Xəbər lenti

Enerji böhranı: Geosiyasətə keçən yeni güc ölçüsü (ŞƏRH)
Dünya 15:21 29.04.2026

Enerji böhranı: Geosiyasətə keçən yeni güc ölçüsü (ŞƏRH)

"Hörmüz boğazının bağlanması səbəbindən Türkiyənin əlavə xərcləri, neftin qiymətindən asılı olaraq, 13,6 milyard dollardan 24 milyard dollara qədər yüksələ bilər". Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib. 

Nazir jurnalistlərə açıqlamasında böhranın ölkə iqtisadiyyatına təsirini rəqəmlərlə ifadə edib: "Böhran bizə aşağıdakı şəkildə təsir edə bilər. Əgər neftin qiyməti orta hesabla 100 dollar (bir barel üçün) səviyyəsində qalarsa, bu, ilin sonuna qədər əlavə 13,6 milyard dollar xərc deməkdir. Qiymət 125 dollar olarsa, xərclər 24 milyard dollara qədər artacaq. Bunlar sırf əlavə xərclərdir".

Alparslan Bayraktarın sözlərinə görə, Hörmüz boğazındakı böhran səbəbindən Türkiyə xəzinəsi təxminən 600 milyard türk lirəsi (təxminən 13,3 milyard dollar) məbləğində vergi gəlirindən məhrum ola bilər. 

Beləliklə, Hörmüz boğazı ətrafında gərginliyin artması qlobal enerji sistemini yenidən "köhnə dövrlərin məntiqinə” qaytarır. Bu məntiq isə 1973 və 1979-cu illərdə yaşanan neft böhranlarının formalaşdırdığı struktur risklərə çox bənzəyir. Enerji sadəcə iqtisadi resurs deyil, həm də geosiyasi silahdır. 

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar tərəfindən açıqlanan rəqəmlər - 13,6 milyard dollardan 24 milyard dollara qədər əlavə xərc - bu günün qlobal iqtisadiyyatında neft şoklarının necə birbaşa fiskal zərbəyə çevrildiyini göstərir. Halbuki 1970-ci illərdə eyni tip şoklar daha çox inflyasiya və sənaye istehsalının çökməsi ilə ölçülürdü. Burada əsas fərq ondan ibarətdir ki, 1973 və 1979-cu illərdə OPEC mərkəzli qiymət və təchizat manipulyasiyası əsas risk idi, bu gün isə fokus Hörmüz boğazı kimi fiziki tranzit nöqtələrinə yönəlib. Yəni risk  artıq istehsal deyil, logistika üzərindən formalaşır. 1973-cü il neft böhranında ərəb ölkələrinin embarqosu ABŞ və Avropada dərin tənəzzül yaratmışdı.

1979-cu il İran inqilabından sonra isə təchizat zəncirində kəskin qırılma qlobal qiymətləri ikiqat artırmışdı. Bu gün isə oxşar mexanizm daha sürətli işləyir-bazarlar saniyələr  içində reaksiya verir, kapital axınları isə dərhal enerji riskini qiymətə çevirir. 

Türkiyə nümunəsində diqqət çəkən ikinci məqam fiskal təzyiqdir. Təxminən 600 milyard TL-lik potensial vergi itkisi göstərir ki, müasir neft böhranları artıq təkcə enerji qiyməti problemi deyil, eyni zamanda dövlət büdcələrinin dayanıqlığını birbaşa sarsıdan maliyyə riskidir. 1970-ci  illərdə belə təsir daha gecikmiş və dolayı şəkildə hiss olunurdu. 

Siyasi şərhçilərin fikrincə, bu vəziyyət Türkiyəni  iki paralel təzyiq altında saxlayır-xarici asılılıqdan doğan enerji qiymət şoku daxili fiskal sistemin enerji importuna həssaslığı artırır. Bu isə 1970-ci illərlə müqayisədə yeni bir fərqi ortaya qoyur. Həmin dövrdə əsas problem "neft tapmaq” idi, bu gün isə "nefti hansı qiymət və hansı təhlükəsizlik rejimində almaq”dır. 

1970-ci illərdə Süveyş böhranı və neft embarqoları necə qlobal ticarət xəritəsini dəyişmişdisə, bu gün də oxşar risklər enerji marşrutlarının yenidən dizaynını gündəmə gətirir. 

Ümumi nəticə ondan ibarətdir ki, Hörmüz  ətrafındakı hər hansı eskalasiya 1970–80-ci illərin neft şoklarına bənzər, lakin daha sürətli və daha maliyyəleşmiş bir qlobal təsir zənciri yaradır. 

Türkiyə nümunəsi isə bu yeni mərhələnin mahiyyətini açır. Enerji böhranı artıq təkcə iqtisadi hadisə deyil, birbaşa dövlətlərin maliyyə və siyasi sabitliyini ölçən geosiyasi göstəriciyə çevrilib.

Siyasət şöbəsi
--> -->