istisna deyil".
 


Azər Hüseynovun fikrincə, CHP-nin əsas müxalifət statusunun sarsılması onun tarixi rolunu heçə endirmir:

"CHP-nin siyasi səhnədən silinəcəyi barədə iddialar inandırıcı deyil. CHP Türkiyə Cümhuriyyətinin qurucu partiyasıdır və bu tarixi legitimlik ona sistemdə xüsusi yer təmin edir. Tarixi təcrübə göstərir ki, sonradan yaranan bir çox partiyalar konkret taktiki zərurətdən doğur. Həmin zərurət ortadan qalxdıqdan sonra köklü ənənəyə malik partiyalar yenidən ön plana çıxır. Bu baxımdan, CHP-nin mövcud böhranı aşaraq gələcəkdə öz siyasi çəkisini bərpa etmək potensialı kifayət qədər yüksəkdir".

Konfliktoloq vurğulayıb ki, yeni partiyanın əsas hədəfi müxalifəti parçalamaq yox, onu yeni dinamika ilə yenidən təşkilatlandırmaqdır:

"Hazırkı model ilə müxalifətin real alternativ olması və itirilmiş ictimai dəstəyi bərpa etməsi çətin görünürdü. Yeni partiya fərqli sosial və siyasi qrupları ortaq platformada birləşdirmək, müxalif seçiciyə yeni ümid vermək məqsədi daşıyır. Təşəbbüsün uğuru isə birbaşa cəmiyyətin reaksiyasından və partiyanın strukturlaşma qabiliyyətindən asılı olacaq".
 


Ekspertin fikrincə, yeni siyasi qüvvənin ortaya çıxması hakim AKP üçün də müəyyən çağırışlar və risklər vəd edir:

"Yeni partiya həm seçici səslərinin yenidən paylanmasına, həm də siyasi gündəliyin dəyişməsinə təsir edə bilər. Lakin bu təsirin real miqyası yeni hərəkatın təşkilatlanma  səviyyəsindən, seçici bazasını genişləndirmək bacarığından və digər müxalif qüvvələrlə əməkdaşlıq imkanlarından asılı olacaq. Yalnız bu amillər bəlli olduqdan sonra onun qarşıdakı seçki proseslərinə və siyasi balansa real təsirini dəqiq qiymətləndirmək mümkün olacaq".

Siyasət şöbəsi

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->