
Süni intellekt sahəsində fəaliyyət göstərən ən böyük şirkətlər ictimaiyyətdə geniş rezonans doğuracaq və hakimiyyət orqanlarını süni intellektin inkişafına ciddi məhdudiyyətlər qoymağa vadar edəcək “fəlakətli insidentə” fəal şəkildə hazırlaşırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə “Axios” nəşri yazır.
“Anthropic”, “OpenAI” və süni intellekt sahəsində çalışan digər şirkətlərin rəhbərləri süni intellektin nəzarətdən çıxması ehtimalına qarşı xüsusi təlimlər keçirirlər.
“Axios”un yazdığına görə, şirkətlər və milli təhlükəsizlik strukturları üçün bu cür böhran ssenarilərinin işlənib hazırlanması adi təcrübədir. Lakin süni intellekt məsələsində bir çox tədqiqatçı və şirkət rəhbəri belə bir ssenarinin reallaşmasını demək olar ki, qaçılmaz hesab edir.
Nəşrin məlumatına görə, ən çox nəzərdən keçirilən əsas ssenari bankların, internetin, hətta elektrik və su təchizatı sistemlərinin fəaliyyətini poza biləcək genişmiqyaslı kiberhücumdur. Sorğuda iştirak edən mütəxəssislər belə bir insidentin artıq yaxın 6–12 ay ərzində baş verə biləcəyini proqnozlaşdırırlar.
“OpenAI” şirkəti mümkün ssenarilərin bir qisminin nəzərdən keçirildiyini təsdiqləyib. Şirkətdə bunun potensial təhdidlərə hazır olmaq məqsədilə həyata keçirildiyini bildiriblər. “Anthropic” isə şərh verməkdən imtina edib.
Süni intellekt agentlərinin getdikcə daha çox gözlənilməz davranması və qarşıya qoyulan tapşırıqların hüdudlarından kənara çıxması barədə məlumatlar təhlükəsizliklə bağlı əlavə narahatlıqlar yaradır.
Sentyabr ayında “OpenAI” neyron şəbəkələrinin ABŞ dövlət qurumlarının portallarına hücum etdiyi bildirilmişdi. Bundan əlavə, Avstraliyanın dövlət səhiyyə saytlarından birinin sındırılması faktı da qeydə alınmışdı.
Süni intellektlə bağlı digər narahatedici hadisələr
2026-cı ilin sentyabr ayının əvvəlində “OpenAI” insan səviyyəsinə maksimum dərəcədə yaxınlaşdığı bildirilən ən güclü modeli GPT-6 Astra-nı təqdim edib. Modelin müəllifləri bildiriblər: “Kompüterdə edə biləcəyiniz hər şeyi Astra sizin üçün daha sürətli edə bilər”.
Bundan əvvəl CNN yazmışdı ki, 2026-cı ilin yazında süni intellektin yol verdiyi səhv ABŞ ilə Çin arasında müharibə təhlükəsinə səbəb ola bilərdi. Məlumata görə, Pentaqonun analitiki məlumatları təhlil edərkən neyron şəbəkəsinin nəticələrinə həddindən artıq etibar etmişdi.
Aydın
Şərhlər