Xəbər lenti

Azərbaycanda rəqabət mühitində vəziyyət necədir? - İqtisadçı əsas problemləri açıqladı
Ekonomiks14:27 14.10.2026

Azərbaycanda rəqabət mühitində vəziyyət necədir? - İqtisadçı əsas problemləri açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda keçirilən III Milli Rəqabət Forumunda Azərbaycanda rəqabət siyasətinin yeni mərhələsinin əsas hədəfləri açıqlanıb. Rəqabət Məcəlləsinin qüvvəyə minməsindən sonra ölkədə bazar münasibətlərinin tənzimlənməsi istiqamətində yeni hüquqi mexanizmlər formalaşıb. Bununla belə, rəqabət mühitinin nə dərəcədə yaxşılaşdığı, sahibkarların bazara çıxış imkanlarının genişlənib-genişlənmədiyi və yeni mərhələdə hansı dəyişikliklərin həyata keçirilməli olduğu müzakirə mövzusu olaraq qalır.

İqtisadçı Günay Hüseynova Qaynarinfo-ya açıqlamasında bildirib ki, rəqabət mühitinin qiymətləndirilməsi zamanı əsas diqqət şirkətlərin sayına deyil, onların bazara sərbəst daxil olmaq və istehlakçılar uğrunda mübarizə aparmaq imkanlarına yönəldilməlidir:

“Azərbaycanda rəqabət mühitinin qiymətləndirilməsi zamanı əsas məsələ bazarda fəaliyyət göstərən şirkətlərin sayı deyil, həmin şirkətlərin bazara sərbəst daxil ola bilməsi, başqa sözlə desək, süni maneələrin aradan qaldırılması, qiymət formalaşdırmaq və istehlakçı uğrunda mübarizə aparmaq imkanları nəzərə alınmalıdır.

Rəqabət Məcəlləsi ölkəmizdə 1 iyul 2024-cü ildə qüvvəyə minib. Bu da rəqabət münasibətlərinin hüquqi tənzimlənməsi baxımından mühüm addım oldu. Məcəllə inhisarçılığın məhdudlaşdırılması, dominant mövqedən sui-istifadənin qarşısının alınması və bazarda rəqabət qaydalarının qorunması üçün daha sistemli hüquqi baza yaratdı.

Lakin iqtisadi baxımdan qanunvericiliyin qəbul edilməsi ilə real rəqabət mühitinin formalaşması eyni proses deyil. Əsas nəticə sahibkarların bazara giriş imkanlarının genişlənməsi, qiymətlərin daha rəqabətli formalaşması və istehlakçıların seçim imkanlarının artması ilə ölçülməlidir. Xüsusilə idxaldan asılılıq, təchizat zəncirində vasitəçilərin rolu, bazar konsentrasiyası və kiçik sahibkarların iri iştirakçılarla rəqabət imkanları diqqət tələb edən məsələlərdəndir.

Buna görə də Məcəllənin tətbiqinin nəticələrini qiymətləndirərkən cərimələrin sayından daha çox bazarlardakı real dəyişikliklərə, yeni şirkətlərin fəaliyyətə başlamasına və rəqabət pozuntularının azalmasına diqqət yetirmək lazımdır”.

İqtisadçı rəqabət siyasətinin yeni mərhələsində formal nəzarətdən bazar mexanizmlərinin real sağlamlaşdırılmasına keçidin vacibliyini vurğulayıb:

“Digər əsas məsələ isə odur ki, rəqabət siyasətinin yeni mərhələsi dedikdə konkret olaraq hansı dəyişikliklərin nəzərdə tutulmasıdır. Rəqabət siyasətinin yeni mərhələsi, düşünürəm ki, formal nəzarətdən bazar mexanizmlərinin real sağlamlaşdırılmasına keçidi nəzərdə tutmalıdır.

İlk növbədə, bazarlarda rəqabətin səviyyəsi müntəzəm təhlil edilməli, yüksək konsentrasiyanın olduğu sektorlar müəyyən edilməli və qiymətlərin formalaşmasına təsir edən amillər araşdırılmalıdır. Qiymət artımının hər bir halını inhisarçılıqla əlaqələndirmək, əlbəttə ki, düzgün olmazdı. Burada tələb, təklif, idxal xərcləri və logistika kimi amillər də nəzərə alınmalıdır.

Digər bir mühüm məqam isə kiçik və orta sahibkarlıqla əlaqədardır. Başqa sözlə desək, kiçik və orta sahibkarlığın bazara giriş imkanlarının genişləndirilməsi məsələsidir. İnzibati maneələrin azaldılması, dövlət satınalmalarında iştirak imkanlarının artırılması və bütün sahibkarlar üçün bərabər şərtlərin təmin edilməsi rəqabətin güclənməsinə şərait yarada bilər.

Başqa bir mühüm məqam kartel razılaşmalarına, bazarın bölüşdürülməsinə və dominant mövqedən sui-istifadəyə qarşı nəzarətin gücləndirilməsidir. Eyni zamanda, iri şirkətlərin birləşmələrinin bazar strukturuna mümkün təsirləri əvvəlcədən qiymətləndirilməlidir”.

Günay Hüseynovanın sözlərinə görə, rəqabət siyasətinin səmərəliliyi konkret iqtisadi göstəricilər əsasında qiymətləndirilməlidir:

“Nəticə etibarilə rəqabət siyasətinin nəticələri konkret iqtisadi göstəricilərlə ölçülməlidir, yəni bazara daxil olan yeni şirkətlərin sayı, bazar konsentrasiyasının dinamikası, dövlət satınalmalarında iştirakçıların sayı və istehlakçılar üçün qiymət-keyfiyyət nisbətinin dəyişməsi nəzərə alınmalıdır.

Yekun olaraq hesab edirəm ki, sağlam rəqabət mühiti məhsuldarlığın, investisiyaların və iqtisadi səmərəliliyin artmasının əsas şərtlərindən biridir. Rəqabət siyasətinin məqsədi yalnız inhisarçılıq hallarını cəzalandırmaq deyil, elə iqtisadi şərait yaratmaqdır ki, sahibkar üstünlüyü bazara çıxış imkanları hesabına deyil, daha keyfiyyətli məhsul, daha aşağı xərc və innovasiya hesabına qazansın.

Əlbəttə ki, qanunun tələbləri pozularsa, lazımi cəza tədbirləri görüləcək və həm məhsulun keyfiyyətinin yüksəldilməsi, həm də rəqabət mühitinin yaxşılaşdırılması istiqamətində ciddi nəzarət həyata keçiriləcək”.

Günay İlqarqızı