İtaliyanın aparıcı bank qrupu "Intesa Sanpaolo" dünyanın ən qədim bankı hesab edilən "Banca Monte dei Paschi di Siena" ilə birləşmə təklifi irəli sürüb. Siena şəhərində 1472-ci ildə əsası qoyulan bankın dəyəri 30,6 milyard avro olaraq qiymətləndirilib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Mümkün birləşmə İtaliya bank sektorunda indiyədək ən böyük sövdələşmə ola bilər və nəticədə Avrozonada ikinci ən böyük bank qrupu yaranacaq. Yeni qurum aktivlərinə görə İspaniyanın Santander bankından sonra ikinci yerdə qərarlaşacaq və Fransa "BNP Paribas" və İtaliyanın "UniCredit" banklarını geridə qoyacaq.
Yeni bank qrupunun bazar kapitalizasiyasının təxminən 126 milyard avro olacağı bildirilir. Təklifdə "Monte dei Paschi" səhmlərinin son bağlanış qiymətinə 12,5% əlavə mükafat da nəzərdə tutulur.
"Intesa Sanpaolo"nun baş direktoru Karlo Messina bu təklifi "səhmdarlar üçün dostyana” addım kimi xarakterizə edib və razılaşmanın dekabr ayına qədər tamamlanacağına ümid etdiyini bildirib.
Məlumata görə, Milan birjasında "Monte dei Paschi" səhmləri 11,78% bahalaşıb, "Intesa Sanpaolo" səhmləri isə 2,82% ucuzlaşıb.
Aydın
Şərhlər