Siyasət 13:51 02.04.2023

Ermənistan Putini həbs etməyəcək: "Bu, Azərbaycana qarşı istifadə üçün nəzərdə tutulub"

"Ermənistanın Rusiya prezidenti Vladimir Putini həbs edib, Haaqa məhkəməsinə təhvil vermək fikri yoxdur. Roma Statusunun ratifikasiyası tamamilə fərqli məqsədlər güdürdü". 

Qaynarinfo xəbər verir ki, bunu "Armenpress” agentliyinə müsahibəsində Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan deyib.

O qeyd edib ki, Beynəlxalq Cinayət Məhkəməsinin təsis olunması haqqında əsasnamə olan Roma Statusunun ratifikasiyası barədə qərar Ermənistan hakimiyyəti tərəfindən hələ 2022-ci ilin dekabrında verilib. İrəvan bu beynəlxalq münasibətlər alətindən Azərbaycanla qarşıdurmada istifadə etmək niyyətindədir.

Arşakyanın sözlərinə görə, Ermənistan Konstitusiya Məhkəməsi dekabrda həmin statusun ratifikasiyasının legitimliyini yoxlamağa başlayıb. Ermənistanın əsasnamənin ratifikasiyası ilə bağlı yekun qərarının BCM-nin Putinin həbsinə order vermək qərarı ilə üst-üstə düşməsi İrəvanda təsadüfi hadisə kimi qiymətləndirilir.
 


"Konstitusiya Məhkəməsinin qərarı heç bir məsələdə heç kimi təqsirli hesab etmir və kiminsə həbsi üçün addımlar atmağı tələb etmir", deyə Arşakyan bildirib.

Vitse-spiker vurğulayıb ki, Putin Ermənistana səfər etmək istəyərsə, hakimiyyətin onu həbs etmək niyyəti və ya istəyi olmayacaq. Arşakyanın sözlərinə görə, dünən İrəvan başqa bir dövlətlə Roma əsasnaməsinin onların ikitərəfli münasibətlərinə təsir etməyəcəyinə dair müqavilə imzalayıb. Eyni müqavilə Rusiya Federasiyası ilə də imzalana bilər:

"Bir şey aydındır: biz Rusiya Federasiyasının ifadə etdiyi narahatlıqları eşitmişik və düşünürəm ki, Roma nizamnaməsi ilə bağlı gələcək prosesin təmin edilməsinin Ermənistan və Rusiya arasında strateji münasibətlərə xələl gətirməməsini təmin edə biləcəyik".

Qeyd edək ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi ukraynalı uşaqları Rusiyaya zorla deportasiya etdiyinə görə Vladimir Putinin beynəlxalq həbsinə order verib. Nəzəri olaraq, bu order Roma Statusuna qoşulmuş istənilən ölkə tərəfindən yerinə yetirilməlidir.

Sərəncamın verilməsindən bir həftə sonra Ermənistan Konstitusiya Məhkəməsi Roma Statusunu ratifikasiya edib və bir çoxları bunu Rusiyaya siqnal kimi qiymətləndirib. Ermənistanda hakim partiyadan olan deputat Qaqik Melkonyan bildirib ki, indi Putinin ölkəyə səfər etməməsi daha yaxşıdır, əks halda hakimiyyət onu həbs etməli olacaq.

Onu da qeyd edək ki, Roma Statusu Beynəlxalq Cinayət Məhkəməsinin təsis olunması haqqında əsasnamədir və 1999-cu ildə yaradılıb. Bu məhkəmə insanlıq və bəşəriyyətə qarşı törədilən cinayətlər əleyhinə tribunal rolunu oynayır. Nürnberq tribunalının daimi fəaliyyət göstərən bir forması kimi nəzərdən keçirilir. Onun əsasnaməsı Roma şəhərində imzalandığından Roma Statusu adlanır. Əksər ölkələr bu sənədi imzalayaraq, təsdiq edib. Hüquqi cəhətdən, Roma Statusunu təsdiq edən dövlətlər əsasnaməyə uyğun olaraq insanlıq əleyhinə cinayət törətmiş şəxslərin həbs orderini yerinə yetirməlidirlər. 
 

Aydın