Ekonomiks 17:50 16.06.2022

Deputat Mərkəzi Banka çağırış: "Uçot dərəcəsi artırılsın"

"Martın 18-də Azərbaycan Mərkəzi Bankı uçot faiz dərəcəsini 7.5-dən 7.75 faizədək yüksəldib. Dövlət Statistika Komitəsi bu ilin ilk 5 ayında inflyasiya səviyyəsinin 12,6 faiz olduğunu bəyan edib. Bu isə proqnozlaşdırılandan çoxdur. Bu kontekstdən Azərbaycanda uçot dərəcəsinə yenidən baxılıb artırılması məqsədəuyğundur".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov FED-in uçot faiz dərəcəsinin artırılması ilə bağlı qərarının Azərbaycana təsirlərini izah edərkən deyib. Deputat hesab edir ki, FED daxil olmaqla aparıcı mərkəzi bankların kəskin faiz artımları fonunda Azərbaycanda da uçot faiz dərəcəsinin inflyasiya tənzimləyici və valyuta bazarında stabilləşdirici funksiyasından daha aktiv şəkildə istifadə edilməsinə ehtiyac var:

"Qlobal inflyasiya fonunda əksər ölkələr faiz dərəcəsinin artırılması ilə bağlı qərar qəbul etməkdədilər. Dünən FED 1994-cü ildən bəri ən yüksək artıma qərar verdi. Avropa Mərkəzi Bankı da gələn ay keçiriləcək iclasında uçot dərəcəsinin 0.25 faiz bənd aralığında artırmaq niyyətindədir. May ayında avro zonada inflyasiya səviyyəsi son dekadaların tarixi rekordunu təzələyib: istehlak bazarında qiymətlər 8.1 faiz yüksəlib. Bununla yanaşı, Avropa İttifaqında iqtisadi artım faizi də azalmaqdadır. 2022-ci il üçün 3.7 faiz artım proqnozlaşdırılan avro zonada ÜDM-in il ərzində 2.8 faiz böyüyəcəyi gözlənilir. Uzun müddət uçot dərəcəsinə toxunmayan Avropa Mərkəzi Bankı da artıq bu alətdən istifadə etmək niyyətindədir”.

Vüqar Bayramov Azərbaycanda uçot faiz dərəcəsi Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra cəmi bir dəfə dəyişdirildiyini vurğulayıb.

Bahar Rüstəmli