Xəbər lenti

Siyasət 14:00 05.04.2024

Dünyanın 3 böyük dövlətinə qarşı son illər belə cəsarətli çıxış dünya tarixində nadirdir

(Yazı Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb) 

Vaxtilə bu və ya digər dövlətin müstəmləkəsi altında olan ölkələrin böyük qismi artıq müstəqil dövlət olsalar da, hələ də dünyada müəyyən qədər müstəmləkə ölkəsi qalır. Müasir dünyada müstəmləkəçilik siyasətini davam etdirən əsas ölkə isə Fransadır. 

Paris Korsika adası, Yeni Kaledoniya və bir sıra digər yerlərdə neokolonializm siyasəti yürütməkdə davam edir. Fransa həmin ərazilərdə yaşayan yerli xalqların hüquqlarını tapdalayır, onların mədəniyyətini məhv edir. 

Belə bir vəziyyətdə son dövrlər Korsika və Yeni Kaledoniyanın yerli əhalisi arasında neokolonializmə qarşı azadlıq mübarizəsi də artmaqdadır. Hansı ki, onların bu mücadiləsinə Azərbaycan dövlətinin neokolonializmə qarşı apardığı ardıcıl mübarizəsi mühüm töhfə verib. Məhz son illər Azərbaycan dövlətinin səyləri nəticəsində bir sıra beynəlxalq təşkilatlarda, xüsusən də Qoşulmamaq Hərəkatında neokolonializmi pisləyən qətnamə və qərarlar qəbul edilib. Hansı ki, Azərbaycanın atdığı bu addımlar nəticəsində Korsika və Yeni Kaledoniya kimi Fransız müstəmləkələrində yerli əhalinin müstəmləkəçilərə qarşı mübarizəsi daha intensiv və ardıcıl xarakter almağa başlayıb.  

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında politoloq Abutalıb Səmədov qeyd edir ki, Azərbaycan dövləti hətta bir sıra böyük dövlətlərin edə bilmədiyinə cəsarət edərək, neokolonializm siyasətinə qarşı mübarizə açmaqla dünyadanın diqqətini özünə cəlb etməyi bacarıb: 

"İkinci Qarabağ müharibəsinin ilk günlərində Minsk Qrupunun həmsədr ölkələri bəyanatla çıxış edərək, Bakıdan qəti şəkildə tələb etdilər ki, Azərbaycan Ermənistanın kəndlərimizi artileriya atəşinə tutmasına cavab olaraq başladığı əks-hücumu dayandırsın. Ona cavab olaraq Azərbaycan Prezidenti dünyanın bu üç dövlətinə qarşı cəsarətlə çıxış edərək bildirdi ki, həmin böyük dövlətlər nə desələr, səhv olaraq dərhal icra olunmalı olduğunu düşünürlər. Dünyanın 3 böyük dövlətinə qarşı belə cəsarətli çıxış etmək son illərin dünya tarixində nadir hadisədir. Bundan sonra, Azərbaycan Prezidenti Qoşulmama Hərəkatı Təşkilatının lideri kimi Fransanın Afrikada törətdikləri vəhşiliklərə dünyanın diqqətini çəkdi. Öz iqtisadi gücünə görə dünyada hardasa 90-cı yerdə olan bir dövlətin rəhbəri, başqalarının, hətta iri dövlətlərin rəhbərlərinin edə bilmədiyinə cəsarət edərək, Fransanı neokolonializmdə, əvvəlki tək başqa xalqları istismar etməkdə günahlandırdı. Azərbaycan Prezidenti dünyanın diqqətini Fransanın Afrikada törətdiyi vəhşiliklərə, habelə Yeni Kaledoniya və Korsikanın yerli xalqlarına qarşı istismarçı siyasətinə yönəltdi və Parisin bu əməllərinə görə üzr istəməli olduğunu dedi. Bu açıqlaması ilə Prezident Fransanın törətdiyi vəhşilikləri, milyonlarla günahsız insanları qırmasını, hətta onların kəllə sümüklərini toplayıb muzeydə yerləşdirməsini, Afrika ölkələrinin sərvətlərini daşıması, insanlara olmazın işgəncələr verməsini də xatırlatdı. Son illər heç bir dövlət Fransanı neokolonializmdə ittiham etmirdi. Bu da Fransanın Avropa Birliyinin aparıcı dövləti olması ilə bağlı idi”. 
 
 

Həmsöhbətimiz qeyd edir ki, Azərbaycan Prezidenti Fransanın neokolonializm siyasətindən əziyyət çəkən xalqların müdafiəsinə qalxmaqla həmin xalqlar üçün bir xilaskar rolunu oynadı, onları müstəmləkəçiliyə qarşı yeni mübarizəyə ruhlandırdı:

"Bu yaxınlarda Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyinə qarşı yerli xalqın ayağa qalxması bunun bariz nümunəsidir. Azərbaycan Prezidentinin bu istiqamətdə sərgilədiyi mövqe dünyanın bir daha bu məsələyə diqqət yetirməli və neokolonializmə birdəfəlik son qoyulmasının vacibliyini ortaya qoydu. Bu istiqamətdə ilk addımı Azərbaycan atdı. Belə bir humanist addımın arxasınca gəlmək artıq digər dövlətlər və onların liderlərinin vicdan borcudur. Ancaq bunun üçün onlar özlərində cəsarət və ləyaqət tapmalıdır”.

Rüfət Sultan
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->