XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Kofeinsiz qəhvə beyinə necə təsir edir?
Sağlamlıq08:45 10.10.2026

Kofeinsiz qəhvə beyinə necə təsir edir?

Kofeinsiz qəhvə kofeinli içki ilə eyni dərəcədə ayıqlıq yaratmaya bilər, lakin onun beyin üçün bir üstünlüyü ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "ScienceAlert" yazıb.

Məlumata görə, neyrobioloqların apardığı yeni eksperiment zamanı kofeinsiz qəhvə içən iştirakçıların yaddaşla bağlı iki testdə nəticələri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Kofeinli qəhvə içənlərdə isə belə irəliləyiş müşahidə olunmayıb.

"Nature Communications" jurnalında dərc edilən araşdırmanın nəticələri göstərir ki, qəhvə içərkən beynimizə kofeindən başqa amillər də təsir edə bilər. Alimlər bunun bağırsaq mikroorqanizmləri ilə əlaqəli ola biləcəyini düşünürlər.

"Kofein qəhvənin yalnız bir hissəsidir. Qəhvə bağırsaq mikroorqanizmlərimiz, maddələr mübadiləmiz və hətta emosional rifahımızla qarşılıqlı əlaqədə olan qida rasionunun bir komponentidir. Nəticələrimiz göstərir ki, kofeinli və ya kofeinsiz qəhvə sağlamlığa fərqli, lakin bir-birini tamamlayan təsirlər göstərə bilər", – İrlandiyadakı Kork Universitet Kollecinin stress üzrə neyrobioloqu Con Kriyan bildirib.

Qəhvə mikrobioma necə təsir edir?

2013-cü ildə Kriyan və həmkarı Ted Dinan bağırsaq mikrobiomuna təsir edə bilən və beyinlə qarşılıqlı əlaqə vasitəsilə psixi sağlamlığı yaxşılaşdıra bilən probiotikləri təsvir etmək üçün "psixobiotiklər" terminini irəli sürüblər.

İndi Kriyan qəhvənin "bağırsaq-beyin" oxuna necə təsir göstərə biləcəyi ilə maraqlanır. Onun ehtimalına görə, səhər içdiyimiz qəhvənin faydaları kofeindən daha çox bağırsaq mikroorqanizmləri ilə əlaqəli ola bilər.

Qəhvənin tərkibində çoxsaylı bitki mənşəli birləşmələr, o cümlədən polifenollar var.

"Qəhvənin polifenollar vasitəsilə mikrobioma təsir edib-etmədiyini öyrənmək bizim üçün maraqlı idi", – Kriyan izah edib.

Kriyanın laboratoriyasında aparılan eksperimentdə qəhvə içən 31 nəfər iştirak edib. İştirakçılardan iki həftə ərzində hər gün içdikləri 3-5 fincan qəhvədən imtina etmələri istənilib. Nəticədə onların nəcis nümunələrində bağırsaq mikroorqanizmlərinin tərkibində əhəmiyyətli dəyişikliklər baş verib.

Daha sonra iştirakçıların yarısına kofeinsiz, digər yarısına isə kofeinli qəhvə verilib. İştirakçıların heç biri hansı içkini qəbul etdiyini bilməyib.

Araşdırma nə göstərib?

Üç həftə ərzində gündə dörd porsiya hazır qəhvə qəbuluna qayıtmaq, qəhvənin kofeinli olub-olmamasından asılı olmayaraq, bağırsaq mikrobiomunda kəskin dəyişikliklərə səbəb olub.

İştirakçılar yenidən qəhvə içməyə başladıqdan sonra subyektiv olaraq qəbul etdikləri stress, depressiya və impulsivlik səviyyəsinin də azaldığını bildiriblər. Bu təsir kofeinsiz qəhvə içənlərdə də müşahidə olunub.

"Bəzi koqnitiv təsirlər, immun sisteminə təsir, stressə təsir və bunların mikrobiomla əlaqəsi arasında aydın əlaqə var idi", – Kriyan deyib.

Bununla belə, yalnız kofeinli qəhvəyə qayıdış narahatlıq və psixoloji gərginliyin azalması, həmçinin diqqət və ayıqlığın yaxşılaşması ilə əlaqələndirilib.

Bu, kofeinin koqnitiv funksiyalara və əhval-ruhiyyəyə spesifik təsir göstərə biləcəyini göstərir. Digər araşdırmalar da buna bənzər nəticələr ortaya qoyub.

"Lakin yəqin ki, bizi ən çox təəccübləndirən o oldu ki, qəhvəni rasiona qaytardıqda kofeinsiz qəhvənin də həqiqətən maraqlı təsirlərini müşahidə etdik. Deməli, məsələ yalnız kofeindən ibarət deyil", – Kriyan əlavə edib.

Eksperiment zamanı kofeinsiz qəhvə içən iştirakçıların qəhvə yenidən rasionlarına daxil edildikdən sonra yaddaşla bağlı iki testdə nəticələri əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Testlər zamanı iştirakçılardan müəyyən sayda söz və məkanı öyrənərək yadda saxlamaları tələb olunub. Kofeinsiz qəhvə içən qrup sözlərlə bağlı testin bir neçə hissəsində nəticələrini yaxşılaşdırıb və məkanları yadda saxlama testində daha az səhvə yol verib.

Kofeinli qəhvə içən qrupda isə əhəmiyyətli yaxşılaşma müşahidə edilməyib.

Alimlər əlavə araşdırmalar aparılmadan bu nəticənin səbəbini yalnız ehtimal edə bilərlər. Onların fikrincə, qəhvədəki polifenollar bağırsaq mikroorqanizmlərini qidalandıra və orqanizmdə müəyyən daxili dəyişikliklər zəncirini işə sala bilər. Bu proses isə müəyyən şəkildə koqnitiv funksiyaların yaxşılaşmasına gətirib çıxara bilər.

Aydın