Xəbər lenti

FED-in protokolları açıqlandı: Faizlər azaldılacaq?
Dünya 18:04 10.07.2025

FED-in protokolları açıqlandı: Faizlər azaldılacaq?

FED rəsmilərinin əksəriyyəti bu il pul siyasəti faizinin endirilməsinin məqsədəuyğun ola biləcəyini hesab etsə də, bəzi rəsmilər inflyasiya risklərinə görə faiz endiriminin düzgün olmadığını düşünür.

Qaynarinfo xəbər verir ki, FED-in 17–18 iyun tarixlərində keçirilmiş Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasına dair protokollar yayımlanıb.

Gözləntilərə uyğun olaraq faiz dərəcəsinin 4,25–4,50% diapazonunda sabit saxlandığı bu iclasın protokollarında FED rəsmilərinin ticarət, maliyyə, miqrasiya və tənzimləmə siyasətlərindəki dəyişikliklər səbəbilə ABŞ iqtisadiyyatında qeyri-müəyyənliyin yüksək olduğunu düşündüyü qeyd olunur.

Protokollarda real ÜDM artımı və məşğulluq proqnozları ətrafındakı risklərin hələ də aşağı istiqamətli olduğu qiymətləndirilsə də, resessiya riskinin əvvəlki qədər yüksək olmadığı vurğulanır.

Gömrük rüsumları yuxarı inflyasiya riski yarada bilər

FED rəsmiləri gömrük rüsumlarının qiymətlər üzərində yuxarı istiqamətli təzyiq yarada biləcəyini qeyd ediblər, lakin bir çox rəsmilərin fikrincə bu təsirin son məhsul qiymətlərinə əks olunması zaman alacaq.

Protokollarda deyilir: "Rəsmilərin əksəriyyəti gömrük rüsumlarından qaynaqlanan inflyasiya təzyiqinin müvəqqəti və ya cüzi ola biləcəyini, orta və uzunmüddətli inflyasiya gözləntilərinin sabit olduğunu və ya iqtisadi fəaliyyət və əmək bazarında müəyyən zəifləmə ola biləcəyini qeyd edərək, bu il federal fond dərəcəsinin hədəf diapazonunda müəyyən endirimin ehtimal ki, uyğun olacağını qiymətləndirmişdir”.

Bəzi rəsmilərin, göstəricilər gözləntilərə uyğun inkişaf edərsə, növbəti iclasda faiz endirimini nəzərdən keçirməyə açıq olduğu bildirilsə də, digər bəzi rəsmilər inflyasiyaya dair yuxarı istiqamətli risklər və iqtisadiyyatın dayanıqlı qalacağı gözləntiləri səbəbilə bu il faiz endiriminin uyğun olmayacağını hesab edib.

Protokollarda həmçinin qeyd olunur ki, bəzi rəsmilər federal fond faizinin hazırkı hədəf aralığının neytral səviyyədən çox yüksək olmaya biləcəyi barədə fikir bildirib.

FED-in növbəti iclası 29–30 iyul tarixlərində keçiriləcək.
 
Günay

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->