XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Çin rəqabəti Almaniya avtomobil nəhənglərini çətin vəziyyətə saldı
Dünya14:45 10.10.2026

Çin rəqabəti Almaniya avtomobil nəhənglərini çətin vəziyyətə saldı

Almaniyanın aparıcı avtomobil istehsalçılarının səhmləri qlobal bazarlardakı daralma, satış və mənfəətin azalması, yüksək istehsal xərcləri və Çin bazarında rəqabətin güclənməsi səbəbindən ilin əvvəlindən ciddi dəyər itirib.

Qaynarinfo xəbər verir ki, “Anadolu” agentliyinin məlumatına görə, ABŞ-ın gömrük tarifləri, enerji qiymətlərinin artması və geosiyasi böhranlar da Almaniya avtomobil sənayesinə təzyiqi artırır. Xüsusilə Çin istehsalçılarının bazardakı mövqelərini gücləndirməsi Almaniya markalarının satışlarına mənfi təsir göstərir.

İlin ilk yarısında Çində minik avtomobillərinin satışları “Mercedes-Benz”də 28 faiz, “Volkswagen”də 26 faiz, “BMW”də isə 20 faiz azalıb. Bu vəziyyət şirkətlərin maliyyə göstəricilərinə və birja dəyərinə də təsirsiz ötüşməyib. İlin əvvəlindən “BMW”nin səhmləri 43,33 faiz, “Volkswagen”in səhmləri 36 faiz, “Mercedes-Benz”in səhmləri isə 35 faiz ucuzlaşıb. “Porsche”nin səhmlərində də 9,79 faizlik azalma qeydə alınıb.

Maliyyə çətinlikləri şirkətləri xərcləri azaltmağa və iş yerlərini ixtisar etməyə vadar edir. “BMW” 2027-ci ilin sonunadək inzibati və tədqiqat-inkişaf sahələrində 8 min vəzifəni ləğv etməyi planlaşdırır. “Volkswagen” isə 100 min iş yerinin ixtisarı və Almaniyadakı dörd zavodun bağlanması planı ilə gündəmdədir. “Porsche” də 2035-ci ilədək Almaniyada işçi sayını 5 min nəfər azaltmağı nəzərdə tutur.

Almaniyanın İqtisadi Araşdırmalar İnstitutunun (Ifo) məlumatına əsasən, ölkənin avtomobil sektorunda biznes mühiti indeksi avqustda mənfi 22 bənd olduğu halda, sentyabrda mənfi 35 bəndə düşüb. Bu, sektorda vəziyyətin daha da pisləşdiyini göstərir.

Böhranın əsas səbəblərindən biri də istehsal xərcləri arasındakı fərqdir. Oliver Wyman şirkətinin təhlilinə görə, Almaniyada bir avtomobilin istehsalı üzrə orta əmək xərci 3 307 dollar olduğu halda, Çində bu göstərici 597 dollar, Meksikada isə 305 dollardır. Yüksək xərclər və qlobal rəqabət Almaniya istehsalçılarının istehsalı xarici ölkələrə köçürməsini sürətləndirir.

Qeyd edək ki, avtomobil sənayesi Almaniya iqtisadiyyatının əsas sahələrindən biridir. Sektorda yaşanan böhran yalnız şirkətlərin maliyyə vəziyyətinə deyil, məşğulluğa, ixracata və ölkənin ümumi iqtisadi göstəricilərinə də təsir edir.

Aydın