Kanadanın Britaniya Kolumbiyası Universitetinin tədqiqatçıları bəyan edirlər ki, riyazi baxımdan kainat kompüter simulyasiyası ola bilməz.
Qaynarinfo xəbər verir ki, bu barədə "Interesting Engineering" nəşri yazır.
İllərdir həm filosofları, həm də alimləri valeh edən "biz böyük bir kompüter simulyasiyasının içində yaşayırıq” ideyası, "Matrisa” filmindəki kimi, yeni tədqiqatla ciddi şəkildə sual altına alınıb.
Alimlərin izahına görə, əgər reallıq simulyasiya olsaydı, onun daxilində kompüter proqramları kimi dəqiq alqoritmik qanunauyğunluqlar mövcud olmalı idi. Lakin aparılan hesablamalar göstərir ki, kainatda baş verən çoxsaylı proseslər hesablanmaz xarakter daşıyır və sonlu qaydalar və ya formullar toplusu ilə təsvir edilə bilməz.
Simulyasiya olunmuş kainat ideyası əsas məhdudiyyətlə üzləşir: onun mövcud ola bilməsi üçün tam müəyyən və təkrarlana bilən bir sistem olması vacibdir. Lakin müşahidə etdiyimiz reallıq qeyri-müəyyənlik və sonsuz mürəkkəblik elementləri daşıyır, bu isə hər hansı kodun imkanlarını aşır.
"Bəzi strukturları və kainatın qanunlarını nə qədər güclü kompüter olsa da, modelləşdirmək mümkün deyil", deyə tədqiqat müəllifləri qeyd edirlər.
Beləliklə, simulyasiya nəzəriyyəsi riyazi baxımdan sınaqdan keçmir. Bizim yaşadığımız dünya istənilən süni koddan qat-qat mürəkkəb və dərin quruluşa malikdir.
Aydın
Şərhlər