Xəbər lenti

Azərbaycandan qonaqpərvər ölkə yoxdur - Bəs beynəlxalq reytinqlər nə deyir?
Ekonomiks15:42 14.10.2026

Azərbaycandan qonaqpərvər ölkə yoxdur - Bəs beynəlxalq reytinqlər nə deyir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropanın ən qonaqpərvər şəhərlərinin 2026-cı il üzrə siyahısı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, “Condé Nast Traveller” nəşrinin reytinqinə əsasən, Portuqaliyanın Porto şəhəri Avropanın ən qonaqpərvər şəhəri seçilib. Ölkənin paytaxtı Lissabon ikinci, Niderlandın Amsterdam şəhəri isə üçüncü yerdə qərarlaşıb.

Azərbaycanda tez-tez “Biz çox qonaqpərvər xalqıq” ifadəsini eşidirik. Bəs bu iddia gündəlik həyatımızda nə dərəcədə özünü doğruldur? Azərbaycanın beynəlxalq qonaqpərvərlik reytinqlərində hansı mövqedə qərarlaşması hansı meyarlardan asılıdır?

İqtisadçı Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, qonaqpərvərlik Azərbaycan cəmiyyətində tarixən formalaşmış ənənələrdən biridir:

“Qonağa hörmət etmək, evə gələn insanı süfrəyə dəvət etmək, onun rahatlığını düşünmək milli-mədəni dəyərlərimizin bir hissəsidir. Ancaq burada bir məqamı fərqləndirmək lazımdır, qonaqpərvərlik ənənəsinin mövcudluğu ilə bütövlükdə cəmiyyətin hər şəraitdə qonaqpərvər davranması eyni şey deyil. Biz özümüzü qonaqpərvər xalq hesab edə bilərik, amma bu iddianın nə dərəcədə əsaslı olduğunu qiymətləndirmək üçün təkcə ənənələrimizə deyil, real davranışlarımıza da baxmalıyıq”.

Ekspert bildirib ki, qonaqpərvərlik yalnız evdə qonağa yemək vermək, süfrə açmaq və hörmət göstərməklə ölçülmür:

”Bu xüsusiyyət yad insanlarla münasibətdə, küçədə, ictimai nəqliyyatda, mağazada, restoranda və xidmət sahələrində də özünü göstərməlidir. Əgər evimizə gələn qonağa böyük hörmət göstərir, amma gündəlik həyatda tanımadığımız insanlarla kobud davranır, xidmət göstərərkən əlavə qazanc əldə etməyi əsas məqsədə çevirir və ya turistlərin məlumatsızlığından istifadə ediriksə, deməli, qonaqpərvərlik anlayışımızın müəyyən məhdudiyyətləri var”.

Akif Nəsirli əlavə edib ki, qonaqpərvərlik yalnız azərbaycanlılara məxsus xüsusiyyət deyil:

“Dünyanın bir çox xalqlarının öz qonaq qarşılama ənənələri var. Bəzi cəmiyyətlərdə qonağa evdə xüsusi diqqət göstərilir, digərlərində isə insanın şəxsi məkanına hörmət etmək və ona rahat şərait yaratmaq qonaqpərvərliyin əsas forması hesab olunur. Buna görə də qonaqpərvərliyi yalnız öz adət-ənənələrimizlə ölçüb başqa xalqlarla müqayisə etmək obyektiv nəticə vermir”.

İqtisadçının sözlərinə görə, Azərbaycanın beynəlxalq qonaqpərvərlik reytinqlərində hansı mövqedə qərarlaşması həmin siyahıların hazırlanmasında istifadə olunan meyarlardan asılıdır:

“Məsələn, bəzi reytinqlərdə turistlərin yerli əhali ilə ünsiyyət təcrübəsi və mehriban münasibətlə bağlı təəssüratları, digərlərində isə ölkəyə vizasız giriş imkanları qiymətləndirilir. Bunlar tamamilə fərqli göstəricilərdir. 2017-ci ildə yayılan reytinqlərdən birində Azərbaycanın 87-ci yerdə göstərilməsi də qonaqpərvərliyin deyil, əsasən, neçə ölkə vətəndaşının vizasız səfər edə bilməsinin qiymətləndirilməsi ilə bağlı idi. Məncə, əsas problem özümüzü qonaqpərvər xalq adlandırmağımızda deyil, bu anlayışı bəzən yalnız milli qürur məsələsi kimi təqdim etməyimizdədir. Həqiqi qonaqpərvərlik özünü tərifləməklə deyil, insanlarla davranışla sübut olunur. Turistin ölkəmizdən xoş təəssüratla ayrılması, ona düzgün məlumat verilməsi, xidmətlərə görə ədalətli qiymət tələb olunması, təhlükəsizliyinin və rahatlığının təmin edilməsi qonaqpərvərliyin real göstəriciləridir”.

“Azərbaycandan qonaqpərvər ölkə yoxdur” fikrinə münasibət bildirən iqtisadçı bunu daha çox emosional və milli qürura əsaslanan ifadə, obyektiv şəkildə sübut olunmuş fakt olmayan yanaşma kimi qiymətləndirib:

“Azərbaycan xalqının qonaqpərvərlik ənənələri var və bunu inkar etmək düzgün olmaz. Ancaq ənənələrin mövcudluğu bütün insanların həmişə qonaqpərvər davranması demək deyil. Biz həqiqətən qonaqpərvər xalq olmaq istəyiriksə, bunu yalnız evimizdəki süfrə ilə deyil, gündəlik münasibətlərimizdə, ictimai davranışımızda və ölkəmizə gələn hər bir insana göstərdiyimiz rəftarda da nümayiş etdirməliyik”.

Qeyd edək ki, “Condé Nast Traveller” nəşrinin 2026-cı il üzrə reytinqinə əsasən, Avropanın ən qonaqpərvər 15 şəhəri aşağıdakılardır:

1. Porto, Portuqaliya
2. Lissabon, Portuqaliya
3. Amsterdam, Niderland
4. Stokholm, İsveç
5. Valletta, Malta
6. Edinburq, Şotlandiya
7. Vyana, Avstriya
8. Krakov, Polşa
9. Palma, İspaniya
10. Qranada, İspaniya
11. Genuya, İtaliya
12. Kork, İrlandiya
13. Paris, Fransa
14. Roma, İtaliya
15. Reykyavik, İslandiya

Bahar Rüstəmli