“Azərbaycanda bal istehsalının inkişafı strateji əhəmiyyət kəsb edir. Bu sahənin inkişaf etdirilməsi çox vacibdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq deputat Əli Əlirzayev Azərbaycan balının Avropa ölkələrinə ixracı ilə bağlı qərarı şərh edərkən deyib.
O bildirib ki, ixrac imkanlarının genişləndirilməsi üçün ilk növbədə arıçılığın inkişafına diqqət yetirilməlidir:
“Bu, regionlarda arıçılığın inkişafına, yeni iş yerlərinin yaradılmasına, fermer təsərrüfatlarının və bütövlükdə kənd təsərrüfatının inkişafına imkan verəcək. Arıçılıqla məşğul olan ailələrin bu sahəni inkişaf etdirmək potensialı var. Bunun üçün rayonlarda əlverişli şərait mövcuddur. Təbiətin imkanlarından, ağacların çiçəklərindən və digər təbii resurslardan istifadə etmək mümkündür”.

Sabiq deputatın fikrincə, arıçılığın və arıçılıq məhsullarının Avropa ölkələrinə ixracı Azərbaycan üçün mühüm iqtisadi əhəmiyyət daşıyır:
“Ölkədə istehsal olunan məhsulların ixracı həm dövlətə, həm də fermerlərə əlavə gəlir gətirə bilər”.
Əli Əlirzayev Azərbaycan balının Avropa bazarında tanıdılması məsələsinə də toxunub. O bildirib ki, yerli bal həm daxili, həm də xarici bazarlarda keyfiyyətinə görə seçilir:
“Azərbaycan balının xarici bazarlarda alıcısı çoxdur. Balımızın Avropa bazarına çıxması iqtisadi əlaqələrin daha da genişlənməsinə səbəb ola bilər. Bu sahə böyük gəlir gətirə bilər. Üstəlik, arıçılığın inkişafı üçün tələb olunan xərclər digər sahələrlə müqayisədə yüksək deyil və burada əsasən təbii imkanlardan istifadə olunur”.
Qeyd edək ki, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı” açıqlanıb.
Proqramda Azərbaycanda istehsal olunan arıçılıq məhsullarının, o cümlədən balın xarici ölkələrə, xüsusilə Avropa İttifaqı ölkələrinə ixracı üçün müvafiq icazələrin alınması istiqamətində işlərin aparılması nəzərdə tutulur.
Bahar Rüstəmli
Şərhlər