Xəbər lenti

Çirklənmə təhlükəsiz həddən 22 dəfə yüksəkdir - Dünyanın ən pis havası olan şəhər
Dünya 20:10 10.04.2026

Çirklənmə təhlükəsiz həddən 22 dəfə yüksəkdir - Dünyanın ən pis havası olan şəhər

Hindistanın Loni şəhəri paytaxt Dehlidən avtomobillə bir saatdan da az məsafədə yerləşir. Lakin sürətlə böyüyən bu sənaye mərkəzi artıq "dünyanın ən çirkli hava keyfiyyətinə malik şəhəri” kimi paytaxtı geridə qoyub. 

Qaynarinfo xəbər verir ki, "IQAir" məlumatlarına görə, Lonidə hava çirkliliyi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi təhlükəsiz həddi 22 dəfə üstələyir. Şəhərdə hava o qədər çirklidir ki, sakinlər "burada nəfəs almaq belə çətindir" deyirlər.

Zavod tüstüləri, yol hərəkəti zamanı yaranan işlənmiş qazlar və tikinti tozları Loninin 700 min sakini üçün nəfəs almağı adeta dözümlülük sınağına çevirən zəhərli qarışıq yaradır. Ömrü boyu Loni şəhərində yaşamış 45 yaşlı Manoj Kumar vəziyyəti belə izah edib: "Öskürəyi bir kənara qoyun, burada nəfəs almaq belə çətindir".

Şəhər sakini Mohammad Mohmin Xan isə çirkliliyin qaçılmaz olduğunu bildirərək, hər dəfə xarab yollara çıxdıqda maska taxmaq məcburiyyətində qaldığını deyib: "Pis hava burada günün 24 saatı davam edir. Haraya getsəniz, qaçış yoxdur".

Ölümcül hissəciklər: PM2.5 təhlükəsi

Hava çirkliliyinin həyatı ciddi şəkildə təhdid etdiyi bir dövrdə "IQAir” hər il dünyanın ən çirkli ölkə və şəhərlərinin siyahısını açıqlayır.

Siyahı hazırlanarkən ən kiçik, lakin ən təhlükəli çirkləndiricilərdən biri olan incə hissəcik maddə – PM2.5 göstəricisi əsas götürülür. Ötən il Lonidə PM2.5-in orta konsentrasiyası 112.5 olub ki, bu da ÜST-nin təhlükəsiz həddindən 22 dəfə çoxdur.

Tənəffüs zamanı bu hissəciklər ağciyərlərin dərinliklərinə qədər daxil olaraq qan dövranına qarışa bilir. Bu isə astma, ürək və ağciyər xəstəlikləri, xərçəng və digər tənəffüs yolu problemləri ilə yanaşı, uşaqlarda idrak pozuntuları ilə də əlaqələndirilir.

Lonidə klinika işlədən həkim Anil Sinq son beş ildə tənəffüs problemləri ilə müraciət edənlərin sayında ciddi artım olduğunu bildirib: "Xüsusilə çox kiçik yaşlı uşaqlarda erkən mərhələli astma əlamətləri görürəm. Ətraf mühit amilləri burada əsas səbəblərdən biridir".



Xəstəliklər artır, hava təmizlənmir

"IQAir” məlumatlarına görə, ötən il dünyanın ən çirkli beş şəhərindən üçü Hindistanda yerləşib və Yeni Dehli yenidən dünyanın ən çirkli paytaxtı olub. 1,4 milyard əhalisi olan ölkədə çirkliliyin əsas mənbələri kimi nəqliyyat və sənaye emissiyaları, əkin sahələrinin yandırılması və tikinti tozları göstərilir.

Dekabr və yanvar aylarında Loni və Şimali Hindistanın digər şəhərləri qışın soyuq və quru dövründə çirkliliyin kəskin artması ilə üzləşir. Temperatur inversiyası adlı təbiət hadisəsi nəticəsində çirkli hava yer səthinə yaxın qalır və yuxarı qalxa bilmir

Ötən ilin aprel ayında Dehlidə baş verən güclü toz fırtınası da Loninin havasını daha da çirkləndirib və xüsusilə yaşlılar və uşaqlar üçün vəziyyəti ağırlaşdırıb.

Lonidə yaşayan ana Khushi Feroze bildirib ki, üç yaşlı oğlu tez-tez allergiya, öskürək və mədə infeksiyalarından əziyyət çəkir: "Evdə gündə iki-üç dəfə toz silməli oluruq. Hətta ən uzaq otaqda belə tozu görmək mümkündür”.



Davamlı çirklilik və həll yolları

Hindistan 2019-cu ildə "Təmiz hava proqramı”na başlayaraq 2025–2026-cı illərə qədər hissəcik maddələrin səviyyəsini 40 faiz azaltmağı hədəfləyib. Bu tədbirlərə kömür əsaslı elektrik stansiyalarına nəzarətin gücləndirilməsi, hava monitorinq sistemlərinin qurulması və biokütlə yanacağının qadağan edilməsi daxildir.

Bəzi şəhərlərdə irəliləyiş müşahidə olunsa da, mütəxəssislər nəzarət və koordinasiya çatışmazlığı səbəbindən prosesin ləng getdiyini bildirirlər. Ötən ilin oktyabrında Dehlidə havanı təmizləmək üçün həyata keçirilən "bulud toxumlama” eksperimenti isə uğursuz olub.

Hindistanın bu mübarizəsi milyardlarla dollar sərmayə hesabına hava çirkliliyini ciddi şəkildə azalda bilən qonşu Çinlə müqayisədə fərqli mənzərə yaradır. Digər tərəfdən, Pakistan şəhərləri də yüksək PM2.5 səviyyələri ilə seçilir və ölkə 2025-ci ildə dünyanın ən çirkli dövləti elan edilib.

Lonidə isə insanlar sadəcə rahat nəfəs almaq istəyir. Manoj Kumar deyib: "Son 40 ildə heç nə dəyişməyib”.

Bəziləri üçün yeganə çıxış yolu şəhəri tərk etməkdir. Khushi Feroze sözlərini belə yekunlaşdırıb: "Buradan uzaqlaşanda özümüzü daha yaxşı hiss edirik. Haraya getsəniz, bir təmizlik hiss olunur. Burada isə özümüzü yaxşı hiss etmirik”.

Qeyd edək ki, Loni 2024-cü ildə dünyanın ən çirkli şəhərləri siyahısında səkkizinci yerdə qərarlaşmışdı.

Aydın
--> -->