Xəbər lenti

Dünya bunlardan danışdı: İyul ayına damğa vuran beş qeyri-adi hadisə
Dünya 13:27 31.07.2026

Dünya bunlardan danışdı: İyul ayına damğa vuran beş qeyri-adi hadisə

İyul ayında dünyada siyasi və iqtisadi hadisələrlə yanaşı, insanların təəccübünə və marağına səbəb olan bir sıra qeyri-adi olaylar da yaşanıb.

Qaynarinfo həmin hadisələri təqdim edir:

Yaponiyada iş yerində şort geyinilməsi müzakirə yaratdı



Tokio Böyükşəhər Bələdiyyəsi yay istilərini nəzərə alaraq işçiləri kostyum və qalstuk əvəzinə köynək, idman ayaqqabısı və şort kimi daha rahat geyimlərdən istifadə etməyə təşviq edib.

Lakin tətbiqdən bir neçə ay sonra bəzi qadın əməkdaşlar kişi həmkarlarının ayaq tüklərini görməkdən narahat olduqlarını bildirərək bunu "ayaq tükü narahatlığı" kimi qiymətləndiriblər.

Bələdiyyə rəsmisi Noboru Vatanabe isə əsas məqsədin insanlara isti havalarda daha çox geyim seçimi təqdim etmək olduğunu bildirib.

Ayı 1700 kök yedi



Yaponiyanın Hokkaydo prefekturasında bir ayının kök plantasiyasına girərək təxminən 1700 kökü yediyi güman edilir.

Polisin məlumatına görə, ərazidə qonur ayıya məxsus ayaq izləri və nəcis aşkarlanıb ki, bu da hadisənin vəhşi heyvan tərəfindən törədildiyi ehtimalını gücləndirir.

Argentinada pilot uçuş zamanı təyyarədən tullandı



Argentinanın Toledo şəhərində uçuş təlimi keçirən pilot hərəkətdə olan təyyarədən tullanaraq həyatını itirib.

Təyyarədə olan kursant hava gəmisini təkbaşına endirməyə müvəffəq olub.

Prokurorluğun məlumatına görə, hadisədən sonra 42 yaşlı təlimatçı Leandro Andres Bertatsonun meyiti tapılıb. Hadisənin səbəbləri araşdırılır.

"İnsan soyutma kabinəsi" hazırlandı



Yay aylarında artan istilərlə mübarizə məqsədilə Yaponiyada "Do Hiemon Box" adlı soyutma kabinəsi təqdim edilib.

Bir nəfərlik kabinənin daxilində temperatur 15 dərəcə Selsidə saxlanılır və istifadəçinin baş, boyun, çiyin və bel nahiyəsinə soyuq hava üfürülür.

Şirkət bildirir ki, məhsul xüsusilə açıq havada çalışan insanlar üçün nəzərdə tutulub və isti vurmasının təsirlərini azaltmağa kömək edə bilər.

"Pitbull" pərəstişkarları Ginnesin Rekordlar Kitabına düşdü



Böyük Britaniyada keçirilən "Pitbull" konsertində 22 min 141 tamaşaçı sənətçini təqlid etmək üçün keçəl görünüş yaradan baş örtükləri taxaraq "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Müğənni çıxışı zamanı azarkeşlərinə təşəkkür edərək, bu mənzərənin onun üçün unudulmaz olduğunu və hisslərini sözlə ifadə edə bilmədiyini söyləyib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->