Xəbər lenti

100 min dollar iddiası, qalmaqallı mesajlar - Trampın səfiri vəzifədən getdi
Dünya13:19 14.10.2026

100 min dollar iddiası, qalmaqallı mesajlar - Trampın səfiri vəzifədən getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Afinadakı səfiri Kimberli Qilfoyl barəsində irəli sürülən müxtəlif iddialardan sonra vəzifəsindən getməyə məcbur edilib.

Qaynarinfo xəbər verir ki, Ağ Evin sözçüsü Keyti Zəkariya çərşənbə axşamı jurnalistin məsələ ilə bağlı sualını cavablandırarkən Qilfoyldan istefasının tələb edildiyini açıqlayıb.

“Səfir Qilfoyldan istefasını tələb etdik. O, komandamız üçün çox dəyərli bir şəxs idi və ona gələcək fəaliyyətində uğurlar arzulayırıq”, deyə Zəkariya bildirib.

Sözçü qərarın səbəbləri ilə bağlı əlavə məlumat verməyib. Qısa müddət sonra Qilfoyl da “X” sosial şəbəkəsində paylaşım edərək istefasını təsdiqləyib.

Sızdırılan mesajlar

“Wall Street Journal” qəzetinin iddialarına görə, Qilfoyl ABŞ Prezidenti Donald Trampa yaxınlığı ilə tanınan ianəçi Erik Detersdən ona 100 min dollar göndərməsini istəyib. Qəzet 57 yaşlı səfirin bu məbləği “American Express” qarşısında olan borclarını ödəmək üçün tələb etdiyini irəli sürüb.

Qilfoyl isə ona qarşı irəli sürülən ittihamları rədd edib və dərc olunan mesajların həqiqiliyini qəbul etməyib.

“Yunanıstan hökumətini də devirə bilərik” eyhamı

Qilfoyl ötən ilin sentyabrından etibarən ardıcıl şəkildə gündəmə gələn iddiaların mərkəzində olub.

“Wall Street Journal”ın daha əvvəl dərc etdiyi xəbərdə səfirin qəbul mərasimlərindən biri zamanı Yunanıstanın nazirinə ABŞ-ın istədiyi istənilən hökuməti devirə biləcəyini söylədiyi iddia edilmişdi.

Səfir barəsində, həmçinin Yunanıstanda fəaliyyət göstərən tikinti və enerji şirkətinin kommersiya maraqlarını dəstəklədiyi barədə iddialar irəli sürülüb. Xəbərdə həmin şirkət üçün çalışan lobbiçinin xüsusi diplomatik görüşlərdə iştirakına icazə verildiyi də bildirilirdi.

Tramp iddialardan narazılığını ifadə edib

Qilfoylun vəzifəsindən ayrılması ilə bağlı qərar ABŞ Konqresində onun barəsindəki iddiaların araşdırılmasına dair çağırışların artdığı bir vaxta təsadüf edib.

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı jurnalistlərin məsələ ilə bağlı sualını cavablandırarkən Qilfoylun fəaliyyətini tərifləyib. Bununla belə, iddialara münasibət bildirən Tramp “Oxuduqlarımızdan xoşumuz gəlmədi” deyib.

Qeyd edək ki, Qilfoyl Trampın böyük oğlu Donald Tramp kiçiklə keçmişdə nişanlı olması səbəbindən prezidentin yaxın çevrəsində tanınan şəxslərdən biri hesab edilir.

Aydın