DÇ-2026: "Naharda nə yeyək" mübahisəsi Seneqalı necə çökdürdü?
2026-cı il Dünya Kubokuna böyük ümidlərlə yollanan Seneqal millisi iki oyundan sonra turnirlə vidalaşıb. Qərbi Afrika təmsilçisinin uğursuzluğunun arxasında bir sıra səbəblər göstərilir.
Qaynarinfo xəbər verir ki, bunlar arasında turnir öncəsi mükafat böhranı, baş məşqçi Pap Tiaunun ABŞ-a faktiki olaraq müqaviləsiz və işsiz statusunda gəlməsi, viza məhdudiyyətləri səbəbindən az sayda azarkeşin komandaya dəstək verə bilməsi kimi amillər yer alır. Lakin bütün bunlarla yanaşı, komandanın düşərgəsində yaşanan daha kiçik, amma təsirli problemlər də vəziyyəti ağırlaşdırıb.
Kənardan yemək sifarişi verildi
BBC-nin məlumatına görə, hazırlıq oyunlarından sonra komandanın uzun illər çalışmış aşpazı istefa verib. Onun yerinə tələsik tapılan yeni aşpaz futbolçular üçün sağlam qidalanma proqramına uyğun menyular hazırlayıb.
Lakin oteldə qalan federasiya rəsmiləri və onların yaxınları Seneqal mətbəxinə məxsus "Thieboudienne” (yağlı, ədviyyatlı, balıq və tərəvəzlə hazırlanan düyü yeməyi) və "Yassa” (toyuq yeməyi) tələb ediblər. Aşpaz isə bu istəyi qəbul etməyib.
Bundan sonra rəsmilər və qonaqları Nyu-York və ətraf ərazilərdəki Afrika restoranlarından otelə kütləvi şəkildə yemək sifariş etməyə başlayıblar. Beləliklə, Dünya Kuboku düşərgəsində komanda ilə eyni məkanda olan onlarca şəxs kənardan gətirilmiş yağlı yeməklərlə ziyafətlər təşkil edib.
Sadəcə yemək məsələsi deyil
Məsələ yalnız qida seçimi ilə məhdudlaşmayıb. Kənardan gətirilən yemək paketləri peşəkar hazırlıq mühitini pozub, komandanın tibbi heyətinin və baş məşqçi Pap Tiaunun narazılığına səbəb olub.
Keçmiş futbolçu Əl Haci Diuf da televiziya çıxışlarında vəziyyəti tənqid edərək bildirib: "Oyunçuların bu səs-küyə və qarışıqlığa ehtiyacı yoxdur".
Lakin xəbərdarlıqlar nəticə verməyib və komandanın uğursuzluğu ilə yekunlaşıb.
Norveçlilərin fərqli sevinc nümayişi
Norveç millisi isə Seneqal üzərində qələbədən sonra maraqlı sevinc nümayiş etdirib. Oyundan sonra futbolçular meydanın mərkəzində əyləşərək komanda kapitanı Martin Edeqorun ritm tutduğu balabanın müşayiəti ilə minlərlə azarkeşlə birlikdə "avarçəkmə” hərəkətləri ediblər.
Bu qeyri-adi sevinc Norveçin vikinq irsinə işarə kimi qiymətləndirilib. Hətta azarkeşlər matçdan əvvəl Nyu-Yorkun Tayms Meydanında bu səhnənin məşqini keçirərək diqqət çəkiblər.
Formalarda da vikinq izi
Norveç millisinin vikinq mədəniyyətinə bağlılığı yalnız qol sevincində deyil, forma dizaynında da özünü göstərir. Erlinq Holand və komanda yoldaşlarının formalarındakı ad və nömrələrin yazı üslubu qədim Skandinaviya run əlifbasından ilham alınaraq hazırlanıb.
Şərhçi Dünya Kubokundan uzaqlaşdırıldı
Türkiyə–Paraqvay oyununda baş verən hadisələrdən sonra Paraqvayın ABC telekanalının şərhçisi Xorxe Vera da gündəmə gəlib. Almironun Mert Müldürlə danışarkən ağzını örtməsinə görə qırmızı vərəqə almasını sərt tənqid edən Vera canlı yayımda hakim İvan Bartonu "oğru” adlandırıb, həmçinin FIFA prezidenti Canni İnfantino və CONMEBOL rəhbəri Alexandro Dominqesi təhqir edib.
Bu açıqlamalardan sonra FIFA intizam araşdırması başladıb və Veranın akkreditasiyasını ləğv edib. Televiziya kanalı üzr istəsə də, qərarın dəyişdirilməsi gözlənilmir.
Tarixə düşən yağışlı qarşılaşma
Fransanın İraqı 0:3 hesabı ilə məğlub etdiyi oyun da Dünya Kuboku tarixinə düşüb. Güclü fırtına, ildırım və leysan yağış səbəbindən qarşılaşmanın ikinci hissəsi iki saatdan çox gecikib.
Nəticədə oyun ümumilikdə dörd saat davam edib və Dünya Kuboku tarixində hava şəraiti səbəbindən ən uzun fasilə verilən matç kimi qeydə alınıb.
Maraqlıdır ki, turnuvada müzakirələrə səbəb olan üç dəqiqəlik su fasiləsi bu görüşün ikinci hissəsində tətbiq edilməyib. FIFA yalnız qısa açıqlama ilə "İkinci hissədə sərinləmə fasiləsi olmayacaq” deməklə kifayətlənib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər