Xəbər lenti

Dünya 13:52 13.03.2024

Dünyada heç vaxt belə bir şey olmayıb: Afrikada minlərlə temperatur rekordu qırıldı

Afrikada bir gündə minlərlə temperatur rekordu qırılıb. Belə bir hal dünyada heç vaxt görülməyib. 

Qaynarinfo bu barədə "The Watchers"ə istinadla xəbər verir.

Nəşrin məlumatına görə, fövqəladə isti hava dalğası martın 11-də Afrikada çoxsaylı temperatur rekordlarının qeydə alınması ilə nəticələnib. Kamerundan tutmuş Mavrikiyə qədər olan ölkələr mart ayında görünməmiş istilərlə üzləşib.

"Şimaldan cənuba və qərbdən şərqə demək olar ki, hər ölkədə rekordlar qırılıb. İqlim tarixində dünyanın heç bir yerində belə bir şey olmayıb", - klimatoloq və meteoroloji tarixçi Maksimiliano Herrera bildirib.

Onun sözlərinə görə, bu, iqlim tarixinin ən qeyri-adi hadisəsidir. "Bu gün baş verənlər nəsillərin yaddaşında qalacaq. Dünya iqlim tarixində heç bir hadisə belə buna yaxın deyil", - alim bildirib.

Beləliklə, Kamerunda təəccüblü +45,5 °C temperatur qeydə alınıb - bu, mart ayının ən isti günü üçün yeni milli rekorddur. Qanada temperatur +43,8 °C-ə çatıb ki, bu da mart ayı üçün milli rekorda çevrilib.

Nigerdə demək olar ki, bütün monitorinq stansiyalarında aylıq rekordlar qırılıb: temperatur +45 °C-ə yüksəlib.

Burkina Faso da ölkə daxilində aylıq ən yüksək göstəriciləri qeyd edib.

Mali tarixində ən isti gününü qeyd edib, Bugunidə temperatur +44°C-ə çatıb, Komor adaları isə +36.1°C temperaturla rekord dərəcədə ən isti gününü qeyd edib. 

Herreranın sözlərinə görə, Cənubi Afrika, Namibiya və Botsvanada da yüzlərlə rekordun qırılıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?