Daha aeroportdan şəhərə taksi sifariş edə bilməyəcəyik?
Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətində taksi sifarişlərinə məhdudiyyətin qoyulduğu iddia olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə iddia sosial şəbəkələrdə yayılıb.
Xəbərdarlığın "Uber", "Bolt" və tətbiqlə sifariş qəbul edən digər sürücülərə göndərildiyi bildirilir. Qeyd edilib ki, bu gündən hava limanı istiqamətinə taksi sifarişi mümkün olsa da, hava limanından şəhər istiqamətinə qəbul edilməyəcək. Məlumatda o da əlavə edilib ki, şirkət tərəfindən də sifarişlər olmayacaq.
Bəzi taksi sürücüləri "Xəzər Xəbər" bildirib ki, bu məlumatı eşidəndən hava limanından sifariş götürmürlər. Onlar hesab edirlər ki, belə qərarın qəbuluna səbəb hava limanındakı "London taksi"lərinə üstünlüyün verilməsi ola bilər.
Bəzi taksi sürücüləri isə bildirdilər ki, hava limanından sifarişlərə məhdudiyyətlə bağlı onlara məlumat verilməyib.
Məsələ ilə bağlı "Bolt"dan bildirilib ki, həftə ərzində rəsmi məlumatlarını ictimaiyyətə təqdim edəcəklər. "Uber"dən isə hələlik bu məsələ ilə bağlı şərh verə bilməyəcəkləri açıqlanıb.
Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanından isə qeyd edilib ki, hazırda aeroportda sərnişinlərin rahatlığını və xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə taksi xidmətlərinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Taksilərin hava limanı ərazisinə giriş və çıxışına hər hansı məhdudiyyət tətbiq olunmur: "Görüləcək işlərlə bağlı yeniliklər baş verdikcə ictimaiyyət rəsmi şəkildə məlumatlandırılacaq".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər