Xəbər lenti

Ekspert xəbərdarlıq edir: Tətildən qayıdarkən çomadanınızı yoxlayın
Dünya 17:16 05.05.2026

Ekspert xəbərdarlıq edir: Tətildən qayıdarkən çomadanınızı yoxlayın

Tətildən qayıtdıqdan sonra bəzi turistlər çamadanlarını dərhal boşaldıb paltarları yumağa atır, digərləri isə günlərlə bunu təxirə salır. Lakin hər iki halda çoxları evə "istənməyən qonaqların” daxil olmasının qarşısını ala biləcək vacib bir addımı unudur.

Qaynarinfo "The Mirror"a istinadən xəbər verir ki, zərərvericilərlə mübarizə şirkəti "ThermoPest"in təsisçisi Ceyms Rodes turistlərə evə qayıdan kimi çamadanlarını diqqətlə yoxlamağı tövsiyə edir. Onun sözlərinə görə, bu sadə vərdiş xüsusilə yay mövsümü ərəfəsində daha da önəm kəsb edir.

Ekspert bildirir ki, isti havalarda taxtabitilər daha fəal olur və daha tez-tez qidalanmağa ehtiyac duyur:

"Onlar lazım olan nəmi qandan alır. İsti və rütubətli yay şəraiti isə dişləmələr üçün ideal mühit yaradır. İnsanlar daha nazik geyimlərdən və yataq örtüklərindən istifadə etdiyinə görə, taxtabitilərlə onların qida mənbəyi, yəni insan arasında olan baryer zəifləyir”.

Mütəxəssisin sözlərinə görə, taxtabitilər çox vaxt çamadanlarda və paltarlarda gizlənərək evə gətirilir. Evə düşdükdən sonra isə sürətlə yayılırlar. Buna görə də erkən aşkarlama və profilaktika olduqca vacibdir.

Ekspert riskləri azaltmaq üçün bir sıra tövsiyələr verir:

Otellərdə və kirayə mənzillərdə əşyaları açmazdan əvvəl döşəyin tikişlərini, çarpayının başlığını və yumşaq mebelləri yoxlayın. Pas rəngli xırda ləkələr və ya qabıq qalıqları taxtabitilərin əlaməti ola bilər.

Çamadanı otaqda yerə qoymaq əvəzinə, daha hündür rəflərdə saxlayın.

Paltarları əlavə qorunma üçün çamadan daxilində hermetik paketlərdə yerləşdirin.

Ceyms Rodes xüsusilə vurğulayır ki, evə qayıtdıqdan dərhal sonra tədbir görmək vacibdir:

Paltarları dərhal yüksək temperaturda yuyun;
Çamadanı həm içəridən, həm də çöldən diqqətlə yoxlayın;
Ciblər, tikişlər və astar hissələrinə xüsusi diqqət yetirin;
Tünd ləkələr, qabıq qalıqları və ya canlı həşəratlar kimi əlamətləri izləyin.

Onun sözlərinə görə, tez-tez səyahət edənlər üçün bu prosesi vərdişə çevirmək problemləri erkən mərhələdə aşkarlamağa kömək edir.

Mütəxəssislər həmçinin turistlərə məsləhət görür ki, tətildən qayıtdıqdan sonra çamadanlarını birbaşa yataq otağında açmasınlar. Çünki "gizli qonaqlar” məhz burada daha rahat yayılır.

Daha əvvəl yayılan tövsiyələrdə isə qeyd olunurdu ki, uzunmüddətli səfərə çıxmazdan əvvəl evin düzgün hazırlanması qayıdış zamanı xoşagəlməz sürprizlərin qarşısını ala bilər.

Günay
--> -->